Qoar Meloyan: “Erməni diplomatiyası bu dəfə AŞPA-da süquta uğradı” İTTİHAM

Ermənistanın konstitusiya üzrə eksperti Qoar Meloyan erməni deputatlarının AŞPA-dakı uğursuzluqları barədə danışıb. SİA xəbər verir ki, bu barədə news.am saytı Meloyanın AŞPA-nın iclasında “erməni əsirləri” ilə bağlı mövzunun gündəmə salınmaması ilə bağlı feysbuk səhifəsində yazdığı fikirlərini şərh edib. Belə ki, erməni eksperti “əsir” məsələsinin yerinə Rusiya siyasətçisi Navalnının həbsi ilə bağlı fikir mübadilələrinin aparılmasını erməni diplomatiyasının tənəzzülü kimi qiymətləndirib.

“Yuxarıda göstərilənlər bir tərəfdən Avropa strukturlarının qərəzini göstərir, digər tərəfdən Ermənistan respublikasının diplomatiyasının süquta uğradığını isbatlayır - bu dəfə parlament diplomatiyasını”, deyə Qoar Meloyan statusunda qeyd edib.

Onun sözlərinə görə, belə olan halda böyük bir nümayəndə heyətinin Strasburqa getməyinin mənası yox idi. SİTAT: “Ermənistanın böyük nümayəndə heyətinin vergi ödəyicilərinin hesabına Strasburqa getməsinin nə mənası var idi ki? Hansı ki, digər ölkələrin parlament nümayəndə heyətləri iclaslara qiyabi qatılır, erməni nümayəndələri isə AŞPA-nın gündəminə hətta “əsirlər” məsələsini belə daxil edə bilməyiblər”.

“Ümumiyyətlə, araşdırmaq lazımdır ki, heç olmasa bu məsələni aktuallaşdırmaq cəhdi olubmu?”, deyə Meloyan yazıb.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan ölkə başçılarının imzaladıqları üçtərəfli bəyanatdan sonra hərbi əsirlər hamının-hamıya prinsipi ilə dəyişdirilib. Atəşkəs əldə edildikdən sonra isə bir qrup erməni silahlıları Azərbaycan Ordusunun nəzarət etdiyi ərazilərdə təxribat-diversiya hərəkətləri törətməyə cəhdlər göstəriblər və nəticədə əsir olaraq ələ keçiriblər. Onlar barəsində Azərbaycan Respublikasının cinayət məcəlləsində müvafiq cinayət işləri açılıb və hərbi əsir hesab olunmurlar.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə