Yaxın Şərqdə yeni mərhələ: Fələstin probleminin həllinə ümid varmı? - ŞƏRH EDİLDİ
“Yaxın Şərq problemi, xüsusilə də uzun illərdir həllini gözləyən Fələstin məsələsi ilə bağlı proseslərin hansı mərhələyə çatdığını bu gün bir daha nəzərdən keçirmək lazımdır. Artıq problemin həlli istiqamətində real mərhələyə çatdığımızı düşünmək olarmı? Bu sualın aktuallığı ondan irəli gəlir ki, hazırda ABŞ və İsrail tərəfindən Fələstində eskalasiyanın qarşısının alınması və prosesin tənzimlənməsi istiqamətində müəyyən mexanizmlərin hazırlanması və işə salınması ilə bağlı məlumatlar yayılır”.
Bunu SİA-ya “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri Nadir Azəri deyib.

Nadir Azərinin sözlərinə görə, xarici mediada yayılan məlumatlarda ABŞ və İsrail arasında Fələstin, Suriya və ümumilikdə regiondakı digər münaqişələrlə bağlı məsələlərdə müəyyən fikir ayrılıqlarının olduğu da qeyd edilir. Belə bir vəziyyətdə bu iki ölkənin bütün məsələlərdə tamamilə eyni mövqedən çıxış edəcəyini və hər bir məsələdə eyni istiqamətdə addımlar atacağını düşünmək real görünmür.
“Lakin onu da nəzərə almaq lazımdır ki, müəyyən məsələlərdə və ayrı-ayrı mərhələlərdə ABŞ və İsrail arasında ortaq razılığın əldə olunması mümkündür. Çünki Yaxın Şərqin gələcək siyasi və təhlükəsizlik arxitekturasının necə formalaşacağı həm ABŞ-ın, həm də İsrailin strateji maraqları baxımından mühüm əhəmiyyət daşıyır”, – deyə Nadir Azəri bildirib.
O qeyd edib ki, bu prosesdə Misirin yanaşmasının daha praqmatik və balanslı olması gözləniləndir. Çünki Misir uzun illərdir Fələstin məsələsində, xüsusilə humanitar istiqamətdə dəstək göstərən əsas regional ölkələrdən biridir. Burada söhbət silahlı qarşıdurmaya və ya terror fəaliyyətinə dəstəkdən deyil, Fələstin əhalisinə humanitar yardım göstərilməsindən gedir.
Nadir Azərinin sözlərinə görə, Misir hazırda regionun aparıcı dövlətlərindən biri kimi öz daxili sabitliyinin və ərazi bütövlüyünün qorunmasına xüsusi əhəmiyyət verir. Bu baxımdan, eskalasiyanın qarşısının alınması prosesində ABŞ və İsrail arasında mümkün əməkdaşlıqla yanaşı, Misirin də fəal rol alması prosesin daha balanslı və mümkün qədər az itki ilə həyata keçirilməsinə imkan yarada bilər.
“Misirin müsəlman ölkəsi olması da bu baxımdan mühüm amildir. Misirin prosesdə fəal iştirakı müəyyən mənada tərəflər arasında balansın qorunmasına töhfə verə bilər. Ən azı Fələstin xalqının və Fələstin əhalisinin hüquqlarının müəyyən səviyyədə müdafiə olunması, humanitar problemlərin həlli və bölgədə gərginliyin azaldılması istiqamətində Misirin mühüm rol oynamaq imkanları var”, – deyə Nadir Azəri əlavə edib.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB