"Hər bir tərəf verdiyi vədə əməl etməlidir" AÇIQLAMA

Cənab prezident bütün müsahibələrində, o cümlədən, CNN TÜRK kanalına verdiyi müsahibəsində də bir məsələni xüsusi olaraq bütün dünya ictimaiyyətinə çatdırdı. Yəni, Azərbaycan rəhbərliyi verdiyi hər bir sözün arxasında durur və rəhbərlik danışdığı hər bir kəlmənin mahiyyətini dərk edərək deyir". Bunu SİA-ya açıqlamasında politoloq Nadir Şəfiyev deyib.

Politoloqun sözlərinə görə, Prezident İlham Əliyev dəfələrlə dünyaya bildirir ki, Azərbaycan münaqişəni hərb yolu ilə həll edə bilər: "Azərbaycan öz torpaqlarını özü qaytara biləcək gücə malikdir. Sadəcə, qan tökülməsini istəmir. Buna görə də məsələnin sülh yolu ilə həll olunmasını istəyir. Bununla bağlı mesajlar bir çox vaxt dünyaya və ermənilərə çatdırılıb.Təəssüflər olsun ki, Ermənistan rəhbərliyi və onun havadarları bu mesajları qəbul etmədi. Son nəticədə Azərbaycan gücünü göstərmək məcburiyyətində qaldı. Əks hücüm həmləsi nəticəsində 44 gündə Ermənistan ordusunu darmadağın edərək Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Bu, həmin dövrün mesajları idi. Hazırda göndərilən mesajlar bundan ibarətdir ki, hər bir tərəf verdiyi vədə və imzaladığı sənədə hörmətlə yanaşmalı və bu vədlərə əməl etməlidir. Ermənistan çoxlu sayda provakasiyaya əl atır. Ermənistan Kəlbəcər, Naxcıvan hətta Şuşa istiqamətində dəfələrlə atəşkəsi pozur. Təbii olaraq, Ermənistan bölgədə vəziyyətin gərginləşməsini istəyir. Bu gərginlik nəticəsində imzalanan sənədin icrasına maneə olmaq istəyirlər. Yəni, Zəngəzur dəhlizinin açılması, əsasən, Ermənistan tərəfindən hədəf alınıb. Ermənistan bir məsələni həyata keçirir ki, bölgədə vəziyyəti gərginləşdirmək. Bu gərginliyi yaratmaqda məqsəd Rusiya sülhməramlılarını pis vəziyyətə qoymaq və qərbdən öz havadarları tərəfindən əlavə qüvvələri bölgəyə daxil etməklə yenidən xaos yaratmaqdır. Cənab prezident öz müsahibəsində onlara bir daha başa saldı ki, Azərbaycan geri çəkilməyəcək. Azərbaycan imzalanan sənədlərin hamısının icrasına nail olacaq. Əvvəllər dəfələrlə deyilən sözlər bu səfər də ünvanına çatdırıldı. Əgər Ermənistan imzaladığı müqaviləyə əsasən Zəngəzur dəhlizinin açılması və götürdükləri digər öhdəlikləri yerinə yetirilməsini həyata keçirməzsə, Azərbaycanın gücü də iradəsi də var ki, bunu həyata keçirsin. Ermənilər öz havadarlarına nə qədər arxalansalar da, Azərbaycan rəhbərliyinin qüdrəti və bacarığı ona çatır ki, ermənilərə vəd verən qüvvələri neytrallaşdırsın. Bu isə diplomatik addımlar ilə həyata keçirilə bilər. Azərbaycan rəhbərliyi bu dərin konsepsiyanı dərk edir. Lazım gələrsə, Ermənistanı hərb və ya danışıqlar yolu ilə həmin öhdəliklərin yerinə yetirilməsinə vadar etsin. Əgər ermənilər Zəngəzur dəhlizinin açılmasına maneələr törədərsə, biz digər üsullarla yanaşı, Laçın dəhlizinin bağlanmasını tələb edə bilərik. Amma bu, kiçik bir təzyiq vasitəsidir. Lazım gələrsə bu yollardan Azərbaycan məharətlə istifadə edə bilər. Cənab Prezident İlham Əliyev də müsahibəsində bəzi hallarda açıq və dolayısı yollarla bunları Ermənistana mesaj olaraq göndərir. Loru dildə desək, ermənilərə “ Ağıllı olun” mesajı verildi.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə