"XİN rəhbərinin səfəri anlaşılmazlıqların aradan qaldırılmasına hesablanıb" - DEPUTAT AÇIQLADI

“Bu bir həqiqətdir ki, Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətini ikitərəfli münasibətlər təşkil edir. Bu siyasəti ölkə Prezidenti cənab İlham Əliyev müəyyən edib və ikitərəfli münasibətlərimiz yüksək olduğu təqdirdə, çoxtərəfli münasibətlərimiz də formalaşır. Bu da Azərbaycan üçün olduqca faydalıdır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Nəsirov deyib.

Onun sözlərinə görə, həmin siyasətin sayəsində strateji əhəmiyyətli layihələr həyata keçirilməkdədir: “İkitərəfli münasibətlərimizdə isə qonşularla münasibətlər xüsusi məna və əhəmiyyət kəsb edir. Azərbaycanın bütün qonşuları ilə münasibətləri yüksək səviyyədədir və Azərbaycan bu siyasətə sadiqdir. Bu baxımdan İran İslam Respublikası da qonşu dövlət olaraq istisna təşkil etmir. Azərbaycan dövləti İran ilə münasibətlərin inkişafında maraqlıdır. Bu hər iki tərəfin milli dövlətçilik maraqlarına uyğundur. Amma, təəssüf ki, son zamanlar İranda müəyyən siyasi dairələr ikitərəfli münasibətlərimizə zərər yetirən addımlara imza atır, açıq və gizli şəkildə Ermənistanı müdafiə edirlər. İranın Xankəndinə çoxlu sayda yükdaşımalarını həyata keçirməsi və “Moskva-Baku” portalının yaydığı məlumatda qeyd olunur ki, 58 yük maşını İrandan Xankəndi istiqamətində gedir, yəni müxtəlif yükdaşımalarını həyata keçirir”.

Deputat sözlərinə belə davam edib: “Azərbaycan tərəfi bu halda gömrük postu qoyub. Rüsum alması məsələsi İranı narazı salıb və onlar açıq şəkildə Azərbaycanın əleyhinə olan davranışını nümayiş etdirirlər. Son günlər Azərbaycanla sərhəd boyunca İranın hərbi təlimlər keçirməsini də bu kontekstdə qiymətləndirmək lazımdır. Müəyyən mənada İran tərəfindən əzələ nümayişi bu heç bir halda yaxşı əlamət deyil. Hesab edirəm ki, belə olan vəziyyətdə Azərbaycanın Türkiyədə hərbi təlimlərinin intensivliyi diqqətdən yayınmır və rəsmi Tehran yəqin ki, indi daha düzgün təhlil etməyə başlayıb. İranın xarici işlər nazirinin müavininin Bakıya səfərini də bu kontekstdə qiymətləndirmək lazımdır. Yəqin ki, bu səfər çərçivəsində ikitərəfli münasibətlərimizdə son zamanlar yaranan anlaşılmaz məqamlar təhlil ediləcək, araşdırılacaq və İran tərəfindən buraxılmış səhvlərdən çıxış yolu tapılmasına cəhdlər göstəriləcək. Bu olduqca vacibdir, eyni zamanda o da bəlli olur ki, Azərbaycan İran və Türkiyənin Xarici İşlər nazirlərinin də Tehranda görüşü gözlənilir. BMT Baş Məclisinin 76-cı sessiyası çərçivəsində bu informasiya yayılıb belə bir razılaşma əldə edildiyi qeyd olunur”.

“Eyni zamanda, Türkiyə prezidenti Ərdoğanın İranın yeni seçilmiş prezidentinin də Türkiyəyə dəvət etdiyi haqqında məlumatlar da yayılmışdır. Yəni, bütün bunlar onu göstərir ki, qonşularla münasibətlər çox önəmli məsələdir və Azərbaycan İranla münasibətlərini hər zaman yüksək səviyyədə saxlamağa maraqlıdır. Amma son hadisələr təbii ki, təəssüf və təəccüb doğurur. Hesab edirik ki, xarici işlər nazirinin bu səfəri müəyyən anlaşılmazlıqların aradan qaldırılmasında mühüm rol oynaya bilər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...