“Onların ailələri bizə, bu vətənə, bu xalqa əmanətdir” AÇIQLAMA

“İkinci Qarabağ müharibəsi – dövlətçilik tariximizin ən şərəfli səhifəsidir. Bu müharibədə Azərbaycanın qələbəsində Xalq-Prezident-Ordu vəhdəti ərazi bütövlüyümüzün bərpasında, torpaqlarımızın işğaldan azad edilməsində əsas faktor oldu. Azərbaycan hökumətinin son illərdə apardığı düşünülmüş xarici siyasət ölkəmizi bu qələbəyə addım-addım yaxınlaşdırdı”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşviq Cəfərov deyib.

Onun sözlərinə görə, münaqişənin davam etdiyi illərdə cənab Prezident çox böyük uzaqgörənlik və təmkinlə həm diplomatik, həm də ordu quruculuğunda təxirəsalınmaz tədbirlər reallaşdırırdı: “İştirakçısı olduğu ən yüksək beynəlxalq tədbirlərin tribunalarından Qarabağ həqiqətlərini dünyaya bəyan edir, aparıcı dövlətlərin rəhbərlərinin diqqətinə bu bölgənin ölkəmizin əzəli torpağı olduğunu və işğaldan azad edilməsinin labüdlüyünü çatdırırdı”.

Deputat sözlərinə belə davam edib: “Digər tərəfdən də ordunun döyüş qabiliyyətinin yüksəldilməsi, ən müasir hərbi texnika ilə təchizatı təmin edilirdi. 44 gün davam edən müharibə zamanı Ali Baş Komandanın müntəzəm olaraq xalqa çatdırdığı qələbə xəbərləri, işğaldan azad olunan yaşayış məntəqələri, düşmənin məhv edilən canlı qüvvəsi və hərbi texnikası barədə məlumatları xalqın dövlət başçısına və rəşadətli ordumuza inamını gücləndirirdi.
Üç ölkə arasında əldə edilən razılaşma Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması baxımından tarixi əhəmiyyət daşıyır, Naxçıvanla Azərbaycanın quru əlaqəsinin reallaşacağı, Muxtar Respublikanın blokadadan çıxacağı, habelə qardaş Türkiyənin sülhməramlı prosesdə iştirak edəcəyi bildirilir. Ümumiyyətlə, böyük siyasi, diplomatik səy hesabına əldə edilən bütün bu uğurlar Azərbaycanın tarixi qələbəsi, işğalçı Ermənistanın isə ağır məğlubiyyətinin ifadəsidir”.

“Deyə bilərik ki, Qarabağın azadlığı uğrunda günbəgün möhkəmlənən və əvvəllər tarixin heç bir dönəmində bugünkü kimi olmayan ümummilli həmrəylik Azərbaycanı Böyük Qələbəyə qovuşdurdu. Bu uğur, bu qələbə naminə Vətən oğullarımız son nəfəsinədək vuruşdu, canından keçdi, Azərbaycanın qələbəsinin rəmzinə çevrilən Şuşa qalasını fəth etdi”.

”27 senytabr 44 günlük müharibənin qəhrəman şəhidlərinin anım günüdür. Bizə belə qürur yaşadan, azad və başıuca xalq adına qovuşduran şəhidlərimizi dərin ehtiramla yad edirəm. Onların ailələri bizə, bu vətənə, bu xalqa əmanətdir. Bu dövlət vətənin ərazi bütövlüyü uğrunda canından keçən oğullarını unutmayacaq, daim ailələrinin yanında olacaq”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...