"Qondarma "seçki"yə beynəlxalq ittiham Azərbaycana dəstəkdir" AÇIQLAMA-ÖZƏL

“Qondarma Dağlıq Qarabağ republikasına budəfəki saxta və qanunsuz seçkilər faktına dünya miqyasında əvvəlkilərdən fərqli reaksiyalar və dəyərləndirmələr gördük. Əvvala, Azərbaycana qardaş ölkə sayılan Türkiyənin həmişəki kimi dərhal münasibət bildirməsi tək fakt olaraq qalmadı və saxta seçkini dərhal pisləyən dövlətlər və qurumların sayı tədəvvür edilməz dərəcədə çoxaldı”. Bu fikirləri SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Ekspertin sözlərinə görə, geniş siyahını da təkrar etmədən demək lazımdır ki, əks reaksiyalar həm gecikmədən baş verdi, həm də çox geniş oldu.

Baş redaktor söyləyib ki, bu amil işğalçı ölkənin mövqelərinin və digər beynəlxalq manevr imkanlarının nə qədər daraldığını sübut etdi: “

Belə ki, beynəlxalq aləm qondarma rejimdəki seçkini hüquq və konstitusion çərçivədə tanımadığını birmənalı bəyan etdi. Bu, Azərbaycan üçün prinsipial əhəmiyyət daşıyır. Eyni zamanda beynəlxalq aləm münaqişənin yalnız Azərbaycan konstitusiyası çərçivəsində keçirilməsinin yeganə doğru və perspektivli metodika olduğunu nümayiş etdirdi. Bununla yanaşı, Ermənistanın və separatçı qurumun rəhbərlərinin ölkəni demokratik təqdim etmək oyunlarının növbəti şəksiz iflasının şahidi olduq”.

Saysız dövlət və beynəlxalq qurumların öz bəyanatları ilə separatçıların koronovirusla indiki qlobal müharibə şəraitində nə qədər qeyri -insani və qeyri-əxlaqi hərəkətə yol verdiklərini bəyan etdiyini deyən A.Quliyev qeyd edib ki, məntiqi olaraq dünyaya deyildi ki, ermənilər bəşəriyyətin ölüm-qalım mübarizəsi etdiyi dövrdə də öz təcavüzkar və ədalətsiz mövqelərindən çəkinmirlər: “Qondarma rejimdəki seçkiyə beynəlxalq ittiham reaksiyaları Azərbaycanın ərazi bütövlüyü prinsipinə növbəti birmənalı dəstəkdir. Bir daha sübut olundu ki, Azərbaycan Dağlıq Qarabağ probleminin əsil mahiyyətini dünyaya çatdırmaqda Ermənistana tam qalib gəlib və onu ifşa edib. Qondarma qurumda seçkinin qlobal olaraq tanınmaması və bu saxta seçkinin məhz virusa qarşı mübarizə dövründə keçirilməsi Ermənistanın mövqelərinə və imicinə sarsıdıcı zərbələr effekti verdi”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə