"Son illərdə Azərbaycan Ordusunun keçdiyi inkişaf yolu həm texnoloji yenilənmə, həm struktur islahatları, həm də müasir döyüş təlimləri baxımından keyfiyyətcə tamamilə yeni mərhələyə qədəm qoyduğunu göstərir. Xüsusilə aviasiyanın güclənməsi, “Ice Breaker” kimi super səs sürətli raketlərin və yeni nəsil artilleriya sistemlərinin arsenalımıza daxil edilməsi Azərbaycanın müdafiə qabiliyyətini xeyli artırıb. Bu, həm strateji çəkindirici vasitə kimi çıxış edir, həm də ölkəmizin regionda sabitlik və təhlükəsizliyin qorunmasında aparıcı rolunu möhkəmləndirir". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.
Onun sözlərinə görə, aviasiyanın modernləşdirilməsi sayəsində Azərbaycan bu gün regionda hava üstünlüyünə malik azsaylı ölkələrdən biridir. Müasir pilotsuz uçuş aparatları, zərbə PUA-lar və döyüş helikopterləri ilə təchiz olunan Hərbi Hava Qüvvələri düşmənin istənilən təxribat planının qarşısını almağa qadirdir. Həmçinin “Ice Breaker” kimi yüksək dəqiqlikli, uzun mənzilli raket sistemləri Azərbaycan ordusunun strateji imkanlarını qat-qat artırır və ölkəmizin müdafiə konsepsiyasına əlavə güc qazandırır: "Xüsusi təyinatlı qüvvələr (XTQ) də bu inkişafın mühüm tərkib hissəsidir. 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayanda Azərbaycan Ordusunun tərkibində təxminən 2000 XTQ xidmət edirdi. Bu gün isə həmin rəqəm iki dəfədən çox artaraq 4000 nəfəri ötüb. Onlar yüksək dağ, gecə və şəhər döyüşləri üzrə müasir beynəlxalq standartlara uyğun hazırlıq keçiblər. 8 Noyabr - Zəfər Paradı zamanı nümayiş olunan XTQ bölmələrinin intizamı, taktiki çevikliyi və texniki təchizatı ölkəmizin hərbi qüdrətinin real göstəricisi oldu.
Zəfər Paradı təkcə hərbi güc nümayişi deyildi. Bu tədbir həm də Azərbaycanın 44 günlük müharibədən sonra əldə etdiyi texnoloji və taktiki üstünlüyü dünyaya göstərdi. Paradda müasir pilotsuz uçuş aparatları, “Bayraktar TB2”, “Harop”, “İti Qovan”, “Qarababa” tipli sistemlər, zirehli texnikalar, “T-90S”, “BMP-3”, “SandCat”, “Matador” və “Marauder” kimi döyüş maşınları, eləcə də ən yeni artilleriya qurğuları və hava hücumundan müdafiə vasitələri nümayiş etdirildi. Bu texnikalar müasir ordunun çevik, zərbə qabiliyyətli və operativ reaksiya potensialına malik olduğunu bir daha təsdiqlədi.
Bu gün Azərbaycan Ordusu yalnız öz ərazi bütövlüyünü qoruyan qüvvə deyil, eyni zamanda regionda sülh və sabitliyin əsas təminatçısıdır. Dövlətin prinsipial mövqeyi dəyişməzdir: ölkəmizin ərazisinə və suverenliyinə qarşı hər hansı təxribat və ya işğal cəhdi dərhal və sərt şəkildə cavablandırılacaq. Ordumuzun artan gücü həm düşmənə açıq mesaj, həm də sülhə verilən dəyərin göstəricisidir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu prosesi sistemli şəkildə davam etdirilir. Hərbi texnika parkının yenilənməsi, döyüş hazırlığının artırılması və hərbçilərin sosial təminatının gücləndirilməsi istiqamətində atılan addımlar bir məqsədə (Azərbaycanın gələcəkdə də bölgədə sarsılmaz sülhün və təhlükəsizliyin qarantı kimi qalmasına) xidmət edir.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB