Zəngəzur dəhlizi və köhnə reflekslər - ANALİTİK

ABŞ vitse-prezidentinin səfəri və Rusiya maneələri

Vaşinqtonun Cənubi Qafqazda, Azərbaycanla Ermənistan arasında sülh razılaşması əldə etməsindən aylar sonra Rusiyanın keçmiş yaxın müttəfiqi ilə əlaqələri gücləndirməyə çalışdığı bir vaxtda Ermənistanla mülki nüvə sektorunda əməkdaşlıq etmək barədə razılığa gəlməsi Moskvada çok effekti yaradıb. İrəvanın bu qədər uzağa gedəcəyini Rusiyada yalnız ermənilər gözləyə bilərdi. Nüvə sahəsində sənədi Ermənistanın Baş naziri Nikol Paşinyan və ölkəyə iki günlük səfər edən ABŞ-ın vitse-prezidenti Vens imzalayıblar.

Hər iki tərəf ABŞ-a nüvə texnologiyası və avadanlıqlarını digər ölkələrə qanuni olaraq lisenziyalaşdırmağa imkan verən “123 Sazişi” kimi tanınan bir razılaşma ilə bağlı danışıqları başa çatdırdıqlarını söyləyiblər. Vens bildirib ki, müqavilə ABŞ-ın Ermənistana ilkin ixracında 5 milyard dollara qədər, üstəgəl daha uzunmüddətli yanacaq və texniki xidmət müqavilələrində əlavə 4 milyard dollarlıq müqavilələrə imkan verəcək. "Bu müqavilə Ermənistan və ABŞ arasında dərinləşən enerji tərəfdaşlığında yeni bir fəsil açacaq", - deyə Paşinyan Vansla birgə mətbuat konfransında bildirib.

Enerji təchizatı baxımından Rusiya və İrandan uzun müddət asılı olan Ermənistan hazırda ABŞ, Rusiya, Çin, Fransa və Cənubi Koreya şirkətlərinin Rusiya tərəfindən tikilmiş yeganə köhnəlmiş atom elektrik stansiyası olan Metsamoru əvəz etmək üçün yeni nüvə reaktoru tikmək təkliflərini nəzərdən keçirir. Hələlik heç bir seçim edilməyib, lakin bazar ertəsi günü elan edilən açıqlama Amerika layihəsinin seçilməsinə yol açır. Bu, ənənəvi olaraq Cənubi Qafqazı öz təsir dairəsi kimi görən, lakin Ukraynaya müdaxiləsi nəticəsində oradakı təsiri azalan Rusiyaya zərbə vuracaq.

"İzvestiya" media orqanına müsahibə verən Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Rusiyanın yeni nüvə stansiyası üçün təklifinin ən yaxşı seçim olduğunu və dövlət nüvə korporasiyası Rosatom-un bu təklifi irəli sürməyə hazır olduğunu bildirib. Qaluzin bildirib ki, "Rosatom, əlbəttə ki, erməni dostlarımızımızın istəklərinə uyğun olaraq, bu layihənin həyata keçirilməsinə çox tez bir zamanda başlamağa hazırdır”.

Ermənistanın Rusiyadan çoxsaylı asılılıqlarını nəzərə alsaq, nüvə əməkdaşlığı məsələsində tərəfdaşları şaxələndirmək siyasi prioritetdir, görünür, hazırda ABŞ üstünlük təşkil edir. Vensin səfəri Ermənistan və Azərbaycan liderlərinin Ağ Evdə təxminən 30 illik müharibədən sonra sülhə doğru ilk addım kimi qəbul edilən bir razılaşma imzalamasından cəmi altı ay sonra baş verir. Vitse-prezident həmçinin Ermənistanın cənubundan keçəcək və Azərbaycanın qərb rayonları ilə Naxçıvana və öz növbəsində Bakının yaxın müttəfiqi Türkiyəyə birbaşa marşrut verəcək 43 kilometrlik uzunluğu olan Zəngəzur dəhlizini (Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP)) reallaşdıracaq təkliflərin həyata keçirilməsini təmin eməyə çalışıb.

