“Bu il dekabrın 22-də möhtərəm Prezident Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə birdəfəlik maddi yardım verilməsi barədə Sərəncam imzaladı. Bu hüquqi akt Azərbaycan dövlətinin gücünün, konstitusion niyyətlər və dövlətimizin ali məqsədlərinin uğurla realizəsinin nümayişi olmaqla bərabər, heç şübhəsiz ki, cənab Prezident İlham Əliyevin siyasətinin ana xəttinin insan amili və vətəndaş rifahı olduğunu bir daha göstərmiş oldu. Bu o deməkdir ki, müzəffər Prezident və qalib dövlətimiz bayram günlərində yardıma, dəstəyə ehtiyac duyan hər bir ev və hər bir ailənin bir daha hamisinə çevriləcək”. Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, aydındır ki, 90-ların çörək növbələrindən fərqli olaraq artıq elə inkişaf dövrünə çatmışıq ki, hamının bir tikə ruzisi var, amma cənab Prezident İlham Əliyevin bu böyüklüyü, bu ləyaqətli jesti vətəndaşın dövlətinə inamını, etimadını daha da möhkəmləndirmiş oldu:
”Vətəndaş bir daha gördü ki, lazımi məqamda onun yanında dövləti və Prezidenti dayanır. Eyni zamanda cənab İlham Əliyevin elə həmin gün digər Sərəncamı ilə 2026-cı il Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilir. Əlbəttə, növbəti ilin prioritetləri müəyyən edilərkən kompleks qiymətləndirilmə aparılır və heç şübhəsiz ki, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının gələn il Bakıda keçirilməsi növbəti ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsində əsas faktor kimi çıxış edib. Lakin konseptual yanaşsaq, növbəti ilin məzmunu əslində ölkəmizin yeni inkişaf dövrünə, sülh və əməkdaşlıq perioduna qədəm qoyması, quruculuq-bərpa prosesinin yeni mərhələyə adlamasını simvolizə edir.
Biz müharibəni cənab İlham Əliyevin sayəsində zəfərlə başa çatdırmışıq. Möhtərəm Prezidentin liderliyində və təşəbbüsləri ilə sülh istiqamətində önəmli məsafə qət edilib. Azərbaycan və Ermənistan arasında etimad quruculuğu prosesləri uğurla davam edir, kommunikasiyalar tədricən blokadadan çıxmaqdadır. Bu, sülh və əməkdaşlıqda ehtiva olunan elə yeni bir dövr deməkdir ki, biz potensialımızı artıq daha çox quruculuq və yenidənqurmaya sərf edə biləcəyimiz perioda qədəm qoyuruq.
Gördüyü titanik işlər, qazandığı və tariximizin ən böyük qələbələri olan hərbi-siyasi zəfərlərinin yanı sıra yalnız bir az əvvəl təhlil etdiyimiz iki sərəncam cənab İlham Əliyevin yeni çağırışların və yeni tarixin lideri olduğunu demək üçün kifayət qədər ciddi əsas verir.
Azərbaycan Respublikasının Konstitusiyasının 8-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Prezidenti vəzifə etibarilə xalqın vahidliyini təcəssüm etdirir və dövlətçiliyin varisliyini təmin edir. İstər müstəqilliyə qədərki period, istərsə də postsovet dövründə prosesləri təhlil etdikdə danılmaz bir reallıq meydana çıxır. Sovet Azərbaycanında Heydər Əliyevdən sonra, müstəqil Azərbaycanda isə Heydər Əliyevə qədər heç bir rəhbər dövlətçiliyin bütün kriteriyalar üzrə varisliyini təmin edə, heç formatda isə xalqın vahidliyinin təcəssümü ola bilməmişdi. 2003-cü ildə Prezident İlham Əliyevin hakimiyyətə gəlişi ilk növbədə Ulu Öndər Heydər Əliyevin qurduğu Azərbaycanda dövlətçiliyin varisliyini təmin etdi. Azərbaycan xalqının ilk dəfə Ulu Öndərin tövsiyəsi və cənab İlham Əliyevin özünün SOCAR-ın vitse-prezidenti, Milli Məclisin deputatı və Azərbaycan Respublikasının Baş naziri qismində çoxşaxəli fəaliyyətini, sonrakı dövrdə isə dövlət başçısı kimi nail olduğu ölkənin birmənalı uğurlu inkişaf kursunu nəzərə alaraq müdrikcəsinə möhtərəm cənab Prezidentə dəfələrlə yüksək etimad göstərməsi isə dövlətçiliyimizin varisliyinin işğala, təcavüzə tam şəkildə son qoyulduğu tam yeni bir mərhələdə, demokratik və hüquqi yolla davamlılığında ifadə olunan yeni dövrə aparan milli iradənin qətiyyəti sayılmalıdır.
Məhz milli iradənin Ulu Öndər yoluna və cənab İlham Əliyev şəxsiyyətinə sədaqəti sonrakı dövrdə, möhtərəm Prezidentin hazırda 23-cü ilə qədəm qoyan siyasi hakimiyyətini son 1000 ilin gündəliyindən daha zəngin, daha mürəkkəb, həm də tariximizin ən uğurlu perioduna çevirdi. Nəticə etibarilə bu gün əminliklə deyə bilərik ki, İlham Əliyev şəxsiyyəti, onun siyasəti artıq yalnız Azərbaycan yox, bütövlükdə regionda təhlükəsizliyin qarantı rolunda çıxış edir. Təbii ki, bunun birinci səbəbi, cənab İlham Əliyevin şah əsərinin böyük Zəfərimiz olması ilə bağlıdır. Ümumiyyətlə, bəllidir ki, Ulu Öndər ikinci dəfə ölkəyə rəhbərliyi dövründə Qarabağ düyününü ölkənin inkişaf və təhlükəsizliyi qarşısında ən ciddi problem hesab edirdi, hətta özünün 2003-cü il 1 oktyabr tarixli son müraciətində də ifadə edirdi ki, “xaos və anarxiya dövründə yaranmış bu problemi hələ də həll edə bilməmişik”. Baxmayaraq ki böyük Heydər Əliyevə qədərki idarəçilik normal təfəkkürə sahib olsaydı, onun dediyi kimi, “xalqı vahid sarsılmaz bir qüvvə kimi Azadlıq meydanına toplayan milli hisslərdən konstruktiv şəkildə istifadə olunsaydı, Qarabağ adlı problem də olmazdı”. Amma o zaman Xalq Cəbhəsi təhlil və proqnozlar əsasında milli platforma yaratmaq əvəzinə, populist meydan əhval-ruhiyyəsinə üstünlük verdi. Əslində isə, Ulu Öndərin dediyi kimi, “Bu məsələyə Azərbaycan xalqı layiqincə cavab verməyə qadir idi” və cənab İlham Əliyev də sübut etdi ki, Azərbaycan xalqı böyük qələbəyə həm qadirdir, həm də layiq. Sadəcə dövlət idarəçiliyi milli düşüncədə və doğru əldə olmalıdır.
Siyasi hakimiyyətə 2003-cü ildə gəlməsinə baxmayaraq cənab İlham Əliyevin fəaliyyəti barədə 2003-cü ildən etibarən danışmaq insaflı yanaşma deyil. Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində Bakıda Sovet rəhbərliyi ilə nüfuz alveri edilərkən cənab İlham Əliyev Moskvada Ulu Öndərlə birlikdə 20 Yanvar hadisələrinə görə sovet rejiminə qarşı açıq etiraz edən iki nəfərdən biri idi. Azərbaycan Xalq Cəbhəsi hərəkatı Qorbaçov Yenidənqurmasını dəstəkləyən bir qüvvə kimi rəsmi qeydiyyata alındığı dövrdə İlham Əliyev sovet miqyasında elə əslində cəbhəçilərin ideoloqu olan Qorbaçovun rejiminə təhdid hesab edildiyi üçün işdən çıxarılmışdı. Ulu Öndər Bakıya qayıtdıqdan sonra məhz Onun sayəsində hakimiyyət iyerarxiyasında yer tutmuş bir sıra şəxslər nankorluq edən zaman, parlamentdə Ulu Öndərə qarşı çirkab kampaniya nümayiş etdiriləndə, danışmağa imkan verməyəndə, Bakıda təhlükələrlə üz-üzə qalanda, o cümlədən fəaliyyətinin ağır Naxçıvan dövründə Onun əsas silahdaşı yenə də İlham Əliyev idi. 1993-cü ildən etibarən isə Ümummilli Liderin neft strategiyası və Avropa hüquq məkanına inteqrasiya kursunun realizəsində ağırlıq məhz cənab İlham Əliyevin çiyinlərində oldu. Bu mənada, 2003-cü ilə qədərki dövlət quruculuğu prosesində Ulu Öndərlə bərabər, Onun əsas silahdaşı kimi məhz cənab İlham Əliyevin adı xüsusi qeyd olunmalıdır.
Cənab İlham Əliyev haqlı olaraq hesab edirdi ki, qalibiyyət özündə siyasi, iqtisadi, sosial, milli və mənəvi zəmin tələb edir. Bu mənada, 2020-ci ildəki böyük hərbi-siyasi zəfərlərə qədər cənab İlham Əliyev güclü iqtisadiyyat qurub, iqtisadi suverenliyimizi təmin etdi, siyasi müstəqilliyimizi daha da möhkəmləndirdi. Ölkəni çadırlardan azad etdi. Məcburi köçkün çadır şəhərciklərini ləğv edərək vətəndaşın layiqli rifahı, rəngli inqilablar simgəsi olan narıncı çadırlara meydan verməyərək müstəqilliyimizin davamlılığını təmin etdi, düşüncələri “paladka” təfəkküründən xilas edib, 200 ildir məğlub kimi yaşayan xalqa qalib kimi düşünməyi öyrətdi. Bu Zəfərə qədər cənab İlham Əliyev həm tariximizin, həm də regionun ən güclü ordusunu və ən nəhəng müdafiə sənayesini qurdu, çoxəsrlik dövlətçilik ənənəsinin əhəmiyyətini dərk edən vətənpərvər gənclik yetişdirdi. Cənab İlham Əliyev bütün dünya ilə, xüsusən yanlış gözləntilərdə olan bəzi qlobal dairələrlə ideoloji savaşa girib, bu savaşdan da zəfərlə çıxaraq sübut etdi ki, Heydər Əliyev kursunun davam etdiyi bir şəraitdə Azərbaycan xalqı torpaqlarının zəbt olunması ilə barışa bilməz və bu siyasi xətt illərlə davam etmiş işğalın Azərbaycan gəncliyinə Qarabağ və Şərqi Zəngəzuru unutdurmasına imkan verməz. Məhz bu qətiyyətli mövqeni rəhbər tutmaqla, 200 ildir zəbt edilmiş təfəkkürləri, 30 ildir işğalda qalan Qarabağ və Şərqi Zəngəzuru azad etməklə, ərazi bütövlüyü və suverenliyimizi tam bərpa etməklə cənab İlham Əliyev müzəffər Ali Baş Komandan kimi Azərbaycan tarixinin heç bir dövründə heç bir liderə müyəssər olmayan bir zirvəyə ucaldı. Zəfərdən cəmi 8 gün sonra özünün ən sadiq silahdaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə işğaldan azad olunmuş bölgələrə səfər edən cənab İlham Əliyev tariximizin ən irihəcmli quruculuq-bərpa prosesinə start verdi. Möhtərəm Prezidentin özünün də ifadə etdiyi kimi, bütün bu işlər Azərbaycanın öz gücü, öz imkanları hesabına, reallıqları obyektiv qiymətləndirdikdə isə, əminliklə deyə bilərik ki, cənab İlham Əliyevin özünün qətiyyəti hesabına.
Məhz möhtərəm Prezidentin enerji siyasətini Heydər Əliyevin neft strategiyası üzərində inşa edərək yeni mərhələyə ucaltmasının məntiqi nəticəsi olaraq Azərbaycan nefti bəzi ölkələrdə olduğu kimi lənət yox, inkişaf etmək və dünyada təsirli güc kimi tanınmağımız üçün, sözün əsl mənasında, milli sərvətə çevrildi. Eyni zamanda strateji əhəmiyyətinə görə tarix boyu maraqların toqquşma nöqtəsi olan və faydasından çox zərərini gördüyümüz coğrafiyanı ilk dəfə məhz cənab İlham Əliyev milli kapitala çevirdi və elə geosiyasi konfiqurasiya formalaşdırdı ki, nə qədər ki, Heydər Əliyev siyasi kursunun davamlılığı təmin ediləcək, coğrafiyamız bizim üçün dividend gətirməkdə davam edəcək.
Ümumiyyətlə, etiraf etməliyik ki, müasir Azərbaycan reallığında Azərbaycan nə ərazi ölçüsü, nə əhali sayına görə xüsusi göstəricilərə malik deyil, əksinə kiçik ölkə sayılır. Lakin məhz cənab İlham Əliyevin vizyonu sayəsində danılmaz faktdır ki, Azərbaycan müasir geosiyasi situasiyada nəinki bölgəmiz, bütövlükdə qlobal mənada hərbi-siyasi güc mərkəzlərindən birinə çevrilib. Təbii ki, qlobal ziddiyyətlərin gücləndiyi bir şəraitdə rəqabətqabiliyyətli güclü dövlətə çevrilmək sadə məsələ deyil. Xüsusən siyasi və iqtisadi transformasiyaların sürətlə davam etdiyi bir şəraitdə. Məlumdur ki, hazırda Azərbaycan Respublikası özünün ənənəvi enerji öhdəliklərinə sadiq qalmaqla, neft hasilatından tədricən qaz istehsalına strateji keçidi təmin etmək üzrədir və bu, müasir mərhələdə Azərbaycanın enerji siyasətinin şaxələndirilməsində çox vacib addım hesab olunmalıdır. Məhz möhtərəm Prezidentin zamanında uzaqgörənliklə reallaşdırdığı infrastrukturlar, həmçinin Onun iradəsi ilə reallaşan layihələr bu gün faktiki olaraq Azərbaycanı Avropa üçün alternativsiz və çox cazibədar enerji təchizatçısına çevirib. Xüsusən Rusiya-Ukrayna münaqişəsi fonunda, qütblərarası ziddiyyətlərin dərinləşdiyi bir zamanda Azərbaycan Prezidentinin zamanında nə qədər uğurlu gedişlər etdiyini və çoxlarının süni əngəllər yaratmasına baxmayaraq nə qədər strateji düşüncə sahibi olduğunu bir daha ortaya çıxarır. Bu gün faktiki olaraq Azərbaycan Avropanın, xüsusən Avropa İttifaqına üzv olan bir sıra dövlətlərin enerji təhlükəsizliyində tədricən həlledici rol almaqdadır, o cümlədən Azərbaycanın Balkanlarda və Şərqi Avropada artan rolu bu baxımdan Avropa İttifaqının ayrı-ayrı strukturlarının Azərbaycana qeyri-adekvat və ədalətsiz yanaşmaları fonunda Bakının ciddi qələbəsi hesab olunmalıdır. Yalnız elə bu fakt bizə deməyə əsas verir ki, əhali sayı və ərazi ölçüsü baxımdan böyük potensialımızın olmamasını məhz cənab İlham Əliyevin vizyonu tam şəkildə nəinki kompensasiya edir, üstəlik ərazi və əhali göstəriciləri bizdən qat-qat artıq olan dövlətlər qlobal nüfuz baxımından Azərbaycandan çox geri qalır.
Əlbəttə, Azərbaycanın uğurları, artan iqtisadi imkanları və bundan dolayı güclənən suverenliyi, müstəqil siyasət yürütməsi regionla bağlı qeyri-adekvat maraqları olan neoimperialist güclər tərəfindən müsbət qarşılana bilməzdi. Xüsusən Vətən müharibəsində Azərbaycanın Zəfəri, habelə antiterror tədbirlərində cənab İlham Əliyevin müstəsna qələbəsi, konstitusiya quruluşumuzun beynəlxalq hüquqla tanınan bütün ərazilərimiz boyu bərqərar olunması regionda qeyri-dost niyyətləri olan gücləri ölkəmizə qarşı səfərbər etdi.
Lakin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü və Qoşulmama Hərəkatının sədri qismində cənab İlham Əliyevin uğurlu fəaliyyəti, onun bəşəri miqyasda lider kimi mövqelərinin möhkəmlənməsi, Azərbaycanın qələbələrinin sağlam təməllər üzrə inşasını təmin etməsi, pandemiya ilə mübarizədə qlobal səylərə məhz cənab İlham Əliyevin liderlik etməsi, eyni zamanda postpandemiya yol xəritəsinin cızılmasında Onun həlledici liderlik missiyasını üzərinə götürməsi, digər tərəfdən Türk dünyasının birliyi istiqamətində aparıcı aktor olması cənab İlham Əliyevin bu qlobal ədalətsizlik qarşısında mövqeyini kifayət qədər möhkəmləndirdi.
Nəticədə, lokal xarakterli antiterror tədbirlərinin ardınca Azərbaycana qarşı səf tutmuş güclər Azərbaycanın beynəlxalq hüququn normalarında əksini tapan prinsiplərlə uyğun, suveren haqlarını bərpa etməsi faktını qəbullanaraq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının ölkəmizdə keçirilməsinə dəstək verdilər. Eyni zamanda Demokratların fiaskosu və Fransanın geri çəkilməsi fonunda cənab İlham Əliyev ölkəmizə münasibətdə əks cəbhədə dayananlara qarşı təşəbbüsləri ələ aldı. ABŞ-nin Prezidenti cənab Donald Trampın dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vaşinqtona səfəri, məzmun və əhəmiyyət baxımından isə qlobal miqyaslı tarixi hadisə olmaqla bərabər, qlobal ədalətsizliklərin ehtiva olunduğu riyakarlıqla mübarizədə ölkəmizin həlledici qələbəsinə çevrildi. Məlumdur ki, Bayden administrasiyası dövründə, cənab İlham Əliyevin təbiri ilə desək, münasibətlərimiz Azərbaycandan asılı olmayan səbəblərdən, daha dəqiq desək, Bayden komandasının Azərbaycanla münasibətlərə Azərbaycan-Ermənistan, yaxud ABŞ-Ermənistan pəncərəsindən baxması nəticəsində faktiki olaraq sıfırlanmışdı. Eyni zamanda ötən dövr ərzində biz ABŞ Dövlət Departamentinin ayrı-ayrı rəsmiləri, habelə bu quruma bağlı ayrı-ayrı "vətəndaş cəmiyyəti institutları" tərəfindən müxtəlif bəyanat və hesabatlarda hücumlara məruz qalmış, ikili standartlara əsaslanan və beynəlxalq hüquqa zidd, ədalətsiz davranışlarla üzləşirdik və özünü beynəlxalq ictimaiyyət adlandıran dairələr də bu reallıqdan bizə qarşı güc alırdılar. Donald Trampın ABŞ-də ikinci dəfə hakimiyyətə gəlməsi ilə Bayden administrasiyasının ilk növbədə ABŞ-nin Cənubi Qafqazdakı maraqlarına zərbə vuran sərt gedişlərinə dur deyildi və bu yarıtmaz siyasətin nəticələrinin aradan qaldırılması istiqamətində real addımlar atılmağa başladı. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hələ ötən il Şuşa Media Forumunda açıq şəkildə bəyan etmişdi ki, ABŞ-nin həyata keçirdiyi mövcud yanlış siyasət yalnız və yalnız cənab Trampın hakimiyyətə gəlməsi ilə dəyişə və Azərbaycanla çoxsaylı dəyərləri bölüşən Donald Trampın müdaxiləsi ilə vəziyyət düzələ bilər. Xankəndidə, Şuşa Media Forumunda cənab İlham Əliyevin təkrar həmin mövqeyi ifadə etməsi, ABŞ-nin Prezidenti cənab Donald Trampın özünün sosial media hesabında Azərbaycan Prezidentinin nitqinə dəfələrlə yer ayırması, o cümlədən dövlət başçımızın Vaşinqtona dəvət edilərək yüksək səviyyədə qarşılanması məhz cənab İlham Əliyevin proqnozlarında nə qədər haqlı olduğunu ortaya qoydu və ABŞ-Azərbaycan münasibətlərinin yeni inkişaf mərhələsinin başladığını göstərdi.
Vaşinqtonda baş tutan müzakirələr, imzalanan sənədlər göstərdi ki, cənab İlham Əliyev müharibənin qalibi olmaqla yanaşı, həm də sülh gündəliyinin təşəbbüskarı kimi prosesin bütün mərhələsində Azərbaycan dövlətinin və Azərbaycan xalqının maraq və mənafelərini uğurla təmsil edə bildi.
Beləliklə də, cənab İlham Əliyevin hərbi-siyasi qələbələri ilə yaratdığı geosiyasi konfiqurasiyanın zamanı Azərbaycanın lehinə çevirməsi fonunda, nəhayət, üç onillikdən sonra real sülh istiqamətində səmərəli addımlar müşahidə edilməyə başladı.
Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin ABŞ-nin Vaşinqton şəhərində keçirilmiş görüşünün nəticələrinə dair Bəyannamə qeyd edilən tendensiyanın məntiqi sonu və Ermənistanın rəsmən Azərbaycanın bütün şərtlərini qəbul etməsi demək idi. Beləliklə, Vaşinqtondan səslənən və imzalanan həmin bəyanat müharibədə qalib gəlmiş Prezident İlham Əliyevin sülhü də qazandığını ehtiva edən bir reallıq ortaya qoydu. Çünki bu sənəddə Azərbaycanın israrla tələb etdiyi bütün şərtlərin təmin edilməsi ehtiva olunub. İlk növbədə rəsmi Bakının Minsk qrupunun ləğvi ilə bağlı mövqeyinə uyğun olaraq ATƏT-in Minsk Prosesi və onunla əlaqəli strukturların bağlanmasına dair mövqe ifadə olundu və sülh sazişinin paraflanmasının ardınca Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə birgə müraciəti ünvanlandı.
ATƏT-in Minsk qrupunun buraxılması ilk növbədə cənab İlham Əliyevin liderliyində Azərbaycan Respublikasının yaratdığı yeni reallıq fonunda diktəedici qüvvə kimi imkanlarının və qlobal siyasətə təsir gücünün göstəricisidir. Bilirsiniz ki, Azərbaycan Respublikası Vətən müharibəsi və antiterror tədbirləri ilə Azərbaycan və Ermənistan arasında düyün nöqtəsinə birmənalı şəkildə son qoyaraq yeni geosiyasi konfiqurasiya yaratsa da, ayrı-ayrı güclər ATƏT-in Minsk qrupunun formal varlığı hesabına münaqişənin guya davam etməsi və nəticədə bölgəyə yad qüvvələrin gəlməsi, hansısa formada vasitəçilik rolu barədə vəziyyəti, situasiyanı diktə etmək istəyirdilər. Lakin Prezident İlham Əliyevin milli maraqlar zəminində qətiyyətli davranışı və Vaşinqtonda qlobal güclərin, rəsmi Vaşinqton özü başda olmaqla, bu reallığı qəbul etməsi, Azərbaycan və Ermənistan arasında ATƏT-in Minsk qrupunun buraxılmasına dair müvafiq protokolun imzalanması artıq bütövlükdə qlobal miqyasda Azərbaycanın bu şərtinin qəbullanıldığını göstərmiş oldu.
Qeyd olunanlar fonunda əminliklə deyə bilərik ki, cənab İlham Əliyevin Vaşinqtonda, ardınca isə Kopenhagendə qazandığı böyük diplomatik qələbə beynəlxalq diplomatiya tarixində ustad dərsi olmaqla yanaşı, yalnız Cənubi Qafqaz regionu yox, bütövlükdə dünyanın təhlükəsizlik arxitekturasında önəmli rol oynayan bir prosesi başlatmış oldu. Həmçinin bu təmaslarda ifadə olunan açıq birmənalı dəstək möhtərəm Prezidentin Milli Məclisin tribunasından ifadə etdiyi mövqenin ardınca həm də illərlə yad dəyərlərlə bizi çaşdırmaq, gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışdıqları saxta proseslərin yerlə-yeksan edilməsi idi. Heç şübhəsiz ki, cənab İlham Əliyevin Cənubi Qafqazda hərbi, siyasi və diplomatik yolla nail olduğu status-kvo bu gün dünyanın münaqişələrdən və separatizmdən əziyyət çəkən, sülhə və sabitliyə ehtiyac duyulan regionları üçün əmsala çevriləcək. Bir sözlə, cənab İlham Əliyev tarix yazdı, bu tarixə sahib çıxmaq isə artıq ümummilli məsələ kimi qarşıda ümumxalq vəzifəsinə çevrilib.
Artıq mübahisə mövzusu deyil ki, bu gün əgər Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi altında beynəlxalq hüququn aliliyi şəraitində ümumbəşəri dəyərləri rəhbər tutaraq dünya xalqları ilə de-fakto sülh, əmin-amanlıq şəraitində yaşamağa başlayıbsa, bu reallıq yalnız bizim yox, bütövlükdə bölgənin sonrakı taleyində, region dövlətlərinin suverenliyinin, müstəqilliyinin qorunması, bütövlükdə əməkdaşlıq mühitinin dərinləşməsi, etimad quruculuğu prosesində mühüm rol oynaya biləcək bir potensialı ortaya qoymaqdadır.
Görünən odur ki, möhtərəm Prezident şəxsi nüfuzu, qətiyyətli mövqeyi və liderlik qabiliyyəti hesabına postmünaqişə dövrünün həssas və mürəkkəb periodunda onillər ərzində reallaşdıra biləcəyi qədər nailiyyətlər əldə etməyi bacardı və bu periodu yeni dövrə keçidi təmin edəcək mükəmməl siyasi mərhələyə çevirə bildi. Üstəlik cənab İlham Əliyev elə konfiqurasiyaya nail ola bildi ki, hər bir Azərbaycan vətəndaşı özünü bu transformasiyanın bir hissəsi və hərəkətverici qüvvəsi hesab edə biləcək. Bu mənada, dönüb ötən dövrə baxanda, bir şeyə əmin oluruq, miqyası dövlətimizin miqyasından, gördüyü işlər isə real imkanlarımızdan artıq olan cənab İlham Əliyev bu dövlət və bu xalq üçün, sözün əsl mənasında, tarixi şansdır. Aydındır ki, dünyanın maliyyə imkanlarının cəm olduğu İsveçrədə, yaxud iqtisadi maraqların müəyyən edildiyi Britaniyada sülh və sabitliyə nail olmaq qətiyyən qəhrəmanlıq deyil, bu sabitliyi zatən maraqlar diktə edəcək. Qəhrəmanlıq Cənubi Qafqaz kimi qütblərin və maraqların toqquşduğu coğrafiyada sülhə nail olmaqdır. Qüdrət sülhə, ədalətə, haqqa və hətta özünə inamını itirmiş cəmiyyətləri təkrar həyata bağlamaqdır. Bu mənada, yeni reallıqda cənab İlham Əliyev artıq yalnız bizim ölkə yox, bütövlükdə regionda milyonlarla insanın yeganə ümid yeridir”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB