Mərkəzdə yerləşən Slovakiya ilə münasibətlərin önəmi Aİ prizmasından vacibdir - ŞƏRH

"Slovakiya ilə Azərbaycan arasında formalaşdırılan münasibətlər sadəcə iki ölkə münasibətləri baxımından deyil, həm də Avropa İttifaqı ilə siyasi və iqtisadi gündəliyin müəyyən edilməsi baxımından dəyərləndirilməlidir. Bu kontekstdə qeyd olunmalıdır ki, son zamanlarda Avropa İttifaqının Cənubi Qafqaza marağı daha da artıb, məhz belə bir məqamda Azərbaycan Prezidenti cənab İlham Əliyevin Slovakiyaya səfəri tarixi olmaqla yanaşı, həm də strateji addımdır". Bu sözləri SİA-ya açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, hələ üstəlik o amili də vurğulayaq ki, indiki məqamda Avropada geopolitik qeyri-müəyyənlik mövcuddur: "Habelə, Avropada enerji təhlükəsizliyi baxımından yenidən həyəcan təbili çalınır. Təhlükəsizliyin bu aspektində cüzi kövrəkliyin olması belə qoca qitəni dərindən narahat edir. Bu baxımdan enerji təhlükəsizliyini təmin etmək üçün yeni yanaşma ortaya qoyulur. Bu yeni yanaşma Cənubi Qafqaz olmaqla bir neçə regionu əhatə edir. Digər yandan Avropanın Global Gateway layihəsi yenidən aktuallıq qazanıb. Global Gateway dediyimiz zaman təhlükəsizlik, enerji, nəqliyyat və "yaşıl transformasiya" məsələləri əsas diqqət mərkəzindədir. Bu baxımdan Avropa şərq-qərb və cənub-şimal arasında qarşılıqlı əlaqələrin gücləndirilməsinə, təchizat zəncirlərinin bərpasına, Rusiya enerji mənbələrindən asılılığın azaldılmasına, öz resurslarının, infrastrukturunun inkişaf etdirilməsinə diqqətlə yanaşır. Azərbaycan bütün bu amillər baxımından önəmli aktordur. "Cənub Qaz dəhlizi"nin genişləndirilməsi Aİ üçün vacibdir. Həmçinin, İttifaq Cənub Şərqdən Mərkəzi Avropaya qaz gətirmək üçün Şaquli dəhlizi dəstəkləyir. Sözügedən dəhlizə Yunanıstan-Bolqarıstan-Rumıniya-Macarıstan-Slovakiya-Moldova-Ukrayna daxildir. Mərkəzdə yerləşən Slovakiya ilə münasibətlərin önəmi Aİ prizmasından bir daha aydın olur. Elə bir xətt formalaşdırılır ki, bu xətt Gürcüstan və Rumıniyanı birləşdirsin və Cənubi Qafqazdan Avropaya bərpaolunan enerji ixracı üçün dəhliz yaratsın. Qara dəniz regionunda da artan maraq, Azərbaycandan Qara dənizin dibi ilə Rumıniyaya çəkiləcək yaşıl enerji kabeli üzərində işlərin getməsi, Rumıniya ilə Gürcüstan arasında sualtı yüksəkgərginlikli birləşdirici - Qara Dəniz Sualtı Kabeli (BSSC) layihəsini hazırlanması idxaldan asılılığı azaltmaq, enerji təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Azərbaycanın da öz məqsədi var. Milli maraqlardan dönməmək, müstəqil siyasət yürütmək və itaətkar müttəfiq olmamaq. Buna görə də Slovakiyaya səfəri çərçivəsində dövlət başçımız bildirdi ki, xarici siyasət prioritetlərimizi çoxdan müəyyənləşdirmişik.

Boru kəmərləri ilə ixrac edilən qaz təchizatçı ölkəsi olaraq liderik. Azərbaycanın ümumi qaz ixracı 25 milyard kubmetr səviyyəsindədir, bunun da yarısı Avropa ölkələrinə nəql edilir. Bu gün Avropa İttifaqına üzv 8 ölkə Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini təmin edir. Avropa qitəsinin 8 ölkəsinə qaz satırıq. Ümumilikdə qazımız 14 ölkəyə ixrac edilir. Keçən ildən başlayaraq Azərbaycan qazı Slovakiyaya ixrac edilir. Boru kəmərləri üzrə qaz satışında lider ölkəyik. Eyni zamanda enerji resursları heç bir halda siyasi təzyiq vasitəsi kimi istifadə olunmur. Bu məsələnin özü, məhz bu amilin özü Azərbaycanı etibarlı tərəfdaş edir. Eyni zamanda Azərbaycan Cənubi Qafqazın önəmli aktoru, ən böyük iqtisadiyyata malik ölkəsidir.

Buna görə də Slovakiya Prezidenti bildirdi ki, Azərbaycanı Cənubi Qafqazda mühüm aktor kimi qəbul edirlər və Azərbaycan iqtisadiyyatının regionun ən böyük iqtisadiyyatı olduğunu etiraf edirlər. Slovakiya Azərbaycanın enerji resurslarından yararlanmaqda, qarşılığında isə müdafiə sənayesi əməkdaşlığını təklif etməkdə maraqlıdır. Bu baxımdan, cənab prezident İlham Əliyevin məsələyə verdiyi reaksiya daha önəmli amildir. Dövlət başçımız bildirdi ki, müdafiə sənayesi üzrə əməkdaşlıq sülh gündəliyi üzərindən dəyərləndirilməlidir. Bizim müharibə fikrimiz yoxdur, müharibə keçmişdə qaldı, sülh öndədir, biz arxaya doğru deyil, gələcəyə, sülhə və əməkdaşlığa fokus olmuşuq. Eyni zamanda, Slovakiya Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək verən ölkədir. Bu istiqamətdə, düşünürəm ki, Avropa İttifaqının digəri ölkələri də Slovakiyanın bu yanaşmasını izləməlidirlər. Cənubi Qafqazda inkarolunmaz reallıq yaranıb, cəlbedici iqtisadi layihələr icra edilir. Bu reallığın əsası Ümummili Lider Heydər Əliyev tərəfindən qoyulub. Məhz Ulu öndərimizin uzaqgörən siyasəti ilə Azərbaycanın enerji resursları düzgün dəyərləndirilərək, dəqiq hesablamalar edilərək öz milli maraqlarımızın təmin edilməsi yolunda xidmət etməyə başladı. Bu istiqamətdə qeyd olunmalıdır ki, həmin bu dəst-xətt cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Məhz enerji siyasətinin uğurla icra olunmasının nəticəsidir ki, Azərbaycan Avropanın, heç bir aktorun qarşısında sınmır, əyilmir və heç bir halda müstəqil siyasətindən dönmür. Azərbaycanla təziq, təhdid dilində danışmaq yolverilməzdir. Bu həm də o baxımdan önəmli amildir ki, Azərbaycan reallıqları konstruktiv dəyərləndirməyə, layihələrdən hər kəsi pay götürməyə kökləyir, hər bir kəsi, hər bir tərəfi iştiraka dəvət edir.

Burada önəmli məsələ odur ki, proseslərə birinci növbədə öz maraqlarını təmin etmək baxımından baxılmasın və ümumi işə xələl gətirilməsin. Bütövlükdə deyə bilərik ki, son zamanlarda Azərbaycan xarici siyasəti aktiv faza üzrə inkişaf edir və uğurlarımızın təməlində Ümummili Lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasət dayanır".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə