"Təəssüf ki, bizim Jirinovskimiz yoxdur" - POLİTOLOQDAN AÇIQLAMA

“Mən Jirinovski ilə ilk dəfə 1991-ci ildə sentyabr ayında tanış olmuşam. O vaxtı Sovet İttifaqı Kommunist partiyasının sonuncu qurultayı idi. Azərbaycandan da nümayəndə heyəti getmişdi. Baxmayaraq ki, mən kommunist deyildim, amma nümayəndə heyətinin tərkibində var idim. Kremlin qurultaylar sarayının foyesində Azərbaycan nümayəndə heyəti Jirinovski ilə görüşdü. Çünki o vaxtı da bəzi sərsəm bəyanatlar vermişdi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, orada bizim onunla mübahisələrimiz oldu: “Amma sonra onunla maraqlandım gördüm ki, o, SSRİ-nin təhlükəsizlik orqanlarının yetişdirdiyi bir adamdır. Bu adam 6 dildə sərbəst danışır. Onun haqqında bizdə deyirlər başı xarabdır. Xeyr, o, çox peşəkar, yüksək səviyyədə hazırlıqlı bir təhlükəsizlik generalıdır və o, Sovet İttifaqı dağılarkən Sovet İttifaqından Afrikadan və digər ölkələrdən milyonlarla vəsaitin ələ keçirilməsində iştirak edən bir adamdır. Buna görə də Jirinovskini heç də təsadüfi adam saymaq olmaz. Jirinovski zaman-zaman Rusiyanın təhlükəsizlik orqanlarının sözçüsü olub, bu gün də elədir və indi birdən-birə Azərbaycan, Türkiyə barədə həddindən artıq kəskin mövqeyə keçməsinin birinci səbəbi bilirsiniz ki, sentyabr ayının 17, 18 və 19-u orada dövlət dumasına seçkilər həyata keçiriləcək. Hal-hazırda Jirinovskinin Rusiyada imici çox pisdir. Çünki Rusiya hakimiyyətində olan təhlükəsizlik orqanlarının işçiləri ilə Jirinovskinin münasibətləri artıq hər kəsə məlumdur. Ona görə Jirinovskini sevmirlər”.

Politoloq sözlərinə belə davam edib: “İkincisi, Jirinovski Rusiyada neafaşist ideyalarının başında durur. Buna Velikarus şovinizmi deyirlər. Lenin özü də ən böyük şovinistlərdən biri olub və üçüncüsü də adam ağlını doğrudan itirib. Çünki Rusiyada səs verənləri əgər müqayisə etsək, görərik ki, 4 milyona yaxın azərbaycanlı yaşayır. Təxminən 2 milyona yaxın azərbaycanlılar səsvermədə Rusiya vətəndaşı kimi iştirak edəcək. Amma haradasa 1 milyona yaxın da erməni iştirak edəcək. Yəni, deməli, burada bu səs hesablanmayıb. Bunun ermənilərdən aldığı və alacağı vəsaitə hesablanmış bir gedişdir. Düzdür, Azərbaycan xarici işlər naziri bunun cavabını verdi. Nota təqdim olundu. Rusiyanın özündə də ilk dəfədir ki, azərbaycanla bağlı rusiyalı politoloqlar üzr belə istədilər. Amma bütün bunların fonunda yaddan çıxarmaq olmaz ki, Jirinovski həddən artıq təhlükəli və hiyləgər bir siyasətçidir. Onu bizdə bəzi siyasətçilər qeyri-ciddi adlandırırlar. Ona fikir verməməyi təklif edirlər. Fikir verməmək bəlkə də olardı, ancaq adam həddindən artıq həyasız olub Azərbaycan xalqını təhqir etdi, Azərbaycan dövlətçiliyini aşağılamağa çalışdı və bu, birinci dəfə deyil. Vaxtilə bir dəfə də belə bir qələt etmişdi. Sonra gəldi Azərbaycandan üzr istədi. Amma Azərbaycanın hal-hazırda o var-dövlətinə sahiblənmək məsələsini gündəmə gətirir. Keçmiş SSRİ-nin yeni formada bərpasının ilk dırnaq içində, yəni, banlayanlarından bu da elə siyasi xoruzlardan biridir, daha doğrusu birincisidir. Çünki Rusiya hələ də Qafqaz siyasətində ermənilərdən istifadə edir. Son hadisələr də bunu göstərir.

Jirinovski danışandan sonra məhz artıq Azərbaycan Ermənistan sərhədinə rus sərhədçilərinin gətirilməsi, İranın İrəvandakı səfirinin sərhədə gəlməsi və müharibədə ölənlərə başsağlığı verməsi ardıcıl olaraq Rusiyanın Qafqaz siyasətinin reseptinə daxil olan məsələlərdir. Ona görə də Azərbaycan mediası bunu yaddan çıxarmamalıdır və tez-tez Jirinovskinin bu tərbiyəsizliyinə toxunmaq və ona cavab vermək lazımdır. Çünki bu tip insanlarla ancaq öz dilində danışmaq lazımdır. Təəssüf ki, bizim Jirinovskimiz yoxdur. Amma Jirinovski səviyyəsində bizdə də partiya sədrləri var. Mən istəməzdim onlar cavab versin. Çünki bu, ən azı bizim millətin əxlaqına yaraşmır. Amma Azərbaycan mediasının onun üzərinə getməsi çox təqdirəlayiq bir haldır və sizə də minnətdaram ki, bu siyasəti davam etdirirsiz”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə