"Sülh erməni xalqının yeganə çıxış yoludur" - DEPUTAT ŞƏRH ETDİ

"Artıq 44 günlük Vətən müharibəsinin bir ili tamam oldu. Düşünürəm ki, bu məğlubiyyət erməni xalqı üçün çox ağırdır". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşviq Cəfərov deyib.

Onun sözlərinə görə, sosial şəbəkələrdən də izlədiyimiz kimi düşmən ölkə müharibədə həm maddi, həm mənəvi ziyan gördü: "Hər şeydən əvvəl ermənilər üçün məğlubolmaz ordu mifi anlayışı dağıdıldı, məhv oldu. Bu özü böyük bir psixoloji sarsıntıdır. Lakin hələ də Ermənistanda məğlubiyyəti qəbul etməyən terrorçu qüvvələr, revanşist fikirlərə düşənlər də var. Ancaq xalq təkrar müharibə istəmir. Çünki Ermənistan, eləcə də bütün dünya Şanlı Azərbaycan ordusunun gücünü gördü".

Deputat sözlərinə belə davam edib: "Əvvəllər də Azərbaycanla Ermənistan arasında müharibələr olub. İstər 90-cı illərdə olan müharibədə, istərsə də 2016-cı il aprel döyüşlərində xalqımızın onlara əsl gücünü, vətən sevgisini göstərmişdi. Ötən əsrin sonuncu onilliyinin əvvəlində hakimiyyət və dövlətdə olan böhrandan, xalqımızın çətin vəziyyətindən istifadə edən, həmçinin xarici havadarları tərəfindən himayə olunan Ermənistan bütün işğal etdiyi torpaqları öz hesabına əldə etdiyini düşünürdü. Hazırda sülh erməni xalqının yeganə çıxış yoludur. Bu sahədə əməli addım atmayan hökumət isə xalqın bu vəziyyətinin yeganə günahkarıdır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə