"Hərbi və siyasi sahədə sakit öz işimizi görməliyik" - POLİTOLOQ AÇIQLADI

"Ermənistan tərəfinin gah vaxtaşırı, gah da ki intensiv şəkildə silahlı təxribatlar törətməsi, xüsusilə də, Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə silahlı təxribatlar törətməsi düşünürəm ki, hər iki tərəf arasında sülh sazişi bağlanana qədər bu və ya digər şəkildə davam edəcək". Bu sözləri SİA-ya açıqlamasında politoloq Sahil İskəndərov deyib.

Onun sözlərinə görə, bu təxribatlar rus sülhməramlılarının fəaliyyəti fonunda Azərbaycanla Rusiya arasında bir gərginlik yaratmaq məqsədi güdür.

Sahil İskəndərov sözlərini davam etdirərək deyib: "Azərbaycan tərəfi, Azərbaycan ordusu da adekvat addımlar atır. Yeri gəlmişkən xatırladım ki, bir neçə gün əvvəl Azərbaycan Müdafiə naziri Zakir Həsənov birbaşa tapşırıqlar verib ki, Azərbaycan ordusu artıq hətta rus sülhməramlılarının yerləşdiyi ərazilərdən belə törədilən təxribatlara cavab verəcək. Mən düşünürəm ki, bu özü də erməni silahlı qruplaşmalarının, silahlı təxribatlarının qarşısının alınmasında psixoloji təsir rolu oynayacaq. Rusiyada belə bir məsələdə maraqlı deyil ki, onların nəzarəti olan ərazilərdən Azərbaycana atəş açılsın və Azərbaycan da onlara cavab atəşi açsın. Bu zaman, həqiqətən də, ciddi insidentlər yarana bilər. Bundan heç kim sığortalanmayıb. Mən bu kontekstdə düşünürəm ki, Azərbaycan tərəfinin, Azərbaycan Müdafiə nazirinin bu cür tapşırığı açıq şəkildə bildirməsi, bundan əvvəl isə hətta Azərbaycan Prezidenti səviyyəsində Rusiyaya ciddi irad bildirilməsi, mesajlar göndərilməsi, yəqin ki, Kremldə də anlaşılan şəkildə qarşılanır.

Mən düşünürəm ki, istisna deyil ki, Ermənistan xarici işlər nazirinin iki gün əvvəl Moskva səfərində ona bu baxımdan lazımi xəbərdarlıq edilib. Ümumiyyətlə, müdafiə naziri Zakir Həsənovun tapşırıqlarının effektini bir neçə gündür görürük. Yəni bir neçə gündür ki, biz silahlı təxribatlar haqda eşitmirik. Mən düşünürəm ki, Azərbaycan tərəfi həmişə belə şeylərə hazır olmalıdır. Yenə deyirəm biz çox təmkinli və strateji hədəf nöqteyi-nəzərindən həm hərbi, həm də siyasi sahədə sakit öz işimizi görməliyik. Bu Ermənistanın təxribatlarının qarşısının alınmasında çox yaxşı rol oynayacaq. Biz ilk növbədə sərhədlərin delimitasiyası və demarkasiyası məsələsinin həlli üçün çalışmalıyıq. Bundan sonra da iki dövlət arasında sülh sazişinə çıxılsın. Bunlar baş verənə qədər mən düşünürəm ki, Ermənistan hər bir vəchlə bu təxribatlara əl atacaq".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə