""Dəmir yumruğ"un zərbəsindən hələ özlərinə gəlməyiblər" - DEPUTATDAN SƏRT REAKSİYA

"Son günlər erməni təxribatlarının artması şübhəsiz ki, təsadüfi deyil. Əgər, Azərbaycan ərazisində qanunsuz erməni silahlı dəstələri varsa, gec-tez onlar yeni-yeni təxribatlar törədəcəklər. Ən azından buna cəhd edəcəklər". Bu sözləri SİA-ya açıqlamasında deputat Əziz Ələkbərli deyib.

Onun sözlərinə görə, ermənilər bilməlidirlər ki, bununla heç nəyə nail ola bilməyəcəklər. Necə ki, bu 30 ildə onlara dəstək verib, Azərbaycana qarşı görünməmiş cinayətlərə sövq etdilər və nəticədə nəinki Ermənistan, ermənilər, bütün dünya erməniliyi darmadağın oldu. Bundan sonra da heç bir xarici qüvvə onları törədəcəkləri əməllərə görə cəzalandırılmaqdan qoruya bilməyəcək. Lakin belə görünür ki, ermənilər 44 günlük müharibədən lazımi nəticə çıxarmayıblar. Bəlkə də "Dəmir yumruğ"un zərbəsindən hələ özlərinə gəlməyiblər. Ağıllarını başlarına toparlayıb nəticə çıxarmaq iqtidarında deyillər. Belə olan surətdə onlara havadarlıq edənlər erməniləri başa salmalıdırlar ki, qalib dövlət kimi, bu gün Azərbaycan elə siyasi, hərbi, iqtisadi və mənəvi gücdədir ki, lazım gəlsə, bütün dünyaya qarşı özünü müdafiə edə bilər. Amma hadisələrin gedişindən belə anlaşılır ki, ya ermənilərə dəstək verənlər bu milləti, həmişə olduğu kimi, indi də sona qədər istifadə edib atmaq fikrindədirlər. Yəni onları ermənilərin taleyi yox, özlərinin şəxsi maraqları düşündürür, ya da həmin qüvvələr intihar etməyə qərarlı olan xəstə erməni toplumunu artıq idarə etmək iqtidarında deyillər, “canları cəhənnəm, sonu nə olar-ola” mövqeyindədirlər. Əlbəttə, biz müharibə istəmirik, amma hər an müharibəyə hazırıq".

Əziz Ələkbərli həmçinin qeyd edib ki, müharibədən qalib çıxmağımıza baxmayaraq, məğlub və cinayətkar erməniləri bağışlamaq, hətta onlara bizimlə birgə yaşamaq şansı vermək qədər humanistlik göstərmək mövqeyimizi ortaya qoyduq: “Amma ermənilər bunu qanmadılar, belə getsə, artıq bundan sonra bu da olmayacaq. Biz 200 il ermənilərə isti qucağımızda yer verdik və onlar bizi doğma torpaqlarımızdan qovub çıxardılar, artıq biz öz tarixi torpaqlarımıza – Zəngəzura, Göyçəyə, İrəvana qayıtmaqda qərarlıyıq, əgər onlar buna hazır deyillərsə, çıxıb gedə bilərlər, əgər onlar yerin üstündə bizimlə yaşamaq istəmirlərsə, biz onlara özləri boyda torpaq verə bilərik, amma bu dəfə yerin altında”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə