"Təlim döyüş hazırlığı biliklərinin mübadiləsinə xidmət edir" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ

"Artıq ənənə halını almış Azərbaycan-Türkiyə silahlı qüvvələrinin müvafiq hərbi birləşmələrinin mərhələli şəkildə təlimləri ordular arasında inteqrasiyaya, döyüş hazırlığı biliklərinin mübadiləsinə xidmət edir". Bunu SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.

Onun sözlərinə görə, təbii ki, təlimlərin taktiki əhəmiyyəti ilə yanaşı, həm də hərbi-siyasi əhəmiyyəti var. Adından göründüyü kimi təlim iki dövlət arasında əlaqələrin nə qədər möhkəm, nə qədər sıx və yaxın olduğunun nümunəsidir.

Ramil Məmmədli bu haqda fikrini belə izah edib: "Bu həm də region dövlətlərinə, regionda baş verən dəyişikliklərə, regionda baş verə biləcək hər hansı hadisəyə birgə reaksiyanın da bir təzahürüdür. Regionda sülh və əmin-amanlığın bərpa olunmasında bu tip təlimlərin əhəmiyyəti olduqca vacibdir. Dgər tərəfdən bir məqam da var. Ümumiyyətlə Naxçıvan bölgəsi həssas bölgə olduğuna görə, həmin bölgədə ordu birliyinin daha operativ, daha sürətli olması olduqca vacibdir. Bu istiqamətdə, əlbəttə ki, Türkiyə ordusu ilə birgə tədbirlər, layihələr reallaşdırılır. Bu tədbirlərdən biri də davamlı hərbi təlimlərin keçirilməsidir. Adından da göründüyü kimi döyüş atışlı bu təlimlərdə məqsəd silahlı qüvvələrin birgə effektiv tədbir görməsi ilə bağlıdır".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə