Siyasi ölüm sonatası - İFAÇI KİMDİR? SİYASİ RAKURS

Artıq seçkilərə sayılacaq günlər qalır və bu dəfə istər radikal, istər dağıdıcı, istərsə də aqressiv olaraq adlandırılan siyasi dəllallar yığnağı - sözdə müxalifət “boykot” deyilən səmərəsiz taktikadan istifadə etməklə, guya siyasi gündəmi dəyişdirmək məqsədini daşıyır. Halbuki, Azərbaycanda baş tutacaq demokratik seçkilərə artıq xarici siyasət adamları, nüfuzlu politoloqlar tərəfindən da kifayət qədər çox müsbət rəylər verilib. Və maraqlısı da budur ki, hələ 2013-cü ildə prezident seçkisinə qatılmış Əli Kərimlinin siyasi kuklası Cəmil Həsənli təbliğat-təşviqat kampaniyalarında danışanda “ağzına çullu dovşan yerləşmirdisə”, bu gün də eyni hal təkrarlanır, amma...

Amma bu dəfə başqa formada – “boykot” şəklində. Bu zaman belə bir sual yaranır ki, əgər sizlər Azərbaycan hakimiyyətinin legitimliyinə, qanunların aliliyinə şübhə ilə yanaşırsınızsa, nəyə görə hər seçkidən bir gah bu, gah da digər “taktikalarla” gündəmdə qalmaq üçün səs-küy yaradırsınız? Artıq uzun illər xidmət göstərdiyiniz xarici dairələr də sizlərin belə “siyasətinizdən” əməllicə çaş-baş qalıblar. Necə deyərlər, irəli sürülən hər bir fikrin əsasından sifariş, öhdəçilik qoxusu gəlir...

Başqa tərəfdən, seçkilərə qatılmaq fikrinizdən vaz keçmisinizsə, bəs onda sosial şəbəkələrdəki müxtəlif adlarda fəaliyyət göstərən səhifələrinizdə ləyaqətə, milli-mənəvi dəyərlərə, nə də ki azərbaycanlıya xas olmayan digər rüsvayçılıqlar arxasından niyə sizlərin adları çıxır? Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Oktay Gülalıyev və s...Axı o da sirr deyil ki, bu gün Orduxanlar və başqalarının sərgilədikləri təlxəklik obrazlarını sizlər də dəstəkləyirsiniz! Əgər sizlərdə az da olsa insani dəyərlərə hörmət hissləri qalsaydı, ən azından bu cür iyrənc oyunbazlıqlara son qoyulmasını tələb edərdiniz. Ancaq bunu etmirsiniz, etmək istəmirsiniz, çünki siyasi mübarizə kontekstində və s. sahələrdə uduzduğunuzun fərqinə dərindən varmısınız. Ona görə də “seçkilərə getmirik-getmirik, barı məğlubiyyətimizi dövlətə, hakimiyyətə, xalqa, ölkə maraqlarına həqarətlər etdirə-etdirə pərdələyək” tipli “prinsipləriniuz” sayəsində əsl “simanızı” ortalığa çıxarırsınız!

Ümumiyyətlə, bütün bunlar barədə düşündükcə, qənaətlərə gəldikcə, qaragüruhçuluq əsasında formalaşmış və meydan təfəkkürünə Avropa xəyanətini də qatıb, mənəviyyatsızlıq kokteyli düzəltmiş siyasi qozbellərin “liderləri” bununla sübut edirlər ki, istər seçkilərə qatıldıqları zaman, istərsə də əksinə olduğunda, onlar iqtidara qarşı mübarizədə alternativ proqrama, platformaya malik deyillər. Yalnız iqtidarın fəaliyyətini ucdantutma qaralama, təhqiretmə məqsədini reallaşdırmaqdan başqa isə yolları yoxdur. Bu baxımdan, siyasi şüur səviyyəsi kifayət qədər yüksək olan Azərbaycan seçicisi doğru ilə yalanı, utopiya ilə reallığı bir-birindən ayıra bilməklə yanaşı, belə siyasətbazların hansı “təfəkkürə” malik olduğunu da yaxşı bilir. Lakin bu da son deyil...

Bu gün özlərini “ağıllı-kamallı” göstərib mitiqnlərdə bar-bar bağıran “liderlər”
bu vaxtadək, yəni seçki dövründən başqa, insanlarla görüşdüklərini xatırlayırlarmı? Xalqın, vətəndaşların problemləri ilə maraqlanıblarmı, onların həlli istiqamətində təşəbbüs göstəriblərmi? Əlbəttə ki, yox. Onlar yalnız seçki dövründə xalqla ünsiyyətə girməyə cəhdlər edirlər ki, onda da xalq belələrini qəbul etmir, əksinə rədd edir. Bu dəfə də belə oldu. Ancaq sonuncu dəfə. Çünki təhqirdən başqa “arqumenti” olmayanların siyasi ölüm sonatasının son notları çalışır, axrıncı akkordları vurulur. Bu sonatanı ifadə edənlər də elə bu qaragüruhçu dəstənin həm buradakı, həm də Avropadakı ünsürləridirlər...

RÖVŞƏN

Bütün xəbərlər Facebook səhifəmizdə