"Avropa İttifaqı öz addımı haqda ciddi düşünməlidir" AÇIQLAMA

"30 illik işğal dövründə Ermənistan doğma torpaqlarımızı tamamilə dağıdıb və talan edib. Ermənilər işğal müddətində ancaq terrorçuluqla, talanla məşğul olublar. Müharibdən zərər görən məhz Azərbaycandır. Çünki Qarabağda dağıdılan şəhər və kəndlər Azərbaycan torpaqlarıdır. Mən düşünürəm ki, Avropa İttifaqının nümayəndəsi mütləq Ağdamı görməlidir. Nəinki Ağdamı, viran qalan bütün ərazilərimizə səyahət edib, sonra ayırdıqları vəsaitin Ermənistan nə üçün sərf edəcəyini başa düşsünlər". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşviq Cəfərov deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı öz addımı haqda ciddi düşünməlidir və ədalətli olmalıdır: "Daha dəqiqi, bu qurum ədalətli olmağa, ikili standartlardan uzaq olmağa borcludur. İşğaldan azad olunan torpaqların bərpası ilə bağlı milyardlarla vəsait tələb olunur. Avropa İttifaqının Azərbaycana 150 milyon avro, Ermənistana 2,6 milyard avro yardım ayırması təşkilatın bitərəfliyini şübhə altına alır. Avropa İttifaqının Ermənistana 2.6 milyard avroluq yardım paketinin ayrılacağının elan olunması o deməkdir ki, Avropa İttifaqı Ermənistanı açıq-aşkar dəstəkləyir".

Deputat sözlərinə belə davam edib: "Avropa İttifaqı Ermənistana 2.6 milyard avro yardım etməklə infrastruktur, ətraf mühit, nəqliyyat və islahatları dəstəkləmək niyyətini bildirib.

Qeyd edim ki, Ermənistanın Avropa İttifaqından aldığı yardımlar 2019-2020-ci illərdə iki dəfə artıb və illik 65 milyon avroya çatıb. Ermənistan xaricdən aldığı yardımları iqtisadi inkişafa istiqamətləndirmir. Son Vətən müharibəsində Azərbaycan Ermənistanın 4 milyard dollarlıq silah-sursatını zərərsizləşdirdi, ermənilərin müdafiə istehkamlarına xərclədikləri yüz milyonlarla dollar dəyərində sərmayə batdı, ən azı 300 milyon dollarlıq mina xərcləri də faydasız oldu.

Xüsusi olaraq qeyd edim ki, inkişaf üçün Ermənistana sülh müqaviləsi, həmçinin Azərbaycan və Türkiyə ilə əlaqələr yaratmaq lazımdır. Silah-sursata sərf olunacaq maliyyə yardımı Ermənistanı nə xilas edəcək, nə də inkişaf etdirəcək".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə