“Təlimlər bölgədə sülhün və təhlükəsizliyin təmininə yönəlib” - HƏRBİ EKSPERT MÜNASİBƏT BİLDİRDİ

“Naxçıvanda “Sarsılmaz qardaşlıq-2021” Azərbaycan və Türkiyə birgə taktiki təlimləri Azərbaycan-Türkiyə Silahlı Qüvvələrinin peşəkarlığını, yüksək döyüş hazırlığını göstərir". Bu sözləri SİA-ya açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.

Polkovnik qeyd edib ki, məhz Azərbaycanla Türkiyənin birgə səyləri bu gün regionda dayanıqlı sülh və sabitliyin əsas qarantı rolunda çıxış edir: “Bildiyiniz kimi, Azərbaycan 44 günlük Vətən müharibəsində erməni işğalçılarını məğlub etməklə bütövlükdə erməni faşizminə böyük zərbə vurdu, onun bölgədə möhkəmlənmək, özünə yeni dayaqlar tapmaq cəhdlərini darmadağın etdi. Bu, dövlətimizin, Ali Baş Komandanımızın bütövlükdə region və dünya qarşısındakı mühüm xidmətlərindən biridir. Məhz Azərbaycanın Vətən müharibəsindəki qalibiyyətindən sonra bölgədə sabitlik bərpa olundu. Erməni vandalizminin, davamlı terror cəhdlərinin qarşısı alındı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.

Qardaş Türkiyə Respublikası Vətən müharibəsi gedişində də öz mövqeyini açıq şəkildə ortaya qoydu və Azərbaycanı həm mənəvi, həm də diplomatik platformada qəti şəkildə dəstəklədi. Bu gün də Azərbaycan və Türkiyənin birgə səyləri regionda sabitliyin, stabilliyin, inkişafın qarantı, bazisi rolunda çıxış edir. Bunu bütün region dövlətləri, qlobal güclər və beynəlxalq təşkilatlar da anlamalı, Azərbaycan və Trükiyənin sülhpərvər siyasətini dəstəkləməlidirlər”.

Sədr müavini bu təlimlərin ordularımızın yüksək döyüş hazırlığının qorunub saxlanılması baxımından önəminə də diqqət çəkdi: “Şübhəsiz, bu cür təlimlər həm Azərbaycan, həm də Türkiyə ordusunun döyüş hazırlığının qorunub saxlanılması, onun peşəkarlığının daha da artırılması baxımından da mühüm əhəmiyyətə malikdir. Bu təlimlər hər iki ordunun yüksək döyüş hazırlığına malik olduğunu göstərir. Naxçıvandakı hərbi təlimlər sübut edir ki, Azərbaycan ordusu Vətən müharibəsində sərgilədiyi yüksək döyüş hazırlığını qoruyub saxlamaqda və uğurla inkişaf etdirməkdədir.

Onu da qeyd edim ki, hər zaman olduğu kimi bu dəfə də Azərbaycan-Türkiyə brigə təlimləri hər hansı üçüncü bir dövlətə qarşı yönəlməyib və heç kim üçün təhdid təşkil etmir. Ancaq buna baxmayaraq, Azərbaycan və Türkiyəyə düşmən olan məkrili qüvvələr bu təlimlərdən nəticə çıxarmalı və anlamalıdırlar ki, həm Azərbaycan, həm də Türkiyə onlara yönəlik istənilən təhlükəni neytrallaşdırmağa qadirdir və şanlı Vətən müharibəsi bu gerçəyin ən böyük isbatıdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə