"Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması tarixi ədalətin bərpasıdır" DEPUTATDAN AÇIQLAMA

“Bildiyimiz kimi cənab Prezident Azərbaycanda iqtisadi rayonların yeni bölgüsü haqqında mühüm tarixi qərara imza atdı. Şərqi Zəngəzur rayonunun yaradılması həm də tarixi ədalətin bərqərar olunmasıdır. "Şərqi Zəngəzur" adı özündə Zəngəzurun qərb bölgələrinin də Azərbaycan torpaqları olduğuna aşkar mesajdır. Vahid Qarabağ iqtisadi rayonunun yaradılması Qarabağın vahid, bölünməz olduğunu göstərdi. Bu qərar ölkə xaricində və daxilində qələbənin tamlığına şübhə yaradan, xalq arasında çaşqınlıq yaratmağa cəhd edən qüvvələrə də bir cavab oldu. Bu qərarla Azərbaycanda 11 iqtisadi rayon 14 olmaqla dəyişdirildi. İşğaldan azad olunmuş ərazilərdə yeni iqtisadi rayonların yaradılması Azərbaycan iqtisadiyyatının bütövləşməsi, daha da yüksələn xətlə inkişaf etməsi deməkdir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşviq Cəfərov deyib.

Onun sözlərinə görə, hazırda Qarabağda böyük bərpa işləri gedir: “Ölkədə şəhər və rayonların davamlı inkişaf proqramları hazırlanıb həyata keçirilir. İşğaldan azad olunmuş yeni yaradılan iqtisadi rayonların sürətli bərpası, gələcək inkişafının təmin olunması, yerli sakinlərin yurdlarına qayıdışı əsas prioritetdir. İşğaldan azad olunan ərazilərin zəngin təbii sərvəti, güclü turizm potensialı ölkənin iqtisadi bölgüsünü yenidən şərtləndirdi”.

Deputat sözlərinə belə davam edib: “Qarabağ regionunun respublikanın digər iqtisadi rayonları ilə iqtisadi əlaqələrinin genişləndirilməsi ölkədə sosial-iqtisadi inkişafa öz müsbət təsirini göstərəcəkdir. Hazırda Şərqi Zənzəgur iqtisadi zonasına daxil olan bölgələrin zəngin kənd təsərrüfatı ölkənin ərzaq təhlükəsizliyinin təminatında mühüm rol oynayacaqdır. Qarabağ zonasının turizm potensialı ümumillikdə ölkə turizminin inkişafını bu sahədə olan naliyyətlərin daha da çoxalmasını zəmin yaradacaqdır”.

“Düşünürəm ki, iqtisadi zonaların yeni bölgüsü sırf iqtisadi qərar deyil, vacib strateji və siyasi manevrdir. Bu qərar Azərbaycanın uzun illərlə dünyaya sübut etməyə çalışdığı reallığı əks etdirir. Belə bir tarixi sənəd Azərbaycan dövləti üçün gələcəkdə əhəmiyyətli dərəcədə böyük rol oynayacaq”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə