Ermənistanın Baş naziri Nikol Paşinyan vəzifəsini rəsmiləşdirdikdən sonra ilk xarici səfərini İrana reallaşdırdı. Bu özəl səfər deyildi, Paşinyan İbrahim Rəisinin andiçmə mərasiminə qatılırdı. Ancaq onu da qeyd edək ki, Paşinyan İrandakı mərasimə başqa vəzifəli şəxsi də göndərə bilərdi. Deməli burada da araşdırılmalı məqamlar olub.
N.Paşinyan İbrahim Rəisinin andiçmə mərasiminə şəxsən qatılmaqla bu ölkə ilə münasibətlərə verdiyi əhəmiyyəti ortaya qoymağa çalışıb. Nikol Paşinyan sonuncu dəfə İranda 2019-cu ilin fevralında rəsmi səfərdə olmuşdu.
Qeyd edək ki, bu, Paşinyanın baş nazir vəzifəsində İrana ilk rəsmi səfəri idi. Paşinyan həmin səfərə hakimiyyətə gəldiyi ilk gündən hazırlaşırdı. Səfərdən əvvəl İranın Ermənistandakı səfirliyinin ticarət müşaviri bildirmişdi ki, 1991-ci ildən, yəni Ermənistanın müstəqilliyini qazandığı ildən bəri iki ölkə arasında ticarət mübadiləsində ən yüksək göstərici məhz Paşinyanın hakimiyyəti dövründə qeydə alınmışdı. Söhbət 364 milyon dollarlıq ticarət mübadiləsindən gedirdi. Əslində rəqəm o qədər də böyük deyildi, ancaq faktin özü maraqlı idi ki, bu iki ölkə arasındakı əməkdaşlıqda ən yüksək göstərici sayılır. Təsadüfi deyil ki, Nikol Paşinyan 2018-ci ildə baş nazir kürsüsündə xarici siyasətlə bağlı ilk geniş nitqində İranın adını Rusiyadan çox çəkmişdi.
Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Nikol Paşinyan İranla iqtisadi əməkdaşlığı genişləndirmək və birgə regional layihələri reallaşdırmağı arzulayırdı: “Ancaq alınmadı, verilən vədlər həyata vəsiqə qazanmadı”.
Paşinyan Tehranda "Ararat" idman-sağlamlıq mərkəzində erməni icmasının nümayəndələri ilə görüşərək arxa planda "DQR”-in bayrağı və “Qarabağ Ermənistanındır" şüarı asılmış selfisini yaydı. Rəsmi Bakı Tehrandan bu toplantıya aydınlıq gətirməsini tələb etdi. Çünki həmin zalda açıq-aşkar Azərbaycana və İran-Azərbaycan əməkdaşlığına qarşı təxribat həyata keçirilmişdi. İrandan qeyri-rəsmi kanallarla xəbər yayıldı ki, “Qarabağ Ermənistandır” şüarını zalda qaldıran şəxslər saxlanılıb və onlar sorğu-sual ediliblər.
Nikol Paşinyan Tehrandakı çıxışında bunları demişdi: “Mən Dağlıq Qarabağın əvəzinə danışa bilmərəm, Bakı birbaşa Qarabağ erməniləri ilə danışıqlar aparmalıdır. İlham Əliyevlə danışıqlardan nəticə yoxdur. Vasitəçilər mənə “hansı güzəştlərə hazırsınız?", sualını ünvanlayanda onlardan soruşuram ki, Azərbaycan hansı güzəştlərə hazırdır? Biz o zaman bu suala cavab verəcəyik ki, birinci bu suala Azərbaycan cavab versin. Kimsə düşünürsə ki, Qarabağ problemini güc yolu ilə həll etmək olar, kökündən yanılır. Bunu deyən anlamalıdır ki, qarşısında təkcə Ermənistanı yox, bütün dünya ermənilərini görəcək".
Bu açıqlamadan təxminən il yarım sonra Azərbaycan müharibədə qələbə çaldı və Nikol Paşinyanın Tehrandakı çıxışının mənasız olduğu aydınlaşdı. Nikol Paşinyan bu dəfə Tehranda geniş nitq söyləmədi, andiçmədə iştirak edib və İran rəsmiləri ilə görüşüb geri qayıtdı. Paşinyanla görüşən İbrahim Rəisi praqmatik siyasətçidirsə, Qarabağ məsələsinin Azərbaycanın xeyrinə bitdiyini anlamalı, ermənilərin İran üzərindən təxribatlarının qarşısını almalı və yeni xarici işlər nazirinə tapşırmalıdır ki, İranın Ermənistandakı səfiri qeyri-diplomatik hərəkətlər etməsin".
Qeyd edək ki, İranın Ermənistandakı səfirinin sərhəd ərazilərə gələrək, ölmüş ermənilərə görə başsağlığı verməsi və Ermənistanın "ərazi bütövlüyü" məsələsini dəfələrlə vurğulaması birmənalı qarşılanmayıb. Hər halda bu barədə İran tərəfi də düzgün yolu görəcək. Çünki Azərbaycan artıq erməni havadarlarına heç bir şans buraxmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB