İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir

Adilə Abasova

YAP Veteranlar Şurasının üzvü, professor

Sentyabrın 27-dən başlayan, 44 gün davam edən işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi.

27 sentyabr 2020-ci il ağır COVİD-19 pandemiyasının bütün dünyada tüğyan etdiyi vaxtda Vətən müharibəsinin başlanması, Azərbaycan xalqının bir “Dəmir Yumruq” ətrafında birləşməsi tarixidir. Bu tarix 19-cu əsrin əvvəlindən gələn saxta erməni-daşnak mifinin dağıdılmasının başlanğıc ərəfəsidir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etdi. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir sıra kəndləri daxil olmaqla, Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi.

Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan oldu. Bununla da Azərbaycan xalqı öz liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.

Bu real faktordur ki, bütün müharibələrdə əsas sözü xalq və onun ordusu dediyi kimi, uğurlu zəfərlərdə sərkərdənin də çox böyük rolu olur. Bu gün Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə - Ali Baş Komandana sahib olduğunu aşkar gördü. Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Prezident İlham Əliyev 17 ildə həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi. Ərazi bütövlüyümüz birmənalı olaraq təsdiq edildi.

“Qarabağ Azərbaycandır!” reallığı 44 gündə mümkünsüzü mümkün etdi. Bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin - Azərbaycanın var olduğunu sübut etdik. Bu ədaləti 44 gün ərzində yazan Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları, bütün Türkiyə xalqı bir yumruq kimi birləşərək təkcə Ermənistanın yox, bütövlükdə sübut etdi ki, haqq yolunda, ədalətin, ərazi bütövlüyümüzün bərpası uğrunda vuruşuruq.

Bəli, Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Düşmənin 30 il ərzində qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, müzəffər ordumuzun tətbiq etdiyi savaş strategiyası müasir hərb tarixinə yeni örnək oldu. Belə vəziyyətdə Ermənistanın qarşısında yalnız iki yoldan birini seçmək qalırdı. Ya Ermənistan ordusunun son tör-töküntüləri də döyüş meydanında son nəfərinə qədər məhv ediləcəkdi, ya da “ağ bayraq” qaldırıb, biabırçı hərbi məğlubiyyətini etiraf edəcəkdi. Paşinyan hakimiyyəti reallığı nəhayət ki, qəbul etdi və noyabrın 10-da Ermənistan “ağ bayraq” qaldırdı, kapitulyasiya bəyannaməsini imzaladı.

8 noyabr 2020-ci il, Qarabağa qovuşduğumuz tarix günüdür. Bu Böyük Qələbə Günüdür. Şanlı tariximizə daxil olan Zəfər günüdür. Ali Baş Komandan İlham Əliyev Qarabağın işğaldan azad olunmasına böyük məharətlə rəhbərlik etdi. Bununla da tarixi ədaləti bərpa edən cənab İlham Əliyev qurucu lider, müzəffər sərkərdə və xalqımızın ən böyük arzularını gerçəkləşdirən şəxsiyyət kimi adını əbədi olaraq tarixə həkk etdi.

Qısa müddətli hərbi əməliyyatlar nəticəsində möhtəşəm Qələbə təmin olundu, bütün dünya sürətlə inkişaf edən Azərbaycanın, onun Prezidentinin və Ordusunun gücünü gördü. Təkbaşına öz ərazi bütövlüyünü təmin etməyi bacaran Azərbaycan bu gün öz tarixi torpaqlarına, doğma Qarabağımıza qayıdır və artıq həmin ərazilərdə şanlı Azərbaycan bayrağı dalğalanır.

Liderimiz daim çıxışlarında "Biz Qarabağımıza qayıdacağıq, Qarabağ tarixi Azərbaycan torpağıdır" deyirdi. O, ulu öndər Heydər Əliyevə və xalqına verdiyi sözləri tutdu. Ata vəsiyyətini yerinə yetirdi. Ordumuza, eləcə də möhkəm iradəli xalqına inanaraq zəfər qazandı. Bu böyük qələbə eyni zamanda Azərbaycan xalqını dünyaya qürurlu xalq kimi tanıtdı. “Dağlıq Qarabağ Azərbaycan torpağı, beynəlxalq səviyyədə tanınan ərazimiz olmaqla yanaşı, ədalət məsələsidir, Azərbaycanın milli qürur məsələsidir”,- deyən Prezidentimizə olan inamı, sevgini daha da artırdı.

“Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” ulu öndərin Prezidentimiz İlham Əliyev haqqında dediyi bu fikirlərin hər keçən gün öz təsdiqini tapdığının, hər bir azərbaycanlının Prezidenti olduğunun şahidi oluruq. Bir sözlə, noyabrın 8-i xalqımızın tarixinə şanlı, qızıl hərflərlə yazıldı. 30 ildən sonra Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sübut etdik ki, bir qarış torpağımızı belə heç kəsə verən deyilik. yap.org.az

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...