"Hərbi əməkdaşlıq özünün ən yüksək səviyyəsini yaşayır" - HƏRBİ EKSPERT MÖVQE BİLDİRDİ

"Hazırda Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq özünün ən yükək səviyyəsini yaşayır. Naxçıvanda ordu quruculuğu sahəsində görülən işlərdə də Türkiyə silahlı qüvvələri çox böyük dəstək verib. Biz bu dəstəyi heç zaman unatmarıq. Bu dəstəyi biz daim yüksək qiymətləndirmişik. Muxtar Respublikada hazırda Türkiyə ilə Azərbaycan arasında keçirilən “Sarsılmaz qardaşlıq-2021” təlimləri də bu əməkdaşlığın davamı və Türkiyə Azərbaycan arasındakı birliyin, dostluğun, qardaşlığın göstəricisidir". Bunu SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, hazırda keçirilən tədbirə Türkiyənin və Azərbaycanın motoatıcı xüsusi təyinatlı komando və digər qoşun növlərinin hissə və bölmələri cəlb olunub. Bu təlimlər 2019-cu ildən yalnız Azərbaycanda keçirilir. Bu təlimlərin əsas məqsədi qardaş ölkə qərərgahlarının müştərək döyüş əməliyyatları planlarının hazırlanması, şəxsi heyətin peşekarlıq səviyyəsinin artırılması, onların tapşırıqları birgə yerinə yetirmə vərdişlərinin inkişaf etdirilməsi ilə bölmələrimizin qarşılıqlı fəaliyyətlərinin koordinasiyasına nail olmaqdır.

Ədalət Verdiyev bu haqda fikrini belə izah edib: "Təlimlərin ssenarisinə görə ilk öncə bölmələr həyəcan siqnalı ilə qaldırıldı və təlim rayonlarına çıxarıldı. Onların ərazidə yerləşməsi, döyüş əmrinin alınması, komandir heyətlərinin, qərargahlarının döyüş fəaliyyəti, güc strukturları arasında qarşılıqlı əlaqənin təşkili və döyüş tapşırıqlarının, praktiki olaraq həyata keçirilməsi ərazidə keçirildi. Təlimlərə cəlb edilən qüvvə və vasitələrin sayı rəsmən açıqlanmasa da biz orada minlərlə şəxsi heyyətin, yüzlərlə tank, zirehli texnikaların, eyni sayda müxtəlif çaplı raket qurğularının, artileriya vasitələrinin, reaktiv yaylım atəşi sistemlərinin, bir neçə təyyarə, helikopter və pilotsuz uçuş aparatlarının istifadə edildiyini viziual olaraq müşahidə edə bildik. Hesab edirəm ki, burada silahlanmaya yeni daxil edilmiş, lakin hələ ictimaiyyətə açıqlanmayan bəzi silahların da ilk dəfə döyüşə yaxın şəraitdə tətbiqi də baş tutmuşdur.

İran tərəfindən bəzi əsassız bəyanatların səsləndirilməsi fonunda, Ermənistanın da zaman-zaman birgə bəyanatların icrasından bu və ya digər şəkildə yayındığı bir vaxtda Türkiyə ilə Azərbaycan arasında keçirilən “Sarsılmaz qardaşlıq-2021” birgə döyüş təlimlərinin əhəmiyyəti kifayət qədər böyükdür. Bu təlimlər Şuşa bəyannaməsinin iki qardaş bir ordu konsepsiyasının praktiki olaraq həyata keçirilməsinin və hər iki qardaş ölkələrin bir-birinə daim hərbi-siyasi yardım verəcəklərinin aşkar nümayişidir".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...