"Əgər, Ermənistan sülh müqaviləsi imzalamasa..." - DEPUTAT ŞƏRH ETDİ

“Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu gün də ermənilərin təxribat əməlləri davam edir. Əslində gözlənilən o idi ki, ermənilər 44 günlük müharibədə Azərbaycanın qələbəsindən və özlərinin acı məğlubiyyətindən sonra bu kimi əməllərə son qoyaraq təxribat törətməyəcəklər. Normal məntiq də bunu tələb edir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, bütün bu itkilərin fonunda Ermənistan nəticə çıxararaq təxribatlara son qoymalı və bölgədə sülhün, əmin-amanlığın təmin olunmasına öz töhfəsini verməlidir: “Onlar bundan heç bir nəticə çıxarmayaraq təxribatlara davam edir. Bu da bölgədə sülhün təmin olunmasına öz təsirini göstərir. Qeyd etmək lazımdır ki, bir sıra məsələlərdə, Azərbaycana qarşı təxribatlarda Ermənistan müstəqil deyil. Burada xarici amillər var. Amma Ermənistan anlamalıdır ki, o 30 ildə Azərbaycanla apardığı müharibədə heç nə əldə edə bilmədi”.

Deputat sözlərinə belə davam edib: “Ermənistanın bir yolu var. O da Azərbaycanla sülh müqaviləsini imzalamaq və müharibəyə son qoymaq. Yəni, Ermənistan anlamalıdır ki, onun bundan başqa yolu yoxdur. Onlar nə vaxta kimi müharibə edəcəksə, o vaxta kimi də iqtisadiyyatı çökəcək. Buna görə də bu təxribatlara son qoymalıdır. Əgər bunu etməsə onların özü üçün çox ağır olacaq. Yəni, Azərbaycan artıq bu təxribatlara səbr nümayiş etdirməyəcək. Hər birinin qarşısı qətiyyətlə alınacaq. Əgər, Ermənistan sülh müqaviləsi imzalamasa onun süqutu baş verəcək”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə