"YAP-ın strukturunda dəyişikliklər edilməsi təqdirəlayiq haldır" - DEPUTATDAN AÇIQLAMA

"Yeni Azərbaycan Partiyasının strukturunda dəyişikliklər edilməsi təqdirəlayiq haldır. Rəhbər vəzifələrə yeni simaların təyin edilməsi müsbət qiymətləndirilir. Əvvəllər bu proses seçki yolu ilə keçirilirdisə, hazırda bu təyinatla müəyyənləşir. Təbii ki, hər bir rəhbər vəzifəyə təyin olunan şəxsin qarşısına vəzifə və öhdəliklər qoyulur. Düşünürəm ki, tam fərqli bir yanaşma olacaq. Çünki öncəki heyət seçki yolu ilə qalib gəlirdisə və YAP-ın məqsəd və vəzifələrinə xidmət edəcək fəaliyyətlər həyata keçirirdisə, artıq bundan sonra yeni təyin olunan sədrlərə konkret vəzifə öhdəlikləri təyin olunacaq". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşviq Cəfərov deyib.

Onun sözlərinə görə, yeni öhdəliklərdən biri də odur ki, artıq sədrlərin digər bir vəzifəsi olmayacaq: "Yalnız bir vəzifə tutacaqlar və öz iş saatlarını yalnız o iş üçün sərf edəcəklər. Əvvəlki təcrübədə rəhbər şəxslər YAP sədri olmaqla yanaşı, millət vəkili, icra başçısının müavini və yaxud da digər idarə və müəssisələrin rəhbəri ola bilərdilər. Ancaq hazırkı təyinatlarda buna imkan verilmir. Yalnız bir vəzifə tutaraq bunu layiqincə yerinə yetirməlisən. Hesab edirəm ki, bu işi çox effektivləşdirəcək və artıq mərkəzləşmiş formada iş qurulacaq. İnanıram ki, edilən bu dəyişiklliklərin yaxın vaxtlarda nəticəsini görəcəyik".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə