"Prezidentin həllini vacib hesab etdiyi konkret məqamlar var" - MÜNASİBƏT BİLDİRİLDİ

"Rusiya sülhməramlılarının fəaliyyəti üçün ilkin hüquqi baza Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidentinin 10 noyabr üçtərəfli Bəyanatı hesab edilir. Sənədin 4-cü və 6-cı maddələrində sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməsi, səlahiyyət müddəti və fəaliyyət istiqaməti ilkin formatda müəyyən olunub". Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, bölgədə mövcud olduğu bir ilə yaxın müddət ərzində sülhməramlıların fəaliyyəti cəmiyyətdə birmənalı qarşılanmayıb: "Zamanla bir çox istiqamətlərdə sülhməramlıların fəaliyyət istər ictimai səviyyədə, istər ali dövlət rəhbərliyi səviyyəsində tənqid edilib. Bu narazılıq xüsusən, sülhməramlıların ermənilərə münasibətdə öz üzərinə protektor funksiyası götürmək, icazəsiz humanitar fəaliyyətlə məşğul olması kimi yersiz fəaliyyətlərindən qaynaqlanıb. Lakin, Prezident İlham Əliyevin İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində də qeyd etdiyi kimi bütün proseslərin fonunda dəyərləndirsək, rəsmi Bakı ümumilikdə bu fəaliyyətdən məmnundur. Bu məmnunluğun kökündə dayanan ilk amil bəzi xırda insidentlər istisna olmaqla bölgədə stabil vəziyyətin qorunması ilə bağlıdır. Lakin dövlət başçısının həllini vacib hesab etdiyi konkret məqamlar var".

Deputat sözlərinə belə davam edib: "Məsələn, cənab İlham Əliyev beynəlxlaq hüququn prinsiplərini və özümünüzün suveren haqlarımızı rəhbər tutaraq Qarabağa səfər edən bəzi əcnəbilərin hələ də bizim ərazimizə, Rusiya sülhməramlılarının olduğu yerlərə qanunsuz daxil olmalarından narazıdır. İndi, əgər bu məsələlər ali səviyyədə dilə gətirilirsə deməli rəsmi Moskva sülhməramlı komandanlığın fəaliyyətində bu istiqamətdə korrektələr etməlidir. Eyni zamanda kontingent komandanlığı qarşısında tələb qətiləşdirilməlidir ki, sülhməramlılarının məsuliyyət zonasında olan ərazilərimizə hansısa əcnəbinin səfər etməsi üçün ilk növbədə Azərbaycandan icazə alınmalı olduğunu reallığı təmin olunsun".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə