"Bu, Hərbi Hava Qüvvələrinin peşəkarlığından xəbər verir" SƏDR MÜAVİNİ AÇIQLADI

“Texnofest-2021” festivalındakı aviaşouda Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup heyəti və aviasiya vasitələri uğurla iştirak etməkdədir. Təyyarəçilərimizin MİQ-29 qırıcıları vasitəsi ilə həyata keçirdiyi uçuşlar hərbi mütəxəssislər tərəfindən böyük maraq və heyrətlə qarşılanıb. Bu uçuşlar Azərbaycan ordusunun, Hərbi Hava Qüvvələrinin peşəkarlığından, ordumuzun qüdrətindən və yenilməzliyindən xəbər verir". Bunları SİA-ya açıqlamasında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib.

Onun sözlərinə görə, müasir dünyamızda Hərbi Hava Qüvvələrinin yeri və rolu sürətlə artmaqdadır. Bu gün müharibələrin taleyini müasir raket sistemləri ilə yanaşı, həm də Hərbi Hava Qüvvələri, hərbi aviasiya və hərbi təyyarəçilərin peşəkarlığı həll edir. Sevindiricidir ki, bu baxımdan Azərbaycanın Hərbi Hava Qüvvələri, sadəcə, regionda deyil, bütün dünyada ən qabaqcıl sıralarda yer alıb. 44 günlük Vətən müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin bütün komponentləri, qoşun növləri ilə yanaşı, həm də Hərbi Hava Qüvvələrinin gücünü əyani şəkildə ortaya qoydu.

Hərbi Hava Qüvvələrimizin “Texnofest-2021” festivalında iştirakı həm hərbi aviasiyamızın qüdrətinin nümayişi, həm də təyyarəçilərimizin öz təcrübəsini, peşəkarlığını daha da artırması baxımından mühüm əhəmiyyətə malikdir. Cəlil Xəlilov bu haqda fikrini belə izah edib: "Çünki hər bir hərbçi, hər bir ordu, hər bir qoşun növü məhz hərbi təlimlər, festivallar vasitəsi ilə öz peşəkarlığını artırır, yeni bacarıqlar əldə edir. Bundan başqa, bu cür festivallar, təlimlər hər hansı bir qoşun növünün, hərbi birliyin güc və səriştəsini digər dövlətlərin müvafiq hərbi birləşmələri ilə paralel müqayisə şəklində qiymətləndirmək imkanı yaradır. Bu baxımdan, Hərbi Hava Qüvvələrimizin “Texnofest-2021” festivalında iştirakını müsbət qiymətləndirirəm və hesab edirəm ki, gələcəkdə də ordumuz bu kimi festivallarda iştirakını davam etdirməlidir. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan ordusu tərəfindən darmadağın edilən, fəqət buna baxmayaraq bu gün də müxtəlif təxribatlara əl atan Ermənistan bu festivaldan, Hərbi Hava Qüvvələrimizin “Texnofest-2021” festivalında sərgilədiyi yüksək peşəkarlıqdan dərs çıxarmalı, təxribatlardan çəkinməlidir. Rəsmi İrəvan anlamalıdır ki, Azərbaycanla hərbi müstəvidə yeni bir toqquşma Ermənistanın bir dövlət kimi sonu ola bilər.”

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə