"Yağış sularının idarə olunması Bakının uzunmüddətli təhlükəsizliyidir" - ŞƏRH EDİLDİ

"Bakıda leysan yağışları zamanı nəqliyyatın iflic olması və su basma hallarının ortaya çıxması uzun illərdir həm texniki, həm də idarəetmə baxımından müzakirə olunan problemlərdəndir. Bu vəziyyət təkcə iqlimlə əlaqəli deyil, bütövlükdə şəhərsalma planlaması, yağış sularının yönləndirilməsi, kollektor tutumları və hidravlik sistemlərin köhnəlməsi kimi amillərin kəsişməsi nəticəsində yaranır". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin bu problemə dövlət səviyyəsində diqqət ayırması və 2026–2035-ci illər üzrə xüsusi Dövlət Proqramının hazırlanmasını tapşırması, məsələnin həm strateji, həm də sistemli formada həll olunacağını göstərir: " Yağış sularının idarə olunması üçün əlavə kollektor şəbəkələrinin qurulması xüsusilə kritik addımdır. Bakı şəhərində yağış kollektorları uzun müddət təkcə birbaşa su axıdılmasına yönəlik istifadə olunub, lakin hazırda həm ərazi urbanizasiyası, həm asfaltlaşma səviyyəsi, həm də iqlim dəyişiklikləri suyun həcmini kəskin artırıb. Bu səbəbdən 30 əsas küçədə yeni kollektor sistemlərinin qurulması həm suyun səthdə yığılmasını, həm də yol örtüyünün zədələnməsi, tıxacların yaranması və kommunikasiya xətlərinin zərər görməsi kimi təsirləri əhəmiyyətli dərəcədə azaldacaq. Burada həmçinin daha geniş baxış tələb olunur. Çünki yağış sularının idarə olunması təkcə kollektor məsələsi deyil bu, şəhər hidravlik modeli, qapalı və açıq drenaj sistemləri, yaşıl zonaların su hopdurma potensialı, həmçinin quruda su təhlükəsizliyi ilə bağlı elementlərdən ibarətdir. Dövlət Proqramında məhz bu yanaşma ilə çıxış ediləcəyi təqdirdə proses təkcə lokal problemləri deyil, həm də uzunmüddətli ekoloji və urbanistik dayanıqlığı təmin edə bilər.

Daha mühüm məqamlardan biri də odur ki, bu layihələr həm nəqliyyatın idarə olunmasına, həm ekoloji təhlükəsizliyə, həm də şəhər mühitinin ümumi funksionallığına bilavasitə təsir göstərəcək. Bu cür infrastruktur layihələri gələcəkdə həm daşqın riskinin qarşısını almağa, həm də ekstremal hava hadisələri fonunda şəhər təhlükəsizliyinin təmininə xidmət edəcək. Nəzərə almaq lazımdır ki, iqlim dəyişikliyi fonunda leysan yağışlarının qəfil və yüksək intensivlikdə baş verməsi artıq qlobal trendə çevrilib və Bakı da bu prosesdən kənarda deyil. Ümumilikdə, Dövlət Proqramının reallaşdırılması şəhərin su infrastrukturu üzrə uzun illər yığılıb qalan problemlərin mərhələli şəkildə həllini nəzərdə tutur və bu yanaşma mühəndislik baxımından rasional, sosial baxımından isə zəruri addım hesab olunmalıdır".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə