Seymur Orucov: “Azərbaycan gəncliyi qələbə duyğusunu yaşamağa başlayıb” AÇIQLAMA

"Ordumuzda ruh yüksəkliyi elə bir həddədir ki, onlar hər an Ali Baş Komandanın döyüş əmrini gözləyir. Sonuncu hərbi əməliyyatlar zamanı bunun əyani şahidi olduq". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, hakim Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

O bildirib ki, Azərbaycan Ordusu dövlət müstəqilliyinin ilk illərində elə də güclü deyildi: "Ulu Öndərin hakimiyyətə gəlişindən sonra bütün sahələrdə olduğu kimi, Milli Ordumuzda da inkişaf baş verdi. Orduda ruh yüksəkliyi yarandı, struktur dəyişiklikləri edildi, maddi-texniki təminat gücləndirildi. Bu gün Cənab Prezident İlham Əliyevin dövründə Azərbaycan Ordusu tam müasir standartlara cavab verir və onun maddi-texniki təchizatı ən yüksək səviyyəyə çatdırılıb. Azərbaycanı gözü götürməyən, ermənilərin havadarları olan qüvvələr uzun illərdir ki, Dağlıq Qarabağ münaqişəsində güclü ordumuzun öz sözünü deməsinə müəyyən maneələr yaradırdı. Son hadisələr Azərbaycan Ordusunun gücünü, onun Ali Baş Komandanına sadiqliyini və hətta lazım gələrsə İrəvana qədər gedib çıxa biləcəyini dünyaya sübut etdi. Ermənilər üç günlük hərbi əməliyyat nəticəsində yalvarmağa, mövqelərini qoyaraq qaçmağa başladılar. Bu onu göstərdi ki, Ermənistanın nə güclü ordusu, nə də güclü dövləti var. Ermənistan rəhbərliyində duran şəxslər bəzi dövlətlərin vassalı, xalq arasında nüfuzu olmayan insanlardır".

YAP GB sədri maraqlı bir məqama da diqqət çəkib: "Hərbi əməliyyatlar zamanı Ermənistan tərəfi post quraraq Dağlıq Qarabağda qanunsuz məskunlaşan insanların, döyüşən erməni əsgərlərinin geriyə qaçmasının qarşısını almağa, amma Azərbaycan tərəfi post quraraq Vətənini canından da çox sevən xalqımızın nümayəndələrinin Dağlıq Qarabağa döyüşlərə getməsinə mane olmağa çalışdı. Bu fakt bir daha sübut edir ki, Ali Baş Komandanın həyata keçirdiyi siyasət, ölkədəki nüfuzu, xalqın ona inamı, Azərbaycan gəncliyinin vətənpərvərlik hissləri düşmən ölkə ilə müqayisə oluna bilməz. Azərbaycan gəncliyi cənab Prezidentin siyasətini hər zaman hər yerdə dəstəkləyir. Ölkəmizin uğurları bizi sevindirir. Azərbaycan gəncliyi qələbə duyğusunu artıq yaşamağa başlayıb. Biz sülh tərəfdarı olsaq da, torpaqlarımızın son qarışı azad olunanadək mübarizəmizi davam etdirəcəyik. Bütün gənclik Ali Baş Komandanın əmrini gözləyir".

"Bir faktı da qeyd edim ki, Yeni Azərbaycan Partiyasının üzvlərinin bir çoxu, hətta xanımlar belə paytaxtda, regionlarda könüllü şəkildə Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin şöbələrinə müraciət edərək döyüşə getmək üçün növbələrə durublar. Cənab Prezident, Ali Baş Komandan nə vaxt döyüş göstərişi versə, hər kəs torpaqlarımızı azad etmək üçün hazır olacaq. Bu isə iqtidar-xalq, xalq-iqtidar, prezident-xalq, xalq-prezident birliyinin müjdəçisidir".

Bütün xəbərlər Facebook səhifəmizdə