Bu marşrut Asiyanı Avropaya daha yaxşı bağlayacaq, Vaşinqton üçün isə Qərb ölkələrinin Ukrayna münaqişəsi səbəbindən Rusiyadan uzaqlaşaraq enerji və ticarət yollarını şaxələndirməyə can atdığı bir vaxtda Rusiya və İranı bir neçə addım ötəcək. Yeni və ya yenilənmiş dəmir yolu infrastrukturu, neft və qaz boru kəmərləri və fiber optik kabelləri nəzərdə tutan TRIPP dəhlizi bağlı sərhədlər və uzun müddətdir davam edən etnik münaqişələrlə dolu olan Cənubi Qafqazı dəyişdirəcək. Rusiya xarici işlər nazirinin müavini Qaluzin bildirib ki, Moskva TRIPP təklifini öyrənir.

Vens isə açıqlamasında bildirib ki, biz yalnız Ermənistan üçün sülh yaratmırıq, biz həm də birlikdə Ermənistan və ABŞ üçün əsl rifah yaradırıq. Ağ Evin məlumatına görə, o, çərşənbə və cümə axşamı günləri Azərbaycana səfər edəcək. Vensin 9 fevralda Ermənistanda başlayan səfəri "Beynəlxalq Sülh və Rifah üçün Tramp marşrutu" layihəsini başlatmaq və ABŞ-ın Prezident Trampın özünün barışığına etibar etdiyi iki ölkə ilə münasibətlərini gücləndirmək məqsədi daşıyır. İrəvan və Bakının müttəfiqi olmaqdan çıxan, geri dönüşü arzulayan, amma cəhdləri uğursuz olan Rusiya Zəngəzur dəhlizinə ("Tramp marşrutu"na) qoşulmaq istədiyini və bunu müzakirə etməyə hazır olduğunu dəfələrlə desə də, Ermənistan buna qarşı çıxıb.

ABŞ diplomatik departamentinin açıqlamasına görə, vitse-prezident Vens 2026-cı il Qış Olimpiya Oyunlarının açılış mərasimində ABŞ-ı təmsil etdiyi Milandan İrəvana uçmaq qərarına gəlib. ABŞ Dövlət Katibinin İqtisadi Məsələlər üzrə müavini Ceykob Helberq ABŞ administrasiyasında ikinci şəxslə birlikdə regiona səfər edib. Səfərdən bir neçə gün əvvəl Amerika danışıqlar qrupu İrəvana gəlib və və "Armenia Marriott" otelinin bütün mərtəbəsini “ələ keçiriblər”. Ermənistanın "Hraparak" qəzetinin məlumatına görə, bir neçə iclas otağında yalnız masalar və stullar qalıb, qalan mebellər isə yığışdırılıb. Otel işçilərinin zallara girməsi qəti qadağan edilib.

ABŞ-ın İrəvandakı səfirliyi Ermənistan və Azərbaycan arasında "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) adlandırılan dəhliz tikintisi layihəsi üçün potensial əraziləri öyrənmək məqsədilə böyük bir qrup amerikalı mütəxəssisin Ermənistana əvvəlcədən gəldiyini təsdiqləyib. "ABŞ Dövlət Departamentinin Qlobal İnfrastruktur və İnvestisiya Tərəfdaşlığı adından çıxış edən Amerika mühəndislik və konsaltinq şirkəti AECOM-un nümayəndələri TRIPP layihəsi üçün ərazi tədqiqatlarına başlamaq üçün Ermənistana səfər ediblər", - deyə İrəvandakı Amerika diplomatik missiyası bildirib.

Bəyanata görə, ekspertlərin vəzifəsinə dəmir yolu və digər infrastruktur üçün texniki-iqtisadi əsaslandırma və layihə təkliflərinin hazırlanması daxildir. Qeyd edək ki, Prezident Tramp özü J.D.Vensin Zaqafqaziya missiyasını ilk dəfə 24 yanvarda Truth Social sosial media platformasında elan edərək ictimaiyyətə açıqlayıb. Ötən yay Vaşinqtonda Bakı ilə İrəvan arasında imzalanacaq sülh müqaviləsinin şərtlərinin paraflanmasına dair sənədə imza atdıqlarına görə Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın Baş naziri Nikol Paşinyana təşəkkür edən Amerika lideri "sülh səylərimizi davam etdirmək və Tramp Marşrutunun həyata keçirilməsini asanlaşdırmaq üçün" tezliklə müavinini regiona göndərəcəyinə söz vermişdi. Bundan əlavə, Donald Tramp ABŞ-ın Ermənistanla nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi sahəsində əməkdaşlıq, eləcə də Azərbaycana yarımkeçiricilərin və hərbi məhsulların, o cümlədən zirehli geyimlərin və qayıqların tədarükü üzrə müqavilələr bağlamağı planlaşdırdığını açıqlamışdı.

Tramp Marşrutu layihəsinin həyata keçirilməsi Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz ərazisi hesab olunan Naxçıvan Muxtar Respublikası arasında Ermənistan vasitəsilə nəqliyyat əlaqələrinin açılmasını nəzərdə tutur. Nikol Paşinyanın müqavilənin imzalanmasından dərhal sonra bildirdiyi kimi, marşrut neft və qaz boru kəmərlərinin, elektrik xətlərinin və internet kabellərinin, eləcə də İranla sərhəd dəmir yolu xətti boyunca İrəvan və Bakı arasında dəmir yolunun çəkilməsini nəzərdə tutur.

Layihənin həyata keçirilməsində növbəti addım Ermənistan Xarici İşlər Nazirliyinin 14 yanvarda Tramp Marşrutu layihəsinin həyata keçirilməsi ilə bağlı Vaşinqtonla çərçivə sazişinin elan edilməsi oldu. Ermənistan diplomatik missiyasının bəyanatında TRIPP-nin inkişafına cavabdeh olacaq TRIPP İnkişaf Şirkətinin yaradılması elan edildi və inkişaf hüquqları ilkin olaraq 49 il müddətinə verildi. Ermənistan tərəfi ABŞ-a TRIPP İnkişaf Şirkətində 74% pay təklif etməyi və 26% payı saxlamağı öhdəsinə götürüb. Tərəfdaşlığın daha 50 il uzadılması və Ermənistan hökumətinin əlavə mülkiyyət hüququ alması və bununla da onun payının 49%-ə çatdırılması gözlənilir.

J.D.Vensin səfərindən sonra praktiki olaraq fəaliyyətə başlayacaq "Tramp Marşrutu" layihəsinin işə salınması, buna Rusiyanın qoşulub-qoşulmaması və hansı şərtlər altında qoşula biləcəyi məsələsi ətrafında Moskvada yeni bir intriqa yaradılır. Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin ötən həftənin sonlarında "Rossiya 24" televiziya kanalına verdiyi müsahibədə bildirib ki, "Rusiya Ermənistan-Amerika "Tramp Marşrutu" layihəsi ətrafındakı hadisələri diqqətlə izləyir. Rusiya ilə Ermənistan arasında Ermənistan Respublikasında dəmir yolu sektorunun saxlanılması və inkişafı sahəsində çox sıx əməkdaşlıq nəzərə alınmaqla, biz bu təşəbbüsə qoşulma imkanlarını müzakirə etməyə hazırıq. Rusiyalı diplomatın sözlərinə görə, konkret detallar hələ yeni ortaya çıxmağa başlayır və buna görə də onun işə salınması bir az vaxt tələb edəcək.

Vaşinqtonun təşviq etdiyi regional inteqrasiya layihəsi ilə bağlı vəziyyəti 30 yanvarda şərh edən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da bildirib ki, Rusiya "Tramp Marşrutu"na qoşulmaq üçün mümkün variantları araşdırmağa, o cümlədən Moskvanın Rusiya Dəmir Yollarında unikal təcrübəsini nəzərə almağa hazırdır. Lakin, Moskvaya qarşı verdiyi açıqlamaların ümumilikdə barışdırıcı tona baxmayaraq, 5-6 fevral tarixlərində Moskvaya səfər edən Ermənistan Parlamentinin sədri Alen Simonyan açıq şəkildə bildirib ki, İrəvan Rusiyanın "Tramp Marşrutu"na qoşulmasını nəzərdən keçirmir. Simonyan verdiyi müsahibədə İrəvanın Rusiyanın layihədə iştirakını müzakirə etməyi planlaşdırıb-planlaşdırmadığı sualına cavab olaraq deyib: "Mən belə açıqlamalar verə bilmərəm. TRIPP, ilk növbədə, erməni-amerikan təşkilatıdır. Əgər belə bir marşrutun və ya yolun açılmasından danışırıqsa, mənim fikrimcə, bu, ayrıca bir təşəbbüs olmalıdır. Lakin TRIPP çərçivəsində mən bunu absurd hesab edirəm, çünki bu, layihənin işləməməsi üçün mümkün olan hər şeyi etmək deməkdir".

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə