"Bu səfərin siyasi nəticələri də olacaq" POLİTOLOQ ŞƏRH ETDİ

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Kəlbəcər və Laçın rayonlarında səfərdə olub. Bu səfər bir sıra məqamları ilə yadda qaldı". Bunu SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, cənab Prezident səfər zamanı çox ciddi mesajlar verdi: "Çünki son dövrlər Laçın və Kəlbəcər əraziləri intensiv olaraq müxtəlif silahlarla atəşə tutulur. Ermənilər Azərbaycanın mövqelərinə davamlı olaraq atəş açırlar və gərginliyi saxlamağa çalışırlar.Ermənilərə havadarlıq edən qüvvələr də var. Azərbaycan Müdafiə Nazirliyinin həm Rusiya sülhməramlıların qanunsuz fəaliyyəti ilə bağlı açıqlaması eləcə də Azərbaycanın Xarici İşlər Nazirliyinin İrana verdiyi nota bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda biz qeyd etməliyik ki, cənab Prezident Şərqi Zəngəzur bölgəsinə səfər etməklə həm də Azərbaycanın tarixi ədaləti bərpa etdiyini göstərdi.Prezidentin 7 iyul tarixində imzalanmış fərmanı ilə işğaldan azad olan ərazilər Qarabağ iqtisadi zonası və Şərqi Zəngəzur iqtisadi zonası yaradıldı. Bu fərman nəinki iqtisadi hüquqi münasibətlər sistemini formalaşdırır, həm də Azərbaycanın gələcək prespektivləri də müəyyən edilir. Ermənilər işğal dövründə Laçın dəhlizi ilə paralel həm də Basarkeçər rayonundan Kəlbəcərə yol çəkmişdilər. Eyni zamanda da Azərbaycanın Cəbrayıl rayonu ilə əlaqəni təmin etmək üçün yeni yolun inşasına başlamışdılar. Azərbaycan tərəfi ATƏT- in Minsk qrup həm sədr dövlətlərinə Cəbrayıla qanunsuz yol çəkilişi ilə bağlı iradlarını bildirsə də ATƏT-in Minsk qrupunun həm sədrləri bu məsələyə susqunluğunu nümayiş etdirdilər. Qarabağ müharibəsinin başlanması üçün əsaslardan biri də ermənilərin qeyri-qanuni yol çəkilişi və qanunsuz olaraq ərazilərin məskunlaşdırılması, Cenevrə konversiyasının tələblərinin pozulması idi. Eyni zamanda son dövrlər KİV-də onu müşahidə edirik ki, Ermənistanın ərazisindən Azərbaycana atəş açılarkən. coğrafi kordinatlar verilən zamanı tarixi Azərbaycan toponimləri və adları unudulur. Erməni tərəfinin adlandırdığı adlarla KİV-də məlumatlar dərc olunur. Bu tamamilə yol verilməzdir. Vardenis yox, Basarkeçər adlandırılmalıdır. Basarkeçər tarixi Azərbaycan torpağıdır. Göyçə mahalının bir hissəsidir. Bu tipli məsələlərə media diqqətlə yanaşmalıdır. Tarixi adlar düzgün qeyd olunmalıdır".

İlyas Hüseynov qeyd etdi ki, ümumi olaraq Şərqi Zəngəzura cənab Prezidentin səfəri çox uğurludur: "Siyasi nəticələri də olacaqdır. Çünki, Prezident həm də mühüm infrastruktur layihələri ilə tanış oldu. Bölgədə alternativ enerji üçün iqlimi uyğundur. Dövrün tələblərinə və müasir trendlərə uyğun olaraq Azərbaycan bu alternativ enerjilernden istifadə etməklə bölgənin inkişaf etdirilməsi niyyətidədir. Təhlükəsizlik şəraitində tunellər inşa olunur. Əsas məsələ təhlükəsizliyim təmin olunmasıdır ki, bu işi Azərbaycan Silahlı Qüvvələri həyata keçirdir. Kəlbəcərdən olan məcburi köçkünlərin sülh və təhlükəsizlik şəraitində öz doğma yurdlarına qayıtması üçün sürətli və intensiv şəkildə işlər həyata keçir. Prezindentin bu səfəri təhlükəsizlik istiqamətində atılan addımlardan biridir. Tez bir zamanda işlərin yekunlaşması iıə məcburi köçkülər yurdlarına geri qayıdacaqdır".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə