“Azərbaycan və Türkiyə Gürcüstana turist göndərən ilk beş ölkə sırasındadır" - Nikoloz Samxaradze
“Həmrəylik və tərəfdaşlıq əlaqələrimizin möhkəmləndirilməsi bizim üçün prioritet məsələdir. Bu amil iqtisadi inkişaf baxımından xüsusi əhəmiyyət daşıyır və yanaşmamızın əsasını təşkil edir”.
SİA xəbər verir ki, bu sözləri Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin onuncu üçtərəfli iclasında çıxışı zamanı deyib.
Komitə sədri bildirib ki, son illərdə Gürcüstan iqtisadiyyatı 9,5 faiz artım nümayiş etdirib və ötən il iqtisadi artım tempinə görə dünyada ikinci yerdə qərarlaşıb: “Bu il isə iqtisadiyyatın 6 faiz həcmində artacağı proqnozlaşdırılır”.
Nikoloz Samxaradze qeyd edib ki, bəzi ölkələr və təşkilatlar özlərini Gürcüstana dost kimi təqdim etsələr də, ölkənin səmimiyyətindən sui-istifadə etməyə çalışırlar: “Hətta müəyyən dairələr Gürcüstanı iqtisadi baxımdan riskli addımlar atmağa təşviq edir. Biz isə qarşılıqlı hörmətə və real əməkdaşlığa əsaslanan münasibətlərə üstünlük veririk”.
O vurğulayıb ki, Azərbaycan və Türkiyə hər zaman Gürcüstana dəstək göstərib və bu münasibətlər konkret nəticələrə əsaslanır: “Xüsusilə qeyd etmək lazımdır ki, Türkiyə Gürcüstanın ən böyük iqtisadi tərəfdaşlarından biridir və ilk sıralarda yer alır”.
Komitə sədri əlavə edib ki, Gürcüstanda inkişaf edən əsas sahələrdən biri turizmdir: “Azərbaycan və Türkiyə Gürcüstana turist göndərən ilk beş ölkə sırasındadır. Ümumilikdə, ölkəmizə gələn turistlərin təxminən 60 faizi qonşu dövlətlərin payına düşür. Bu da regional əməkdaşlığın iqtisadi əhəmiyyətini bir daha təsdiqləyir”.
Nikoloz Samxaradze vurğulayıb ki, bütün bu faktlar regional həmrəylik və qarşılıqlı dəstəyin davamlı inkişaf üçün əsas şərt olduğunu göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB