"Azərbaycan 44 günlük savaşda işğala son qoymaqla..." - AÇIQLAMA

"Vətən müharibəsindəki zəfərimiz yalnız Azərbaycanın Ermənistan üzərində qələbəsi kimi qiymətləndirilməməlidir. Bu qələbə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında regionda bütövlükdə şər blokun zərərsizləşdirilməsi demək idi. Azərbaycan 44 günlük haqq savaşında işğal və təcavüz faktına son qoymaqla beynəlxlaq hüququn aliliyini təmin edərək həm də insanlıq naminə mühüm bir nailiyyətə imza atdı". Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, erməni vəhşiliyinin qurbanı olan və təməl hüquqlarından məhrum edilmiş vətəndaşlarımızın haqları bərpa olundu: "Erməni vandalizminə məruz qalmış çoxəsrlik tarixə malik maddi-tarixi mədəniyyət nümunələrimiz, yaşayış məskənlərimiz əsarətdən qurtuldu. Dünya mədəniyyətinin memarlığının inciləri hesab edilən, erməni barbarları tərəfindən məhv edilmiş, dağıdılmış dini-tarixi abidələrimiz ikinci dəfə həyata şans qazandı".

Millət vəkilinin sözlərinə görə, 44 günlük savaşa yalnız Azərbaycan xalqının deyil, bütövlükdə ali bəşəri dəyərlərin qələbəsi kimi baxmalıyıq: "Heç şübhəsiz ki, milli baxış bucağından yanaşsaq, Vətən müharibəsi bizim namus şərəf məsələmiz oldu, ötən əsrin əvvəllərindən etibarən qətl edilən minlərlə soydaşımızın, qurban gedən minlərlə şəhidimizin qisası alındı. Bizi regionun söz sahibinə, hərbi-siyasi güc mərkəzinə çevirdi".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə