"Prezident İlham Əliyevin Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının iclasında çıxışı Azərbaycanın enerji siyasətinin yeni mərhələyə keçdiyini nümayiş etdirir. Bu çıxış artıq sadəcə ixrac statistikası deyil, strateji mövqe bəyanatıdır. Prezidentin vurğuladığı əsas xətt aydındır: enerji təhlükəsizliyi kollektiv məsuliyyətdir və bu məsuliyyət yalnız dialoq, uzunmüddətli tərəfdaşlıq və qarşılıqlı fayda əsasında təmin oluna bilər".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Yusif Bağırzadə deyib.

Onun sözlərinə görə, on iki il əvvəl başlanmış təşəbbüs bu gün artıq regional layihə deyil, Avrasiyanın enerji arxitekturasının mühüm sütununa çevrilib: "Azərbaycanın 16 ölkəyə qaz tədarük etməsi və Avropa İttifaqının 10 üzv dövlətinin Azərbaycan qazı alması faktı göstərir ki, Cənub Qaz Dəhlizi təkcə kommersiya marşrutu deyil, geosiyasi sabitlik mexanizmidir. Xüsusilə Almaniya və Avstriyaya ixracın başlanması Azərbaycanın Avropa bazarında çəkisini artırır.
Suriyaya qaz tədarükünün başlaması isə enerji diplomatiyasının humanitar ölçüsünü ortaya qoyur. 1,5 milyard kubmetrlik tədarük yalnız iqtisadi addım deyil, həm də regional sabitliyə töhfədir. Enerji çatışmazlığı olan ölkəyə qaz vermək faktiki olaraq sosial və iqtisadi sabitliyin dəstəklənməsi deməkdir. Bu isə Azərbaycanın özünü yalnız təchizatçı deyil, məsul regional aktor kimi təqdim etdiyini göstərir.
Eyni zamanda Prezident hasilatın artırılması planlarını konkret yataqlar üzrə açıqlayaraq bazara mesaj verdi ki, Azərbaycan tələbi qarşılamaq üçün resursa malikdir. “Azəri-Çıraq-Günəşli”nin dərin qaz layları, “Abşeron”, “Ümid” və “Şahdəniz”in yeni mərhələsi ümumilikdə əlavə 10-15 milyard kubmetr potensial deməkdir. Lakin burada əsas çağırış infrastruktur məsələsidir. Cənub Qaz Dəhlizi artıq tam yüklənib və genişləndirmə qaçılmazdır.
Çıxışın ikinci mühüm istiqaməti yaşıl transformasiyadır. 240 meqavatlıq külək stansiyası, 230 meqavatlıq günəş layihəsi və 2032-ci ilə qədər 6-8 giqavat bərpaolunan enerji hədəfi Azərbaycanın paralel enerji strategiyasını göstərir. Bu yanaşma qazı rədd etmək deyil, qaz və yaşıl enerjini paralel inkişaf etdirmək modelidir. Prezidentin “faydalı qazıntı yanacaqlarını nəzərə almamaq xəyallarla yaşamaqdır” fikri enerji realizminin ifadəsidir. Bununla yanaşı, Azərbaycanın tranzit və emal potensialını genişləndirməsi - Türkiyə və Serbiyadakı elektrik stansiyaları, İtaliyadakı neftayırma müəssisələri - ölkənin enerji zəncirində yuxarı mərhələlərə doğru irəlilədiyini göstərir. Artıq söhbət təkcə xammal ixracından getmir, emal, paylama və regional təsir imkanlarından gedir.
Bu çıxışın əsas mesajı budur ki, Azərbaycan enerji xəritəsində passiv oyunçu deyil. Ölkəmiz, həm ənənəvi qaz bazarında, həm də yaşıl enerji keçidində paralel mövqe tutur və Avrasiyanın enerji təhlükəsizliyində strateji mərkəzə çevrilmək iddiasını açıq şəkildə ortaya qoyur".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB