“Qabarıq şəkildə, həyasızcasına iç üzlərini biruzə verdilər” DEPUTATDAN SƏRT REAKSİYA

“Son 20 il ərzində mən bütün açıqlamalarımda bu barədə səsləndirmişəm və indi də deyirəm ki, artıq bir növ, “xoruzun quyruğu görünür”. Bilirsinizmi, mən 20 il bundan qabaq bir formula təklif etmişdim və 20 ildir də onu deyirdim. Mən deyirdim ki, bu danışıqlarda tərəflər nisbəti dördün birədir. Bir Azərbaycan tərəfidir, amma, üç həmsədr dövlət və bir işğalçı Ermənistan olmaqla, dörd onlardır.” Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Millət vəkili vurğulayıb ki, yəni, bunlar birmənalı olaraq açıq-aşkar yarandıqları gündən sona qədər, 44 günlük müharibəyə qədər quyruqlarının üstündə dik dayandılar və ermənilərin mövqelərini müdafiə elədilər.

“Bütün bu illər ərzində çalışdılar ki, Azərbaycanı ərazilərinin işğalı ilə, ərazidə o status-kvonun qorunub saxlanması ilə, ərazilərimizin erməni işğalı altında qalması ilə, Dağlıq Qarabağın ya müstəqil dövlət, ya da Ermənistanın tərkibinə verilməsi ilə razılaşmağa məcbur edələr. Bunlar bütün fəaliyyətləri dövrü ciddi cəhdlə buna çalışdılar. Bu fikirləri 44 günlük Vətən müharibəmizdən sonra cənab Prezidentimiz bir neçə dəfə səsləndirdi ki, biz əvvəl elə bilirdik ki, bunlar səmimidir, amma sonra gördük ki, bunlar bizim başımızın altına sülh yastığı qoyub bizi aldatmaqla, ermənilərin tərəfini saxlamaqla məşğuldurlar.

Mən bu fikrimi əvvəldən səsləndirmişdim. Hətta mən deyirəm sizə və bu elə-belə söz də deyil, bu real faktdır ki, mən o dövrdə fəaliyyət göstərən Dağlıq Qarabağın Azərbaycan icmasının idarə hehətinin üzvü kimi, onlarla dəfələrlə görüşmüşəm və bu görüdə tək olmamışam, biz bir neçə nəfər olmuşuq. Mən o şahidlərin yanında onların üzünə, gözlərinin içinə bu sözü demişəm ki, onlar saxtakardırlar, riyakardırlar, ermənilərin xeyrinə çalışırlar, ermənilərin xeyrinə, azərbaycanlıların ziyanına olmaqla Azərbaycanı nəyə isə məcbur etmək istəyirlər və onların dediklərinin hamısı cəfəngiyyatdır, biz torpaqlarımızı hərbi gücümüzü tətbiq etməklə işğaldan azad edəcəyik. Bu gün görürsünüzmü onların mövqeyini? Hətta onlar bir il öncə də axmaq bir məsələ ilə məşğul oldular. Dağlıq Qarabağla bağlı məsələdə onların üçü də əleyhinə mövqe göstərdilər. Yəni, bu belə də olmalı idi. Burada təəccüblü bir şey yoxdur. Çünki, biz erməni tarixinə baxsaq, erməni məsələsinə baxsaq, hələ yüz əlli, iki yüz il bundan qabaq ermənilərlə bağlı olan məsələlərə münasibətlərinə baxsaq, sonradan da birinci Dünya Müharibəsi dövründə onların ermənilərlə bağlı mövqelərinə baxsaq, Ermənistan dövləti yaradılanda onların mövqelərinə baxsaq, 1988-ci ildən də bu məsələlər başlayandan onların yanaşmasına baxsaq, bu, gün kimi bizə aydın olar. İndi də çox qabarıq şəkildə, çox həyasızcasına özlərinin iç üzlərini biruzə verdilər. Yəni bunlar heç cür həzm edə, qəbul edə bilmirlər ki, Azərbaycan torpaqlarını iğaldan azad edibdir və Şuşa Azərbaycanın tarixi şəhəri bu gün öz əsl sahiblərinin ixtiyarında, sərəncamındadır. Bunların gözü çıxır, ürəyi partlayır. Buna görə də, biz birmənalı şəkildə, Azərbaycan olaraq ATƏT-in Minsk Qrupu vasitəçiliyindən, o qurumdan birdəfəlik imtina etməliyik. Biz imtina etdikdən sonra da o qurum olmamalıdır. Çünki, o qurumun mövcud olması Azərbaycan və Ermənistanın hər ikisinin razılığıilə mövcud olubdur. Əgər bunlar 28 ildən çoxdur bizim əleyhimizə işləyibdirsə, bu gün də bizim qələbəmizi, bizim Vətən müharibəsində qazandığımız uğuru, torpaqlarımızın işğaldan azad olunmasını qəbul edə, həzm edə bilmirlərsə, biz nəyə görə razı olmalıyıq ki, onlar yenə mövcud olsunlar və bizə axmaq-axmaq tapşırıqlar, göstərişlər versinlər?”, deyə Elman Məmmədov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə