Azərbaycan təhsili beynəlxalq standartlara uyğunlaşdırılır

Azərbaycanda dövlət başçısı tərəfindən təhsilə böyük önəm verilməsi, yeni proqram və layihələrin, təhsil islahatlarının həyata keçirilməsi Azərbaycan təhsilinin dünya standartları səviyyəsində qurulmasına səbəb olub. Təbii ki, dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər ölkəmizin uğurlu gələcəyindən xəbər vermiş olur. Bu istiqamətdə islahatlar davamlıdır. Təbii ki, təhsil ölkəmizin ümumi inkişafına uyğun şəkildə inkişaf edərək, ən müasir tələblərə cavab verməlidir. Mövcud inkişafın dayanıqlı olması üçün Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində qeyd etdiyi kimi, insanlar hazırlıqlı və gənclər bilikli olmalıdırlar. İnkişaf etmiş ölkələrin təcrübəsi, keçdiyi tarixi yol bir daha göstərir ki, məhz həmin dövlətlərdə təhsilə, elmi inkişafa böyük önəm verilir, islahatlar aparılır. "İnkişaf etmiş ölkələrin təcrübəsinə baxdıqda, görürük ki, onları inkişaf etmiş ölkələrə çevirən təbii resurslar yox, məhz bilik, savad, təhsil və elmin inkişafıdır", deyən dövlət başçısı artıq 17 ildir ki, Azərbaycanda qara qızılı insan kapitalına çevirmək prinsipi əsasında islahatlar aparıldığını bildirib: "Bu illər ərzində tamamilə yeni, müasir nəsil yetişib və gənclər bu gün bütün sahələrdə özlərini göstərirlər. Onların fəallığı, bilikləri, müasir texnologiyalara marağı ölkəmizi gücləndirir".

Bildiyimiz kimi, ümumtəhsil məktəblərinin təmir-tikinti işləri də son illərdə davamlı olaraq həyata keçirilir və bu, təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına, tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Son illərdə çoxlu sayda yeni məktəb binasının və korpusların inşası, mövcud təhsil müəssisələrinin yüksək səviyyədə yenidən qurulması, onların zəruri tədris avadanlığı ilə təchiz olunması təhsil sahəsinin müasirləşdirilməsi istiqamətində həyata keçirilən işlərin tərkib hissəsidir. Bu günlərdə dövlət başçısı "Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.14.1-ci yarımbəndində göstərilmiş 20,0 (iyirmi) milyon manat vəsait Bakı Şəhər İcra Hakimiyyətinə ayrılıb. Azərbaycan Prezidentinin 17 may tarixində isə imzaladığı "Qəbələ rayonunun Nic qəsəbəsində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncamı təhsilə ayrılan diqqətin davamlı olduğunu bir daha göstərmiş oldu. Sərəncama əsasən, Qəbələ rayonunun Nic qəsəbəsində 4 nömrəli tam orta məktəb üçün 360 şagird yerlik yeni binanın tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılıb.Təhsilin inkişafı ilə bağlı qəbul olunan mühüm strategiya və proqramlar nəticəsində dövlət büdcəsindən təhsilə ayrılan xərclər əhəmiyyətli şəkildə artıb. Təhsilin maddi-texniki bazasının gücləndirilməsi, onun infrastrukturunun müasir tələblər səviyyəsində təşkili istiqamətində həyata keçirilən tədbirlər davamlıdır. Qətiyyətlə deyə bilərik ki, müasir dövrümüzdə təhsil sahəsində islahatların ən mühüm mərhələsi yaşanılır. Təhsilin məzmunu və keyfiyyəti və təlimin təşkilinə verilən tələblərdə ciddi yeniləşmə və müasirləşdirmə prosesləri gedir. Təhsilin beynəlxalq standartlara uyğunlaşdırmaq üçün atılan addımlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin "qara qızıl"ın insan kapitalına çevrilməsi çağırışı öz nəticəsini verir.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...