“Sirdaşım idi” - Suqra Ağamalı

”Sirdaşım idi. Hər zaman mənə “sən mənim qardaşımsan” deyərdi, amma mənim üçün o, həyatımın dayağı, yol yoldaşım idi”.

SİA xəbər verir ki, bu sözləri sabiq millət vəkili Fəzail Ağamalı ilə vida mərasimində həyat yoldaşı Suqra Ağamalı bildirib.

Onun sözlərinə görə, dərdimi də, sevincimi də ən çox onunla bölüşürdüm:

”Sözə ehtiyac qalmadan anlayan, baxışı ilə təsəlli verən bir insan idi. Onun varlığı evimizə sakitlik, ürəyimə güvən gətirirdi. Ağrıları olmadan qəfil infarkt keçirdi və onu xəstəxanaya çatdıra bilmədik. Müayinə üçün Türkiyəyə getmişdik, amma tale bizə başqa cür yazmışdı. Bu itki mənim üçün sözlə ifadə olunmayacaq qədər ağırdır.

Mənim heç bir arzum yoxdur, yalnız içimdə qalan bir “heyif” var. Heyif ki, ömrü yarımçıq qaldı. O, dövlətini sevən, xalqına bağlı, vicdanlı və ləyaqətli bir insan idi. Sevgisi sözlə deyil, əməllə ölçülürdü. Mənim üçün o, təkcə həyat yoldaşı deyil, ömrümün mənası, həyatımın əvəzolunmaz hissəsi idi. Getdi, amma izi qəlbimdə, xatirələrdə və yaşadığımız hər anın içində həmişə yaşayacaq.

Azərbaycan dövlətçiliyinə uzun illər sədaqətlə xidmət etmiş, ömrünün böyük bir hissəsini vətəninə, xalqına həsr etmiş Fəzail müəllimin vəfatı mənim üçün ağır itkidir. Onu daim hörmət və ehtiramla xatırlayacağam. Allahdan onun ruhuna rəhmət, ailəmizə və yaxınlarına səbir diləyirəm. Onun həyatı boyunca göstərdiyi fədakarlıq və vətənpərvərlik gələcək nəsillərə örnək olaraq qalacaq”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə