Filip Lö Ueru Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olub

Sentyabrın 13-də Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Filip Lö Ueru Azərbaycana ilk səfəri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olub.

Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səfərin məqsədi ölkədə son dövrlərdə baş verən iqtisadi və sosial inkişafın bilavasitə şahidi olmaqdan və Dünya Bankı ilə Azərbaycan Hökuməti arasında əməkdaşlığın, xüsusilə təklif edilən 2011-2014-cü illər üzrə Ölkə Tərəfdaşlıq Strategiyası çərçivəsində gələcək istiqamətləri barədə müzakirələr aparmaqdan ibarətdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən görüşdə Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Əsəd Aləm və Dünya Bankının ölkə üzrə meneceri Cozef Ouen də iştirak ediblər.

Nazir müavini İlqar Rəhimov qonaqlara ölkədə həyata keçirilən sosial islahatlar nəticəsində əldə olunmuş nailiyyətlər barədə məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.

Daha sonra Dünya Bankı nümayəndələrinə Pensiya və Sosial Təminat Layihəsinin köməyi ilə yaradılmış daxili şəbəkə (WAN) nümayiş etdirilib, şəbəkənin real zamanda fəaliyyəti və məlumatları (Ünvanlı Sosial Yardım Sistemi) idarə etməyə imkan verməsi bildirilib.

Görüşdə həmçinin, Sosial Müdafiənin İnkişafı Layihəsi çərçivəsində nazirliyin aparatında və regionlardakı mərkəzlərdə quraşdırılmış xüsusi video-konfrans sistemi və ikitərəfli video-zəng sistemi nümayiş olunub, nazirliyin Gəncə və Göyçay rayonlarındakı strukturları ilə videobağlantı qurulub, ünvanlı sosial yardım almaq üçün müraciət edən vətəndaşlarla əlaqə yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə