"Azərbaycan Prezidenti cənab İlham Əliyevin Düşənbə səfəri, əlbəttə ki, bir çox məqamlarla əhəmiyyətlidir. İlk növbədə, səfər çərçivəsində Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə görüşdü və bu görüş zamanı uzun müddətdir Rusiya–Azərbaycan münasibətlərində mövcud olan gərginlik müəyyən qədər aradan qalxdı". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.
O bildirib ki, Rusiya Prezidenti Vladimir Putin nəhayət ki, Azərbaycan mülki təyyarəsinin vurulması ilə bağlı məsələyə aydınlıq gətirdi: "O, təyyarənin faciəli şəkildə qəzaya uğraması və Rusiya Hərbi Hava Qüvvələri tərəfindən vurulmasını etiraf etdi, hadisə ilə bağlı üzr istədi, günahkarların cəzalandırılacağını və zərərçəkənlərə təzminat ödənəcəyini bildirdi.
Bununla yanaşı, Rusiya və Azərbaycan arasında iqtisadi əlaqələr, qarşılıqlı idxal-ixrac əməliyyatları da danışıqların əsas mövzularından biri oldu. Azərbaycanın qətiyyətli mövqeyi fonunda Rusiyanın daha barışdırıcı və əməkdaşlığa meyilli bir mövqe sərgilədiyi müşahidə edildi. Vladimir Putin verdiyi bəyanatlarla sanki dövlət səviyyəsində Azərbaycan Prezidentinə bir növ hesabat təqdim etdi.
Münasibətlərin gələcək inkişafı baxımından bu görüş böyük əhəmiyyət daşıyırdı. Eyni zamanda, Prezident İlham Əliyevin Düşənbədə Tacikistan Prezidenti Emoməli Rəhmonla təkbətək görüşü, aparılan danışıqlar və MDB Sammiti çərçivəsində keçirilən rəsmi görüşlər də xüsusi önəm kəsb etdi. MDB ölkələri, o cümlədən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin rəhbərləri ilə keçirilən bu görüşlər həm siyasi, həm də iqtisadi xarakter daşıyırdı.
Bütün bu görüşlər bir daha göstərdi ki, Azərbaycan dünyada sülhün, təhlükəsizliyin, iqtisadi şaxələndirmənin və nəqliyyat-kommunikasiya xətlərinin genişləndirilməsinin tərəfdarıdır. Prezident İlham Əliyevin Düşənbə səfəri Azərbaycanın qlobal miqyasda artan nüfuzunu və regional liderliyini bir daha təsdiqləmiş oldu".
Bütün xəbərlər Facebook səhifəmizdə