"Azərbaycan Avrasiya tranzitində strateji mövqeyini gücləndirir" - POLİTOLOQ

"Azərbaycan Avrasiya tranzitində strateji mövqeyini gücləndirir" - POLİTOLOQ

"Prezident İlham Əliyevin İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimindəki çıxışında ölkəmizin daşımalar qovşağına çevrilməsi istiqamətində səylərin davam etdiriləcəyinə dair fikirləri ölkənin uzunmüddətli nəqliyyat və iqtisadi strategiyasının əsas istiqamətlərindən birini ifadə edir".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Yusif Bağırzadə deyib.

Onun sözlərinə görə, bu yanaşma Azərbaycanın coğrafi mövqeyi və logistika imkanları ilə regional və qlobal iqtisadi sistemdə rolunu artırmaq məqsədini göstərir:

"Azərbaycanın coğrafi yerləşməsi bu strategiyanın əsas üstünlüklərindən biridir. Ölkə Avropa ilə Asiyanı birləşdirən mühüm məkanlardan birində yerləşir və tarixən Şərq-Qərb ticarət yollarının üzərində olub. Müasir dövrdə isə qlobal logistika zəncirlərinin yenidən formalaşdığı bir şəraitdə Azərbaycanın tranzit potensialı daha böyük əhəmiyyət qazanır. Xüsusilə Orta Dəhliz kimi layihələr çərçivəsində ölkənin rolu artır.

Azərbaycanın nəqliyyat qovşağına çevrilməsi yalnız coğrafi üstünlüklə izah olunmur. Son illərdə həyata keçirilən infrastruktur layihələri bu potensialın real iqtisadi imkanlara çevrilməsinə xidmət edir. Dəmir yollarının yenilənməsi, beynəlxalq hava limanlarının tikintisi, dəniz nəqliyyat imkanlarının genişləndirilməsi və logistika mərkəzlərinin yaradılması ölkənin tranzit imkanlarını gücləndirir. Ələt Azad İqtisadi Zonası və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi layihələr Azərbaycanın logistika xəritəsində mövqeyini möhkəmləndirən əsas elementlərdəndir.

Bu istiqamətdə mühüm amillərdən biri də regional kommunikasiyaların açılması perspektividir. Cənubi Qafqazda nəqliyyat əlaqələrinin genişlənməsi region ölkələri arasında ticarət imkanlarını artırmaqla yanaşı, Azərbaycanın tranzit rolunu daha da gücləndirə bilər. Xüsusilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında bağlantıların inkişafı və regional nəqliyyat xətlərinin genişlənməsinin gələcəkdə yeni iqtisadi imkanlar yaradacağı şübhəsizdir.

Beynəlxalq maliyyə institutlarının bu prosesdə iştirakı da xüsusi əhəmiyyət daşıyır. İslam İnkişaf Bankı Qrupu kimi qurumlarla əməkdaşlıq nəqliyyat, logistika, infrastruktur və dayanıqlı inkişaf layihələrinin maliyyələşdirilməsi baxımından yeni imkanlar yaradır. Bu, Azərbaycanın nəqliyyat strategiyasının yalnız regional deyil, beynəlxalq tərəfdaşlıq formatında həyata keçirildiyini göstərir.

Daşımalar qovşağı olmaq Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi üçün də mühüm vasitədir. Tranzit gəlirlərinin artması, logistika xidmətlərinin inkişafı, yeni biznes imkanlarının yaranması və qeyri-neft sektorunun genişlənməsi ölkənin iqtisadi dayanıqlığını gücləndirəcək. Eyni zamanda nəqliyyat infrastrukturu ölkənin geoiqtisadi əhəmiyyətini artıraraq ona regional proseslərdə daha böyük təsir imkanları verir.

Odur ki, Azərbaycanın daşımalar qovşağına çevrilmək siyasəti ölkənin gələcək inkişaf modelinin mühüm hissəsidir deyə bilərik. Enerji resurslarından əldə olunan üstünlüklərin logistika, ticarət və regional bağlantılar sahəsində yeni imkanlarla tamamlanması Azərbaycanın Avrasiya məkanında strateji mövqeyini daha da gücləndirə bilər. Bu yanaşma ölkənin həm iqtisadi təhlükəsizliyinə, həm də beynəlxalq nüfuzunun artmasına xidmət edən uzunmüddətli strategiya kimi qiymətləndirilə bilər".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə