Ter-Petrosyan və Koçaryan Paşinyanın yanına elçi yolladılar ANALİTİK

Yaxud, Saakyan və Qukasyan baş nazirin yanından üzüqara qayıtsalar da, proseslər başqa tərəfə yönəlir

Ermənistanın “Hraparak” nəşrinin yazdığına görə, Ermənistanın xarici işlər naziri Zoqram Mnatsakanyanın Moskva səfəri uğursuz olub və onun Rusiya XİN rəhbəri ilə görüşündən hər hansı bir uğurlu nəticəni gözləməyə dəyməz. SİA adıçəkilən nəşrə istinadən xəbər verir ki, dünən axşam Moskvadan geri dönən erməni XİN rəhbəri dərhal baş nazir Nikol Paşinyanın yanına gedib.

Lakin bütün bunlarla yanaşı, erməni nəşrinin toxunduğu daha bir maraqlı məqam Ermənistanın birinci və ikinci prezidentlərinin - Levon Ter-Petrosyanın və Robert Koçaryanın iqtidarın hərbi-siyasi rəhbərliyinin Qarabağ cəbhəsində uğradığı fiaskodan və məğlubiyyət vəziyyətindən istifadə etmələri ilə bağlıdır.

Qarabağın Azərbaycana qaytarılmasını tələb edirlər

Daha dəqiq desək, hazırda Nikol Paşinyanın siyasi hakimiyyətinin son vaxtlarını yaşaması sirr deyil. Artıq Ermənistanın sadə vətəndaşları, ictimai rəyi cəbhədə kütləvi şəkildə öldürülən övladlarının hesabını baş nazirdən sormaq üzrədirlər. Əbəs deyil ki, son günlər ermənilərin sosial şəbəkə seqmentlərində böyük ağlaşma, hakimiyyətə nifrət statusları demək olar ki, minlərlədir. Hər kəs, xüsusilə qadınlar müharibənin dayandırılmasını, Qarabağın Azərbaycana qaytarılmasını tələb edirlər. Bu fakt isə axır vaxtlar həm də psixiki sarsıntı keçirdiyi aşkar görünən Paşinyanın durumunu daha da ağırlaşdırır.

Ter-Petrosyan və Koçaryan qollarını çırmayaraq hazır vəziyyətə keçiblər

Beləliklə, vəziyyəti öz xeyirlərinə doğru yönəltməyə, sözün əsl mənasında Nikol Paşinyanı devirməyə qərarlı görünən Ter-Petrosyan və Koçaryan qollarını çırmayaraq hazır vəziyyətə keçiblər. Daha dəqiq desək, xalqı öz tərəflərinə çəkmək üçün tam məqamın olduğunu yaxşı bilən bu cütlük məhz qondarma “dqr”in iki sabiq “prezidentləri” – Bako Saakyanla Arkadi Qukasyanı Nikol Paşinyanın yanına elçi göndəriblər ki, danışıqlara qatılsınlar. Yəni məqsəd, baş nazirin onların Moskvaya getmələrinə icazə almaqdır. Amma söz yox ki, erməni bicliyi digər erməni bicliyini üstələyib və Nikol Paşinyan onun yanıda elçi göndərilən Saakyanla Qukasyanı qovub, belə bir icazəni verməyəcəyini bildirib.

Beləliklə, nə baş verə bilər? Qarabağ cəbhəsində kütləvi şəkildə ölümə məhkum olan erməni əsgərlərinin valideynləri, bütövlükdə isə xalq ayağa qalxaraq müharibənin Azərbaycana uduzulduğunu bildirəcək və Nikol Paşinyanın linç olunmasını tələb edəcəklər. Ölkədə vəziyyət gərginləşəcək, istər Levon Ter-Petrosyan, istər Robert Koçaryan, istərsə də Serj Sarkisyan, eləcə də köhnə hakim elita yenidən ölkədəki situasiyanı əllərinə geri qaytarmaq üçün xalqın adından danışacaqlar və əlbəttə, artıq Qarabağın əldən verildiyini də etiraf edərək, bundan sonra ağır, çıxılmaz, hətta xəritədən silinmək üzrə olan Ermənistanın həmin situasiyadan çıxarılması yönündə addımlarını atacaqlar. Yəni bu gün Azərbaycanın terrorçu Ermənistanın burnunu ovması, yerində oturtması ardınca proseslərin də bənzər istiqamətlərdə gedəcəyini kifayət qədər ehtimal etmək olar.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə