“TDT çərçivəsində əməkdaşlıq Orta dəhlizin inkişafını daha da sürətləndirir” - DEPUTAT DANIŞDI
“Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında iqtisadi, nəqliyyat və logistika sahələrində inteqrasiya dərinləşir. Xüsusilə Orta dəhliz bu əməkdaşlığın əsas strateji istiqamətlərindən biridir”.
Bu sözləri SİA -ya açıqlamasında Millət Vəkili Nigar Məmmədova bildirib.
Onun sözlərinə görə, Çinlə Avropanı Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə birləşdirən mühüm ticarət yolu kimi bu marşrut həm vaxt, həm də məsafə baxımından alternativ yollarla müqayisədə daha əlverişli hesab olunur. Nəticədə, yükdaşımaların sürətlənməsi, logistika xərclərinin azalması və ticarət dövriyyəsinin artması üçün geniş imkanlar yaranır.
TDT çərçivəsində əməkdaşlıq Orta dəhlizin inkişafını daha da sürətləndirir. Üzv ölkələr arasında vahid nəqliyyat siyasətinin formalaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi və rəqəmsallaşmanın tətbiqi bu marşrutun rəqabət qabiliyyətini artırır. Eyni zamanda, dəmir yolu və liman infrastrukturlarına yatırılan investisiyalar regionun tranzit potensialını gücləndirir.
Azərbaycan bu prosesdə əsas tranzit mərkəzlərindən biri kimi çıxış edir. Ölkəmizin coğrafi mövqeyi və müasir nəqliyyat infrastrukturu Orta dəhlizin effektiv fəaliyyətinə mühüm töhfə verir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu xətti bu istiqamətdə strateji layihələr sırasındadır.
Cənab Prezident ötən gün TDT-yə üzv dövlətlərin hökumət başçıları ilə görüşdə də bəyan etdi ki, “ölkələrimizdən keçən Orta Dəhliz hər birimizin marağına cavab verir. Xüsusilə indiki geosiyasi vəziyyətdə Orta Dəhliz, Trans-Xəzər dəhlizi, Zəngəzur dəhlizi, bu istiqamətdə olan digər layihələr daha böyük önəm daşıyır.”
Orta dəhlizin əhəmiyyəti yalnız iqtisadi sahə ilə məhdudlaşmır. Bu marşrut region ölkələri arasında siyasi və mədəni əlaqələrin möhkəmlənməsinə də xidmət edir. TDT platforması çərçivəsində həyata keçirilən birgə təşəbbüslər üzv dövlətlər arasında etimadı artırır və uzunmüddətli tərəfdaşlığa töhfə verir.
TDT çərçivəsində əməkdaşlıq və Orta dəhlizin inkişafı yalnız region ölkələri üçün deyil, bütövlükdə Avrasiya məkanında iqtisadi inteqrasiyanın güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə atılan addımlar gələcəkdə daha geniş ticarət imkanlarının açılmasına və davamlı inkişafın təmin olunmasına zəmin yaradır.
TDT üzv ölkələr arasında iqtisadi əlaqələri gücləndirməklə yanaşı, regional sabitliyin təmin olunmasına da töhfə verir. Prezident İlham Əliyev də bəyan etdi ki, “biz çox ciddi və məsuliyyətli mövqe sərgiləyirik - həm öz maraqlarımızı təmin edirik, həm də dünya üçün yeni nəqliyyat yollarını təqdim edirik. Yəni bu, bir daha göstərir ki, bizim ölkələrimizin və təşkilatımızın məramı sülhə, əməkdaşlığa, əmin-amanlığa, qarşılıqlı hörmətə və qarşılıqlı maraqlara yönəlib.”
Bir sözlə, Türk Dövlətləri Təşkilatı həm regional, həm də beynəlxalq səviyyədə təsir gücünü artıran mühüm əməkdaşlıq platformasına çevrilib”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB