“İrəvanın mövqeyində paradoks müşahidə olunmaqdadır” POLİTOLOQUN ŞƏRHİ

“Ermənistan hakimiyyəti hər vəchlə çalışır ki, beynəlxalq ictimaiyyətdə münaqişənin bitmədiyi ilə bağlı təəssürat formalaşdırsın. İstər sərhəddə, istərsə də sülhməramlıların müvəqqəti məsuliyyət zonasına yaxın ərazilərdə törədilən hərbi təxribatlar bu məqsədə xidmət edir.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Ceyhun Əhmədli deyib.

Politoloqun sözlərinə görə, görünür, Ermənistan rəhbərliyi regionda sülh və əməkdaşlığın bərqərar olmasını özü üçün qorxunc ssenari kimi qiymətləndirir.

“Rəsmi İrəvan başa düşür ki, Azərbaycanın yaratmış olduğu yeni reallıqlara uyğun addım atmaq Qarabağın "statusu" məsələsi ilə bağlı xülyaları birmənalı istisna edir. Buna görə də Emrənistan münaqişənin hələ bitmədiyini bəyan edir, Minsk qrupunun prosesə cəlb olunmasının zəruriliyini ön plana çəkir, mövcüd olmayan “status” məsələsini gündəmə gətirir və s. Bir sözlə, Paşinyan və onun komandası hər konstruktiv açıqlamanın əvvəlində, yaxud sonunda müəyyən şərtlər irəli sürməyə çalışır. Beləliklə, İrəvanın mövqeyində aşkar paradoks müşahidə olunmaqdadır.

Təəssüf ki, münaqişənin sanki davam etdiyi təəssüratını yaradaraq, məsələnin müzakirəsini ATƏT-in Minsk qrupu platformasına qaytarmağa çalışan xarici dairələr də mövcuddur. Həmin qüvvələr bir sıra hallarda Paşinyanı kənardan təlimatlandırır, İrəvanı hərbi təxribatlara sövq edirlər Paşinyan hökuməti mövcud durumu dəyişdirmək imkanına sahib olmadığını və reallıqla ayaqlaşmaq məcburiyyətində olduğunu dərk etməlidir. Cənab Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Ermənistanın alternativ seçim şansı yoxdur. İrəvanın yeganə nicat yolu Azərbaycanın çağırışlarına adekvat addım ataraq regionda etimad mühitinin yaranmasına və möhkəmlənməsinə töhfə verməkdən ibarətdir.

Zaman Ermənistanın əleyhinə işləyir. Paşinyan hakimiyyəti Azərbaycan Prezidentinin sülh və əməkdaşlıq çağırışlarına nə qədər tez müsbət cavab versə, bir o qədər onların özü üçün faydalı olacaq. Əks halda Azərbaycan bütün parametrlər üzrə öz gücünə güc qatır, müdafiə potensialını daha da təkmilləşdirir və təbii ki, "Dəmir yumruğumuz" da yerindədir”, deyə politoloq Ceyhun Əhmədli bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə