“Azərbaycanın qonşuları ilə münasibətlərdə konstruktiv mövqe nümayiş etdirməsi öz bəhrəsini verir” - ŞƏRH EDİLDİ
İran Prezidenti Məsud Pezeşkianın Azərbaycan haqqında səsləndirdiyi müsbət fikirlər bir daha göstərir ki, Azərbaycanın qonşuları ilə münasibətlərdə konstruktiv mövqe nümayiş etdirməsi və ardıcıl addımlar atması öz bəhrəsini verir.
Bu sözləri SİA-ya deputat Tural Gəncəliyev deyib.
.jpg)
O bildirib ki, Azərbaycan regionda və regiondan kənarda baş verən böyük eskalasiyalara, müharibələrə və mürəkkəb geosiyasi proseslərə baxmayaraq, beynəlxalq hüququn prinsiplərindən çıxış edir, qonşuları ilə münasibətlərdə konstruktiv və qarşılıqlı hörmətə əsaslanan siyasət yürüdür. Pezeşkianın fikirləri də Azərbaycanın bu siyasətinin qonşu dövlətlər tərəfindən müsbət qiymətləndirildiyini göstərir:
“Azərbaycanın mürəkkəb və böhranlı geosiyasi vəziyyətlərdə ən optimal addımları seçməsi, öz milli maraqlarını qorumaqla yanaşı, regional sabitliyə töhfə verməsi ölkənin xarici siyasətinin əsas xüsusiyyətlərindəndir.
Azərbaycanın beynəlxalq münasibətlərdə qazandığı etimadın əsas səbəblərindən biri də onun mövqeyində ardıcıl olmasıdır. Ölkə hansı mövqeni bəyan edirsə, həmin mövqeyə sonadək sadiq qalır. Bu, həm qonşu dövlətlərlə, həm də digər beynəlxalq tərəfdaşlarla münasibətlərdə özünü göstərir.
Məhz bu səbəbdən Azərbaycan müxtəlif güc mərkəzləri tərəfindən etibarlı və strateji tərəfdaş kimi qəbul olunur. İstər Avropa İttifaqı, istər Çin, istər ABŞ, istərsə də digər tərəfdaşlarla münasibətlərdə Azərbaycanın mövqeyinin aydın və proqnozlaşdırıla bilən olması xüsusi əhəmiyyət daşıyır.
Xüsusilə İran-ABŞ qarşıdurması və Rusiya-Ukrayna müharibəsi kimi mürəkkəb proseslər fonunda Azərbaycanın konstruktiv və diplomatik mövqeyi qonşu dövlətlər tərəfindən də qiymətləndirilir. Məsud Pezeşkianın Azərbaycanla bağlı son fikirlərini də məhz bu kontekstdə dəyərləndirmək mümkündür.
Azərbaycan-İran münasibətlərinə gəldikdə isə, bu əlaqələr də ölkəmizin ardıcıl, balanslı və proqnozlaşdırıla bilən xarici siyasəti çərçivəsində inkişaf edir. Pezeşkianın açıqlamaları İran tərəfinin də Azərbaycanın bu siyasətini və regional münasibətlərdə tutduğu mövqeyi müsbət qiymətləndirdiyini göstərən mühüm mesaj kimi dəyərləndirilə bilər”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB