Azərbaycan–Türkmənistan münasibətləri: strateji tərəfdaşlıqdan hərtərəfli əməkdaşlığa - MÜNASİBƏT BİLDİRİLDİ

Azərbaycan–Türkmənistan münasibətləri: strateji tərəfdaşlıqdan hərtərəfli əməkdaşlığa - MÜNASİBƏT BİLDİRİLDİ

Azərbaycan–Türkmənistan münasibətləri: strateji tərəfdaşlıqdan hərtərəfli əməkdaşlığa
Azərbaycan Respublikası ilə Türkmənistan arasında diplomatik münasibətlər 9 iyun 1992-ci ildə qurulmuşdur. Hazırda iki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş və qarşılıqlı etimada, ortaq tarixə, mədəni köklərə, dil və mənəvi dəyərlərə əsaslanan qardaşlıq münasibətləri üzərində inkişaf edir.

Bu sözləri SİA-ya açıqlamasında deputat Pərvanə Vəliyeva deyib.


O bildirib ki, son illərdə dövlət başçılarının qarşılıqlı səfərləri, yüksək səviyyəli siyasi dialoq və imzalanan çoxsaylı sənədlər münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir:

“Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun isə Azərbaycana səfərləri ikitərəfli əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə vermişdir.
İki ölkə arasında 89 sənəddən ibarət möhkəm müqavilə-hüquq bazası formalaşdırılmışdır. Bu sənədlər arasında 2017-ci il avqustun 8-də Bakıda imzalanmış “Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə” xüsusi əhəmiyyət daşıyır. Son dövrdə isə energetika, nəqliyyat-logistika, sənaye, kənd təsərrüfatı, səhiyyə, sosial müdafiə, gömrük əməkdaşlığı, qida təhlükəsizliyi və xarici siyasət sahələrində yeni saziş və memorandumlar imzalanmışdır.
İqtisadi əməkdaşlıq Azərbaycan-Türkmənistan münasibətlərinin əsas istiqamətlərindən biridir. Bu məqsədlə fəaliyyət göstərən Azərbaycan-Türkmənistan Hökumətlərarası Komissiyası iqtisadi əlaqələrin inkişafında mühüm rol oynayır.

Ticarət dövriyyəsinin dinamikası da əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini göstərir. Xüsusilə ixracın dəfələrlə artması iqtisadi əlaqələrin genişlənməsinin göstəricisidir.

Nəqliyyat və logistika sahəsində əməkdaşlıq tərəflər tərəfindən strateji əhəmiyyətli istiqamət kimi qiymətləndirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan və Türkmənistan arasında formalaşan nəqliyyat marşrutları yalnız iki ölkə üçün deyil, həm də daha geniş Avrasiya məkanı üçün mühüm əhəmiyyət daşıyır. Şərq-Qərb və Orta Dəhliz layihələrinin inkişafı fonunda hər iki ölkə Avropa ilə Asiyanı birləşdirən etibarlı tranzit qovşaqları kimi çıxış edir.

Energetika sahəsində əməkdaşlıq da münasibətlərin əsas sütunlarından biridir. Zəngin enerji ehtiyatlarına malik olan Azərbaycan və Türkmənistan enerji təhlükəsizliyi, enerji resurslarının dünya bazarlarına çıxarılması və yeni layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlığı dərinləşdirmək niyyətindədirlər.

Parlamentlərarası əlaqələr də uğurla inkişaf edir. Azərbaycan Milli Məclisində Azərbaycan–Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Eyni zamanda Türkmənistan Məclisində də Azərbaycanla dostluq qrupu yaradılmışdır ki, bu da qanunverici orqanlar arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
Mədəni-humanitar sahədə əlaqələr xüsusi yer tutur. Azərbaycan Mədəniyyəti Günlərinin Aşqabadda və Arkadağ şəhərində keçirilməsi, Türkmənistan mədəniyyət xadimlərinin Bakıda və Gəncədə təşkil olunan tədbirlərdə iştirakı xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə verir. Bakı və Aşqabadın, eləcə də Füzuli və Arkadağ şəhərlərinin qardaşlaşması bu yaxınlığın rəmzi ifadəsidir.
Türkmənistan Qarabağın bərpası prosesinə dəstək göstərən ölkələrdəndir. Türkmən xalqının Milli Lideri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscidin inşasına başlanılması qardaş ölkənin Azərbaycana səmimi münasibətinin və həmrəyliyinin növbəti nümunəsidir.

Azərbaycan həmçinin Türkmənistanın beynəlxalq təşəbbüslərini, xüsusilə neytrallıq siyasətini daim dəstəkləyir. Türkmənistan da öz növbəsində Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv kimi qəbul olunmasına fəal dəstək vermişdir. Bu, Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin daha da möhkəmlənməsinə şərait yaratmışdır.

Beləliklə, Azərbaycan-Türkmənistan münasibətləri siyasi dialoq, iqtisadi əməkdaşlıq, nəqliyyat-logistika, energetika, mədəni-humanitar əlaqələr və parlament diplomatiyası kimi müxtəlif istiqamətlər üzrə dinamik inkişaf edir. Tarixi dostluq və qardaşlıq üzərində qurulan bu münasibətlər regionda sabitliyin, qarşılıqlı rifahın və inteqrasiyanın güclənməsinə mühüm töhfə verir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə