“907-ci düzəliş mövcud reallıqlara uyğun deyil” - Tahir Rzayev

“Azərbaycana münasibətdə müxtəlif yanaşmalar nümayiş etdirilsə də, ABŞ Konqresinin "907-ci düzəliş"lə bağlı məsələyə hələ də tam şəkildə aydınlıq gətirməməsi ciddi narahatlıq doğurur”. SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Tahir Rzayev parlamentin plenar iclasında çıxışı zamanı səsləndirib.

Deputat qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş sözügedən düzəliş 1986-cı ildə qəbul olunub və uzun müddət ərzində Azərbaycan-ABŞ münasibətlərinə mənfi təsir göstərib: “Bu düzəliş illər boyu ikitərəfli əlaqələrin inkişafına maneə olub və bu gün də aktual müzakirə predmetidir”.

Tahir Rzayev bildirib ki, 2025-ci ildə keçirilən üçtərəfli görüşlər zamanı bu məsələ yenidən gündəmə gətirilib: “Görüşlərdə 907-ci düzəlişin ləğv edilməsi və ya ən azı dəqiqləşdirilməsi istiqamətində qərar qəbul edilməsinin vacibliyi vurğulanıb. Bu addım təkcə Azərbaycan-ABŞ münasibətləri üçün deyil, eyni zamanda regionda dayanıqlı sülhün və əməkdaşlığın təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır”.

Deputat diqqətə çatdırıb ki, hazırda düzəliş formal olaraq qüvvədə qalsa da, onunla bağlı real addımların atılmaması mövcud siyasi və regional reallıqlarla uzlaşmır: “Çünki artıq Azərbaycan–Ermənistan münasibətləri normallaşma mərhələsinə daxil olub, tərəflər arasında qarşılıqlı yaxınlaşma müşahidə olunur”.

Onun sözlərinə görə, ABŞ Konqresi yaranmış yeni reallıqları nəzərə almalıdır: “Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfələr, regional sabitliyə və terrorizmlə mübarizəyə yönəlmiş səyləri obyektiv qiymətləndirilməlidir”.

Tahir Rzayev ABŞ Prezidenti Donald Trampın bu istiqamətdə atdığı addımları müsbət qiymətləndirib: “ABŞ Prezidentinin Azərbaycan–Amerika münasibətlərinə daha böyük önəm verəcəyinə ümid edirik”.

Deputat vurğulayıb ki, 907-ci düzəlişin ləğvi xüsusi əhəmiyyət daşıyır: “Əminik ki, qarşıdakı ildə bu məsələ öz həllini tapacaq. Azərbaycan xalqı ABŞ xalqını dost xalq kimi görür və qarşılıqlı hörmətə, əməkdaşlığa əsaslanan münasibətlərin daha da inkişaf edəcəyinə inanır”.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə