“Bu, ölkənin davamlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir“ - DEPUTAT DANIŞDI

“Azərbaycanda “Şəhərsalma və Memarlıq İli”nin elan olunması ölkənin uzunmüddətli inkişaf strategiyası baxımından mühüm siyasi və institusional qərar kimi dəyərləndirilir”.

Bu sözləri SİA -ya açıqlamasında millət vəkili Ceyhun Məmmədov bildirib.

Onun sözlərinə görə, bu il çərçivəsində planlaşdırılan çoxsaylı tədbirlər, beynəlxalq konfranslar və elmi müzakirələr Azərbaycanın şəhərsalma və memarlıq sahəsində formalaşdırdığı müasir yanaşmaların beynəlxalq ictimaiyyətə təqdim olunması üçün əlverişli platforma yaradır:

”Sözügedən proses ölkənin qlobal urbanizasiya diskursunda fəal iştirakını təmin etməklə yanaşı, milli təcrübənin beynəlxalq mübadilə mühitinə inteqrasiyasına xidmət edir.

Mövcud inkişaf göstəriciləri göstərir ki, Azərbaycan şəhərsalma sahəsində özünəməxsus və kompleks inkişaf modelini formalaşdırıb. Bu model dövlətin məqsədyönlü və sistemli siyasəti əsasında infrastrukturun yenilənməsi, müasir şəhərsalma prinsiplərinin tətbiqi, ekoloji tarazlığın qorunması və dayanıqlı inkişaf meyarlarının prioritetləşdirilməsi ilə səciyyələnir. Şəhər məkanlarının funksional planlaşdırılması, sosial infrastrukturun genişləndirilməsi və ekoloji amillərin nəzərə alınması urban inkişafın əsas istiqamətlərini təşkil edir.

Xüsusilə Qarabağ bölgəsində həyata keçirilən bərpa, quruculuq və abadlıq layihələri müasir şəhərsalma təcrübəsinin nadir nümunələrindən biri kimi çıxış edir. Qısa zaman kəsiyində geniş əraziləri əhatə edən və paralel şəkildə icra olunan bu miqyaslı yenidənqurma prosesi sürətinə, planlı xarakterinə və texnoloji yanaşmasına görə beynəlxalq miqyasda analoqu olmayan bir model formalaşdırır. Bu proses təkcə fiziki infrastrukturun bərpası deyil, eyni zamanda sosial, iqtisadi və mədəni həyatın yenidən qurulmasını hədəfləyən kompleks inkişaf konsepsiyasıdır.

Qeyd olunan bütün nailiyyətlərin təməlində dövlət başçısının uzaqgörən siyasi baxışı, strateji planlaşdırma bacarığı və qətiyyətli idarəetmə modeli dayanır. Aparılan islahatların və həyata keçirilən layihələrin nəticələri artıq real göstəricilərlə öz təsdiqini tapır. Bu gün Qarabağda icra olunan iri miqyaslı şəhərsalma və memarlıq layihələri Azərbaycanın həm milli inkişaf tarixində, həm də müasir urbanizasiya təcrübəsində mühüm mərhələ kimi qiymətləndirilir.

“Şəhərsalma və Memarlıq İli” ölkənin davamlı inkişaf strategiyasının mühüm tərkib hissəsi olmaqla, Azərbaycanın regional və qlobal miqyasda qabaqcıl şəhərsalma modellərindən birini formalaşdırmaq iddiasını aydın şəkildə ortaya qoyur”

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə