"Rusiyanın cavab addımları qaçılmaz görünür" - POLİTOLOQ DANIŞDI

"Rusiyanın cavab addımları qaçılmaz görünür" - POLİTOLOQ DANIŞDI

"Müharibənin gedişatına nəzər salsaq, Ukraynanın hava məkanında müəyyən üstünlük əldə etdiyini görmək olar. Eyni zamanda, dron imkanlarının artması nəticəsində Ukrayna hava hücumlarını daha da intensivləşdirib. Rəsmi Kiyev artıq Rusiyanın dərinliklərində yerləşən strateji obyektləri, o cümlədən iri neft emalı komplekslərini, boru kəmərlərini və enerji infrastrukturunu hədəfə almağa başlayıb".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.

Turan Rzayev sözlərinə belə davam edib: "Bu isə uzunmüddətli perspektivdə Rusiyanın enerji sektoruna ciddi təsir göstərə və müəyyən enerji problemlərinə səbəb ola bilər.

Əslində, bu, hərbi baxımdan məntiqli addımdır. Çünki Rusiyanın əsas iqtisadi dayaqlarından biri enerji sektorudur. Əgər bu sahəyə zərbələr davamlı xarakter alarsa, Rusiyanın enerji ixracı və gəlirləri mənfi təsirlənə bilər. Bu da müəyyən mənada onun müharibəni maliyyələşdirmək imkanlarını zəiflədə bilər. Lakin bunu Rusiyanın müharibədən geri çəkiləcəyinin qəti göstəricisi kimi qiymətləndirmək düzgün olmaz. Çünki Rusiya mövcud resursları hesabına uzunmüddətli müharibə aparmaq imkanına malik dövlətdir.

Digər tərəfdən, Rusiyanın zəngin enerji ehtiyatları ilə yanaşı, böyük taxıl resursları da var. Bu amil ona beynəlxalq bazarlarda, xüsusilə də Avropa istiqamətində müəyyən iqtisadi təsir imkanları verir.

Hazırkı mərhələdə Ukraynanın müəyyən üstünlük əldə etdiyi görünür və endirilən zərbələrin Rusiyaya ciddi təsir göstərdiyini demək mümkündür. Bununla belə, bu vəziyyət Rusiyanın daha sərt cavab addımları atmasına da səbəb ola bilər. Xüsusilə payız aylarına doğru Rusiyanın daha genişmiqyaslı hərbi əməliyyatlara başlaması ehtimalını istisna etmək olmaz.

Bu isə kifayət qədər ciddi riskdir. Çünki aqressiv və nəzarətsiz hərəkət edən Rusiya Ukrayna üçün daha dağıdıcı nəticələr yarada bilər. Ukraynanın həyata keçirdiyi əməliyyatlarda daha çox sistemlilik və konkret hərbi hədəflərə yönəlmə müşahidə olunur. Rusiyanın mümkün cavab zərbələri isə daha genişmiqyaslı, dağıdıcı və bəzən sistemsiz xarakter daşıya bilər.

Ona görə də hesab edirəm ki, vəziyyət kifayət qədər ciddidir və yaxın dövrdə Rusiyanın cavab zərbələrinin şahidi olma ehtimalımız yüksəkdir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə