"Azərbaycan sülh sazişinə Ermənistanı məcbur edəcək" - POLİTOLOQ MÖVQE BİLDİRDİ

“Paşinyan özünü Baş nazir kimi apara bilmir. Bu əslində anlaşılandır. Çünki Paşinyan əgər birinci dəfə Qərbin təşəbbüsü ilə seçilmişdisə, ikinci dəfə ona Rusiya və İranda dəstək verdi. Paşinyan erməni xislətinə uyğun olaraq iki cəbhədə işləməyə üstünlük verir. Sülh sazişini də ona görə imzalamır ki, Ermənistan yarımmüstəqil dövlətdir. Bu dövlətin bütün resursları Rusiya və İranın, qismən də Argentina və Yunanıstanın nəzarəti altındadır. Bu dövlətlərin də heç biri nə Türkiyəni, nə də Azərbaycanı sevmir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Politoloq, son günlər Paşinyanın xüsusilə də, Kuzey Kıbrıs məsələsi gündəmə gələndən sonra daha da fəallaşdığını qeyd edib.

C.Nuriyev burada Rusiyanın da roluna toxunub: “Eyni zamanda Rusiya da burada böyük rol oynayır. Rusiyanın 300 illik tarixinə fikir versək, həmişə bir əlində kökə, bir əlində kötək olub. Yəni hazırda Azərbaycanla özünü tərəfdaş kimi aparmasına baxmayaraq, eyni zamanda Ermənistanı da qızışdırır”.

Ermənistanın sülh imzalamamasındakı arxayınlığını isə politoloq belə açıqlayıb: “Ermənistan arxayındır ki sentyabrın 16-da KTMT-də sədrlik ona keçəcək. Azərbaycanda düzdür, bunu qorxulu bir məsələ kimi təqdim edirlər. Ancaq heç bir şey olmayacaq. KTMT-nin söz sahibi Rusiyadır. Rusiya nə indi, nə də gələcəkdə Azərbaycanla müharibə etmək niyyətində deyil. KTMT-də olan digər üzvlərdən olan Belarusiya ilə Azərbaycanın çox yaxşı münasibətləri var. Qazaxıstan və Qırğızıstan da buna getməz. Tacikistan da nə qədər çalışsa da, Azərbaycana qarşı hər hansı qərar verməz. Ermənistanın da gücünü biz gördük. Azərbaycan ordusu 44 günlük müharibə ərzində Ermənistan ordusunu darmadağın etdi”. Ermənistan öz məğlubiyyətlərinin nəticələrini gecikdirmək istəyir.

Politoloq bu barədə fikirlərini belə açıqladı:“Ermənistan öz xislətinə uyğun hərəkət edir. Paşinyan keçmiş Dağlıq Qarabağ məsələsini yaddan çıxarmaq üçün diqqəti daha çox sərhədə yönəldib. Eyni zamanda Zəngəzur dəhlizi ilə bağlı hay-küy salır. Amma bunların hamısı boş şeylərdir. Ermənistan gözəl anlayır ki, Qarabağ Azərbaycan ərazisidir. Onlar əvvəl-axır buradan çıxmalıdır. Amma bunu birbaşa edə bilmirlər və məcburdurlar öz xislətlərinə uyğun olaraq təxribatlarla, başqa yollarla və şantajla bu prosesi gündəmdən çıxartsınlar”.

“Eyni zamanda onun Zəngəzur dəhlizi ilə bağlı dedikləri də anlaşılan deyil” - deyən, Cümşüd Nuriyev Paşinyanı təcrübəsiz siyasətçi adlandırıb. Bu fikrini politoloq belə izah edib: "Yəni adam siyasətdən uzaq olduğuna görə, 3 cümlədən sonra əvvəlki cümlələrdən özü də imtina edir. Deyir ki, Zəngəzur dəhlizini aşmaq olmaz. Eyni zamanda da deyir ki, Sovet vaxtında Azərbaycan Naxçıvanla oradan əlaqə saxlayırdı. Deyir ki, biz bunun əleyhinə deyilik”.

“Hələlik "Böyük sülh sazişi" Rusiyaya da sərf etmir”-deyən politoloq sülh sazişinin nəticələrini qeyd etdi. O, nəticələr barəsində deyib: “Ermənistan "Böyük sülh sazişi"nə imza atacaqsa, birmənalı olaraq Azərbaycanın 75-85-ci illərdə müəyyənləşdirilmiş sonuncu topoqrafik xəritə üzrə sərhədlərin delimitasiyası, demarkasiyasına uyğun olaraq hərəkət edəcək. Bu delimitasiya və demarkasiya prosesindən sonra ermənilərin 30 ildə tutduqları və yerləşdikləri ərazilər əllərindən çıxacaq. Bu bir mənalıdır. İndi çalışırlar bunun müddətini uzatsınlar. Amma bunlar hamısı boş şeylərdir. Təbii ki, bütün ölkələrdə olduğu kimi bizimdə daxilimizdə müəyyən xarici siyasi təsir dairələrinə xidmət edənlər var. Nə olsa da, "Böyük sülh sazişi" imzalanacaq.

Politoloq Cümşüd Nuriyev ermənilərin bütün səylərinin boş olduğunu vurğulayaraq bunları qeyd etdi: “Amma bütün təxribatlara baxmayaraq Azərbaycan "Böyük sülh sazişi"ni imzalamağa Ermənistanı məcbur edəcək. Ermənistan çalışacaq ki, KTMT sədrliyi ona keçənə qədər bunu həyata keçirsin. Çünki sədrlik onlarda olanda bunu etsələr bu Ermənistanın tam iflası demək olacaq”.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...