"IV Şuşa Qlobal Media Forumu artıq təkcə media nümayəndələrinin fikir mübadiləsi apardığı beynəlxalq platforma deyil. Son illər Forum Azərbaycanın regional və qlobal proseslərə baxışını dünya ictimaiyyətinə çatdırdığı, ölkənin strateji prioritetlərinin təqdim olunduğu mühüm siyasi tribunaya çevrilib. Prezident İlham Əliyevin Forum çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən səsləndirdiyi fikirlər də bu baxımdan xüsusi diqqət çəkirdi. Çıxış yalnız cari hadisələrə münasibətin ifadəsi deyil, Azərbaycanın son illərdə formalaşdırdığı yeni geosiyasi reallığın siyasi şərhi və yaxın perspektiv üçün müəyyən etdiyi inkişaf istiqamətlərinin təqdimatı idi". Bu sözləri SİA-ya açıqlamasında deputat Pərvin Kərimzadə deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin toxunduğu əsas mövzulardan biri də Qarabağda postmünaqişə mərhələsinin artıq inkişaf və quruculuq dövrü ilə əvəz olunması oldu:
"Dövlət başçısının vurğuladığı kimi, Forumun əsas məqsədlərindən biri xarici media nümayəndələrinin bölgədə baş verən dəyişiklikləri yerində görməsidir. Bu gün onlar dağıntıları deyil, bərpa olunan şəhər və kəndləri, doğma torpaqlarına qayıdan sakinləri və genişmiqyaslı yenidənqurma işlərini müşahidə edirlər. Bu mənzərə təkcə infrastrukturun bərpasını deyil, Azərbaycanın münaqişədən sonrakı dövrdə yaratdığı yeni siyasi reallığı da əks etdirir. Elə buna görə də Şuşa tədricən yalnız tarixi-mədəniyyət mərkəzi kimi deyil, beynəlxalq siyasi dialoqun keçirildiyi nüfuzlu məkan kimi də mövqeyini möhkəmləndirir.
Forumda səsləndirilən fikirlərin mühüm istiqamətlərindən biri Azərbaycanın geoiqtisadi imkanları ilə bağlı idi.Ölkə Prezidenti İlham Əliyev qeyd edib ki, ölkənin tranzit mərkəzinə çevrilməsi yalnız əlverişli coğrafi mövqenin deyil, uzun illər ardıcıl şəkildə həyata keçirilən dövlət siyasətinin nəticəsidir. Enerji və nəqliyyat layihələrinin reallaşdırılması, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaradılması, dəmir yolu infrastrukturunun yenilənməsi, yeni hava limanlarının tikintisi və Xəzər hövzəsində logistika imkanlarının genişləndirilməsi bu strategiyanın əsas sütunlarını təşkil edir. Qlobal nəqliyyat marşrutlarının dəyişdiyi indiki şəraitdə Azərbaycanın etibarlı tranzit tərəfdaşı kimi mövqeyinin daha da güclənməsi həmin siyasətin uzaqgörənliyini təsdiqləyir. Dövlət başçısının limanın genişləndirilməsi, yeni gəmilərin inşası və Orta Dəhlizin inkişafı ilə bağlı açıqlamaları da bu strateji xəttin davamı kimi qiymətləndirilə bilər.
Prezident İlham Əliyevin Cənubi Qafqazın gələcəyi ilə bağlı fikirləri də xüsusi diqqət çəkirdi. Dövlət Başçısı bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra region tamamilə yeni mərhələyə qədəm qoyub və əvvəlki siyasi yanaşmalar artıq mövcud reallığı əks etdirmir. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam təmin olunması regionun geosiyasi mənzərəsini dəyişdirib. Bu şərait Cənubi Qafqazın qarşıdurma məkanından əməkdaşlıq və iqtisadi inteqrasiya platformasına çevrilməsi üçün yeni imkanlar yaradır. Bunun baş verməsi isə ilk növbədə region dövlətlərinin milli maraqlarına hörmət edilməsindən və xarici güclərin rəqabətinin əməkdaşlığa mane olmamasından asılıdır.
Diqqət çəkən məqamlardan biri də Azərbaycanın müstəqil xarici siyasət kursu ilə bağlı idi. Prezident İlham Əliyev bir daha vurğulayıb ki, Azərbaycan heç bir geosiyasi blokun aləti olmayıb və bundan sonra da milli maraqlara əsaslanan balanslaşdırılmış siyasətini davam etdirəcək. Məhz bu yanaşma ölkənin həm Qərb, həm Şərq, həm də region dövlətləri ilə qarşılıqlı hörmətə söykənən münasibətlər qurmasına şərait yaradıb. Son illərdə Azərbaycanın müxtəlif beynəlxalq platformalarda vasitəçilik təşəbbüsləri ilə çıxış etməsi də Bakıya formalaşmış etimadın göstəricilərindən biridir.
Forumda Türk dünyası ilə əməkdaşlıq məsələsi də geniş yer tutdu. Prezident İlham Əliyevin Özbəkistan və Qazaxıstanla həyata keçirilən birgə layihələri xüsusi vurğulaması göstərir ki, türk dövlətləri arasında inteqrasiyanın dərinləşdirilməsi Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən biri olaraq qalır. Qarabağın bərpasında qardaş ölkələrin iştirakına diqqət yetirilməsi isə siyasi həmrəyliyin artıq konkret iqtisadi və humanitar layihələr vasitəsilə praktik məzmun qazandığını nümayiş etdirir.
Milli təhlükəsizlik məsələləri də çıxışın əsas istiqamətlərindən biri idi. Prezident İlham Əliyev ölkə daxilində sabitliyin təmin olunduğunu, əsas çağırışların isə xarici amillərlə bağlı olduğunu qeyd edib. Bu kontekstdə dövlət başçısı cəmiyyətin birliyinin, milli həmrəyliyin və dövlətə etimadın Azərbaycanın ən mühüm strateji üstünlüklərindən biri olduğunu vurğuladı. Son illərin təcrübəsi də göstərir ki, milli maraqlar ətrafında formalaşmış birlik ölkənin dayanıqlı inkişafının və təhlükəsizliyinin əsas təminatlarından biridir. Prezident İlham Əliyevin Azərbaycan xalqına ünvanladığı mesajın əsas ideyası da məhz bu idi: müstəqillik yalnız əldə edilən nailiyyət deyil, həm də davamlı məsuliyyət tələb edən dəyərdir.
IV Şuşa Qlobal Media Forumu bir daha nümayiş etdirdi ki, Azərbaycan artıq beynəlxalq gündəmdə yalnız baş verən prosesləri izləyən deyil, onların formalaşmasına təsir göstərən dövlətlərdən biridir. Prezident İlham Əliyevin Forumda səsləndirdiyi fikirlər Qarabağın bərpasından regional əməkdaşlıq modelinədək, nəqliyyat-kommunikasiya layihələrindən milli təhlükəsizlik məsələlərinədək vahid strateji baxışın tərkib hissəsi kimi çıxış etdi. Bu baxışın əsas məqsədi isə müstəqil, güclü və regional proseslərdə söz sahibi olan Azərbaycan dövlətinin mövqeyini daha da möhkəmləndirməkdir. Şuşadan verilən mesajların ümumi mahiyyəti də məhz bundan ibarətdir. Azərbaycan öz geosiyasi çəkisini artıq təkcə iqtisadi potensialı və hərbi gücü ilə deyil, etibarlı tərəfdaş, təşəbbüskar aktor və məsuliyyətli dövlət kimi qazandığı siyasi nüfuz vasitəsilə də möhkəmləndirir".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB