"Milli Məclisin buraxılmasına heç bir lüzum yoxdur" - DEPUTATLARDAN AÇIQLAMA

“Bu gün Azərbaycanda bir sıra bəzi siyasi qüvvələr və onları xaricdə himayə edən bəzi qurumlar çaxnaşmalar, təxribatlar yaratmaq istəyirlər. Ona görə də son zamanlar bu cür şayiələr yayılmaqdadır. Yəni onlar istər icra, istərsə də qanunvericilik orqanlarının fəaliyyətində də hansısa öz mənfi fikirlərini irəli sürürlər. Amma bu hər zaman olub, bütün zamanlarda vaxtaşırı bu qaraguruhçular tərəfindən belə təxribatlar baş verib”. Bu sözləri SİA-ya açıqlamasında deputat Kamilə Əliyeva deyib.

Onun sözlərinə görə, yəqin ki bundan sonra da belə hallar olacaq: “Amma onların işləri elə çaxnaşma yaratmaqdan ibarətdir. Ona görə də son zamanlar bu cür fikirlər yayılmaqdadır ki, Milli Məclis və parlament buraxılacaq. Ancaq bugün Azərbaycanda dinamik sürətli inkişaf gedir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın imici dünyada artır”.

Kamilə Əliyeva sözlərinə belə davam edib: “Elə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz nəticə, uğur, zəfər bütün dünyaya bir mesaj oldu. Azərbaycanın daha qüdrətli olması, güclü orduya malik olması, Azərbaycanın güclü liderinin olmasının şahidi oldular”

“Milli Məclisin buraxılmasına heç bir lüzum yoxdur. Yəni, bilirsiniz ki, 2020-ci ildə parlament seçkiləri keçirilib. Bugün milli məclis demək olar ki, əvvəlki çağırışlardan da daha səmərəli fəaliyyət göstərir. Bugün Milli məclisin tərkibi əvvəlki tərkibdən də fəaliyyətinə görə daha zəngindir. Yəni daha işgüzar fəaliyyət göstərirlər, daha səmərəli təkliflərlə deputatlarımız çıxışlar edirlər və milli məclisin bugünkü məhsuldar fəaliyyəti onun buraxılmasına heç bir əsas vermir, əksinə bir daha qeyd edirəm ki, bugün milli məclisdə qəbul olunan qanun layihələri daha səmərəli və keyfiyyətli şəkildə öz nəticələrini verməkdədir. Bu cür şayiələri yayan insanlar öz vətəninə, öz respublikasına, öz xalqına düşmən kəsilən bir şəxslərdi. Bu cür yanlış, təxribatçı şayiələrlə insanlar arasında belə bir çaxnaşma yaratmaq istəyirlər”.

Məsələ ilə bağlı deputat Müşfiq Cəfərov da öz fikirlərini qeyd edib: "Son dövrlər bəzi KİV-də yaxın vaxtlarda Konstitusiyaya dəyişiklik edilməsi üçün referendum keçiriləcəyi, eləcə də Milli Məclisin təkrarən buraxılacağı barədə əsassız, həqiqətə uyğun olmayan məlumatlar və müzakirələr yer almaqdadır. Azərbaycanda bu addımın atılması üçün hər hansı zərurət mövcud deyil. Deyə bilərəm ki, hər baxımdan dövlət idarəçiliyi və Milli Məclisin fəaliyyəti yüksək səviyyədə qurulmuşdur. Milli Məclisin fəaliyyəti də göz önündədir".

Deputat sözlərinə davam edib: "Son zamanlar beynəlxalq hesabatlardan da aydın olur ki, Azərbaycanda dövlət idarəetməsində çeviklik artıb və fərqli dövlət qurumlarının fəaliyyəti bir-birini tamamlayır, idarəetmədə səmərəliliyin daha da yüksəlməsi müşahidə olunur. Həmçinin, idarəçilikdə islahatların davamlılığı da məhz səmərəliliyi, keyfiyyəti partırmağa xidmət edir. Bu əsassız çıxışları irəli sürənlərin tutarlı səbəbləri və arqumentləri yoxdur".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...