”ASAN Xidmət modeli əsasında yeni innovativ yanaşmanın təməli qoyulub” - ÜLVİ MEHDİYEV

”İnnovasiya və texnologiyaların tətbiqi uzun müddət əsasən sənaye və iqtisadiyyatın ayrı-ayrı sahələri ilə məhdudlaşmış, təsir gücünü daha çox məhz bu istiqamətlərdə nümayiş etdirmişdir”.

SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev 19 fevral 2026-cı il tarixində ASAN xidmət tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində IV “TUSİ” inkubasiya proqramının “Demo Day” tədbirində qeyd edib.

Onun sözlərinə görə, müasir dövrdə innovativ yanaşmaların idarəetmə və dövlət sektoru müstəvisində tətbiqi və bu vasitələrlə vətəndaşların hüquqlarının daha səmərəli şəkildə təmin olunması, eləcə də şəffaf və əlçatan xidmətlərin təqdim edilməsi xüsusi aktuallıq kəsb edir. Bu baxımdan, hələ 14 il əvvəl qlobal miqyasda dövlət idarəçiliyində innovativ texnologiyaların tətbiqi geniş müzakirə mövzusu olmadığı bir dövrdə, Azərbaycanda İlham Əliyevin təşəbbüsü ilə ASAN Xidmət modeli əsasında yeni və qabaqcıl bir innovativ yanaşmanın təməli qoyulmuşdur.

ASAN Xidmət çərçivəsində vətəndaşlara xidmət prosesi ilə innovasiyaların sintezi nəticəsində hibrid idarəetmə konsepsiyası formalaşmış, bu model qısa müddət ərzində həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə müsbət nəticələrini nümayiş etdirmişdir. Sözügedən konsepsiya Azərbaycanın dövlət idarəçiliyində innovativ düşüncənin institusional təzahürü kimi çıxış edərək, dövlətlərarası brend statusu qazanmış və bir sıra beynəlxalq nüfuzlu təşkilatlar tərəfindən tanınmışdır. Eyni zamanda, ASAN Xidmət modeli müxtəlif ölkələr üçün öyrənilən və tətbiq edilən uğurlu təcrübə nümunəsinə çevrilmişdir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə